Elmira Axundova Masallıda baş verənlərdən danışdı

"Rayonda hesabatda iştirak edəcəyəm. Məsələni aydınlaşdıracam. Bilirsiz, narazılıqlar həmişə olur. Hər bir icra başçısı gələndə müxtəlif abadlıq işləri həyata keçirir, biznes strukturları ilə əlaqələr qurur. Belə məsələlərdə narazılıqlar araşdırılıb, aradan qaldırılmalıdır".

Bunu AzNews.az-a 71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira Axundova Masallıda baş verən narazılıqlardan danışarkən deyib. Millət vəkili ona rayonda baş verənlərlə bağlı heç bir şikayət məktubunun daxil olmadığını bildirib: "Rayonda baş verənlərlə bağlı mənə heç bir şikayət daxil olmayıb. Ona görə də heç nə deyə bilmərəm. Niyə görə onu mətbuatda səsləndirirlər? Nəyə görə mənə, Nəriman müəllimə şikayətlər gəlmir? Mənə bu maraqlıdır. Deməli, bu, piardır. Ona görə də mətbuatda səslənən şikayətləri qəbul etmirəm".

Qeyd edək ki, mətbuatda son günlər Masallı rayonunun icra başçısı Rafil Hüseynov barədə şikayət məktubları dərc edilir. Şikayətlər daha çox ziyalılar, sahibkarlar tərəfindən edilir.

İlkin
AzNews.az