BTQ layihəsinin işə düşməsi turizmin inkişafına təkan verəcək. BTQ layihəsinin işə düşməsi turizmin inkişafına təkan verəcək.

“Bakıdan Qarsa uzanan dəmiryolu Azərbaycana turist axınını artıracaq”

BTQ layihəsinin işə düşməsi turizmin inkişafına təkan verəcək.

Qlobal layihə olan Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycanın turizm potensialını daha da gücləndirəcək. Nəzərə alsaq ki, dəmiryolu xətti turizm imkanları böyük olan Gürcüstan və Türkiyə ərazilərindən keçir, deməli, bu marşrut Azərbaycanda da bu sahənin inkişafına xidmət edəcək.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun AzNews.az-a verdiyi məlumata görə, layihə ilk növbədə Azərbaycanda çoxdan unudulan qatar turizminin inkişafına yol açır. Turizmin bu sahəsinin inkişafı ölkəmizdə kütləvi turizmin inkişafına təkan verəcək:

"Bu turizm növü Avropa ilə Asiyanı yaxın gələcəkdə daha da yaxınlaşdıracaq. Çünki turistlər Azərbaycandan nəinki Gürcüstana, Türkiyəyə, o cümlədən, yaxın olan Bolqarıstan, Rumıniya, Yunanıstan və digər ölkələrə də səyahət edə biləcəklər. Layihə Avropa ilə Asiyanı birləşdirdiyi üçün turistlər Türkmənistana, Qazaxıstana, Özbəkistana da səfər imkanı qazanacaqlar. Eyni zamanda Orta Asiya ölkələrinin turistləri ipək yolu marşrutu ilə Azərbaycana, sonra isə Türkiyə və Avropaya gedə biləcəklər. Bu isə Azərbaycana turist axınını birə-on artıracaqdır. Çünki bu dəmiryolu, ölkələri daha da yaxınlaşdırır".

Mütəxəssisin fikrincə, turizmin bu qolunun inkişafı vaxt və maliyyə baxımından da səyahət edənlər üçün münasib olacaq. Əgər bir obyektə yük 40-45 günə gedirdisə, bəzi yerlərdə bu müddət 10-12 günə qədər azalacaq. "Gələcəkdə sürət qatarı olacaqsa, bu məsafə daha da yaxınlaşacaq. Həm də qiymətlərdə ucuzlaşma gedəcək. Yəni qatar turizminin inkişafı qiymət turizminə də öz təsirini göstərəcək.Biletlər təyyarə biletlərindən ucuz olacaq, kütləviliyi artacaq. Azərbaycanın imici möhkəmlənəcək. Çünki minlərlə əcnəbi qonağın Azərbaycanla yaxından tanışlığı mümkün olacaq."

Müzəffər Ağakərimov bəyan edir ki, turizm şirkətləri marşrut proqramları ilə bağlı vaxt itürmədən işə başlamalıdırlar. Turistlərin harada, neçə gün qalacağından asılı olaraq, çox planlı marşrut və proqramlar üzrə indidən artıq işlənilməlidir. Təbii ki, təbliğat məsələsi də xüsusi önəm daşıyır:

"Təbliğata xüsusi yer verilməlidir. Azərbaycanı təmsil edən diasporalar fəal olmalıdırlar. Azərbaycan mədəniyyəti, təbiəti haqqında Orta Asiya ölkələrinin paytaxt və digər iri şəhərlərində təbliğat aparılmalıdır ki, onlar Azərbaycana gəlməyə maraq göstərsinlər. Ölkəyə nə qədər çox turist gələrsə, bu, ilk növbədə yeni iş yerləri deməkdir. Bu da ölkənin rifahına müsbət təsir göstərən amildir".

Lalə Nurəddinqızı
AzNews.az