YAP-çı deputat Rusiyanın Ermənistanı silahlandırmasında başqa niyyət olduğunu deyir

Mübariz Qurbanlı: “Ona görə də biz bu cür məsələlərdə səbirli mövqe nümayiş etdiririk”


Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan və Rusiya gələn ay yaxın perspektivdə ən azı beş ili əhatə edəcək praktiki əməkdaşlıq proqramını müəyyənləşdirməlidir. Erməni həmkarı ilə hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdiklərini vurğulayan nazir tez-tez belə görüşlər keçirəcəklərini bildirib:
"Biz təkcə fikir mübadiləsi aparmır, həm də qərarlar qəbul edirik. Son görüşümüzdə müzakirə etdiyimiz məsələlər artıq bu ay həllini tapdı".
S.Şoyqu İrəvanda regionda təhlükəsizliyin təmin olunmasına yönəlmiş əlavə elementlərin formalaşdırılmasına dair sənədlər imzalanacağını da bildirib.

Artıq uzun illərdən bəri Rusiyanın birtərəfli qaydada Ermənistanı silahlandırdığını, müdafiə etdiyini vurğulayan YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı AzNews.az-a bildirib ki, vaxtaşırı olaraq bu ölkənin siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslərin İrəvana səfərləri də intensiv xarakterli olub. O qeyd edib ki, bu səfərlər çərçivəsində Ermənistanı müdafiə edən bəyanatlar səsləndirilməklə, həm də bu ölkənin forpostları olduğunu da açıqdan-açığa bəyan etmişdilər. Onun sözlərinə görə, bütün bunlar Ermənistanın yarımmüstəqil, vassal ölkə olduğunu təsdiqləyən faktorlardır:

"Onun sərhədləri də Rusiya əsgərləri tərəfindən mühafizə olunur və erməni vətəndaşı ölkədən digər bir ölkəyə getdikdə onların sənədlərini Rusiyanın sərhəd qoşunlarının nümayəndələri yoxlayır. Bu bir daha Ermənistanın asılı bir ölkə olduğunu göstərir. Bu gün biz yenə də Rusiya tərəfindən Ermənistan ərazisindən forpost kimi istifadə edildiyini müşahidə etməkdəyik . Rusiya müdafiə nazirinin Ermənistana səfəri, aparılan danışıqlar və müdafiə xarakterli verilən bəyanatlar şübhəsiz Rusiyanın bölgədə siyasətinin tərkib hissəsi olmaqla bərabər həm də bütövlükdə Ön Asiya və Yaxın Şərq bölgəsində gedən proseslə də bağlıdır. Yəni Kreml Ermənistanda hərbi gücü artırmaqla bunu yalnız Azərbaycana qarşı deyil, bütövlükdə Yaxın Şərqdəki hadisələrə daha tez reaksiya verməsi kimi də nümayiş etdirmək istəyir. Ona görə də biz bu cür məsələlərdə səbirli mövqe nümayiş etdiririk".

Rəsmi Bakının həmsədr ölkəyə bununla bağlı etirazına gəlincə, deputat deyib ki, müstəqil dövlət olan və müstəqil siyasət yürüdən Azərbaycanın dövlət rəsmləri Ermənistanın birtərəfli silahlandırılmasına dəfələrlə etiraz ediblər:

"Azərbaycan parlamenti, siyasi partiyalar, o cümlədən də hakim YAP dəfələrlə zamanında öz etirazlarını bildiriblər. Biz həmişə Rusiyanın birtərəfli silahlandırma siyasətinin nəticə etibarilə Cənubi Qafqazda vəziyyəti daha da kəskinləşdirdiyini bəyan etmişik. Həmçinin də Dağlıq Qarabağ məsələsi və problemin həlli istiqamətində aparılan danışıqları düyünə salması barədə mövqelərimiz Rusiya tərəfinə çatdırılıb. Azərbaycan özünü müdafiə etmək iqtidarındadır və Rusiyanın birtərəfli qaydada himayəsi, silahlandırması bizim Dağlıq Qarabağ məsələsində tutduğumuz mövqeyi heç zaman dəyişdirə bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməyi tam qarşımıza məqsəd qoymuşuq və bu mövqedən də bir addım da geri çəkilməyəcəyik".

Gültəkin
AzNews.az