Gülər Əhmədova yeni sayt açır – əks hücum- EKSKLÜZİV

Sabiq millət vəkili son və həlledici «döyüşə»ə hazırlaşır


Aznews.az-a daxil olan məlumata görə, sabiq millət vəkili Gülər Əhmədova yeni mətbu proyektə imza atmağa hazırlaşır. Mənbəmizin sözlərinə görə, Gülər Ghmədova yeni bir xəbər portalı təsis edib və həmin sayta isə köməkçisi Əhməd Şahidov rəhbərlik edəcək.

Artıq yeni saytın hazırlanması ilə bağlı texniki işlər tamamlanıb və saytda çalışacaq yaradıcı kollektiv də müəyyənləşib. Maraqlıdır ki, Gülər Əhmədova sözügedən saytın kollektivini şəxsən özü müəyyənləşdirib və artıq fəaliyyətinə xitam verilmiş "Mərkəz" qəzetinin köhnə əməkdaşlarından heç kim burada işləmək üçün təklif almayıb. Saytın baş redaktorunun kimliyi ilə məlumata sahib olsaq da hələlik bu şəxsin adını açıqlamaq istəmirik. Qeyd edə ki, həmin adam gənc jurnalistdir və saytın domeni də onun adınadır.

Diqqət çəkən daha bir nüans isə saytın məhz indiki dövrdə fəaliyyətə hazırlanmasıdır. Bu isə sabiq millət vəkilinin mövcud siyasi durumu ilə birbaşa bağlıdır. Məlumdur ki, Gülər Əhmədovaya qarşı cinayət işi açılıb, o polis nəzarətindədir və həbs olunmaq ehtimalı hətta özü tərəfindən də yüksək qiymətləndirilir. G. Əhmədova isə müxtəlif zamanlarda verdiyi açıqlamalarda ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və yaxın zamanlarda bir çox qaranlıq məqamların üzərinə işıq düşəcəyinə eyhamlar vurub. İndi onun yeni sayt yaratması haqda xəbərlərin intensivləşməsi isə Gülər Əhmədovanın əks-hücuma keçmək niyyətindən xəbər verir.

Mənbəmizin sözlərinə görə, yaxın zamanlarda fəaliyyətə başlayacaq saytda cəmiyyəti şoka salacaq və ölkə gündəmini dəyişdirəcək gücdə olan yeni videomateriallar yer alacaq. Gülər Əhmədova görünür, bu yolla onu gözləyən təhlükələrə qarşı şərti refleks nümayiş etdirərək düşmənlərinə heç də asan təslim olmayacağını bəyan etmək niyyətindədir.

Orxan
AzNews.az