“Əsassız tənqiddənsə, birgə müzakirələr yaxşıdır”

Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluğu Siyasəti üzrə nümayəndəsi Stephan Fule bildirib ki, Azərbaycanda öz baxışlarına görə, həbs olunan adamlar var və bu, yalnız Avropa Şurasını yox, Avropa Birliyini də narahat edən məsələdir:

"Əməkdaşlığımızın inkişaf etdirilməsinin əsas yolu, əlbəttə böyük mənada Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin və bu öhdəlikləri təmin edəcək qanunların qəbul edilməsindən, Azərbaycan hakimiyyətinin müxalifətlə davranışından, ifadə azadlığına, fərqli baxışlara olan münasibətindən asılıdır".

Deputat Fuad Muradov bununla bağlı AzNews.az-a bildirib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı monitorinqin müzakirəsini buna cavab hesab etmək olar:

"İnsan haqları elə bir məsələdir ki, hər bir ölkə hər zaman onu mükəmməlləşdirmək istəyir. Azərbaycan da eynilə hər hansı tərəqqi istiqamətində ortada olan proqramları tətbiq edir. Biz bu məsələdə əməkdaşlığa hazır olduğumuzu da bildiririk. Heç bir əsası olmayan tənqidlərin əvəzinə birgə mexanizmlər, birgə müzakirələr aparılsa, qanunvericiliyin təkmilləşdirilməsi məsələsində əməkdaşlıq edilsə daha yaxşı olar. Amma təəssüflər olsun ki, bu sahələrdə heç bir təşəbbüs yoxdur. Sadəcə bəyanatlar vermək, mövzunu gündəmdə saxlamaq məqsədi var".

F.Muradov deyib ki, "üçüncü qüvvə" bu məsələni Azərbaycanda gündəmdə saxlamağa cəhd edir:

"Çox vaxt bu, bizi istəməyən qonşularımız tərəfindən həyata keçirilir. Bütün bunlara baxmayaraq, biz işimizi görürük və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Çünki Azərbaycanın ərazi bütövlüyü məsələsi var və biz də bunu daim həmkarlarımızın diqqətinə çatdırırıq. Amma hər hansı bir qurum Azərbaycanla bağlı müzakirələrin nəticəsi ortada olduğu halda bu məsələnin gündəmə gətirilməsi hansısa məqsəddən xəbər verir".

Gültəkin
AzNews.az