Tramp İƏT-ə “beyət” edəcəkmi?

İslam dünyasının Qüdslə bağlı qətnaməsinin ardından ABŞ prezidentinin mövqeyinə yenidən baxacağı ehtimallarını artırıb.

ABŞ prezidenti Donald Trampın Şərqi Qüdsü İsrailin paytaxtı elan etməsi ilə dünyanın siyasi mənzərəsinin bir qədər də mürəkkəbləşdiyi bir vaxtda, İslam Əməkdaşlıq Təşkilatının İstanbul konfransının proseslərə necə təsir edəcəyi diqqətlə izlənilir. Əslində üzv ölkələrin konfransda iştirakı və yaxud necə təmsil olunmağı da İsrail-Fələstin münaqişəsində cəbhələrin dəqiq müəyyənləşdirilməsi üçün əla fürsət sayıla bilər. Çünki İstanbuldakı toplantıya İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 48-i qatılmışdır və bu ölkələrin təmsilçilərindən cəmi 16-sı birinci şəxs qismində iştirak edirdi. Konfrans iştirakçıları arasında Misir prezidenti və Səudiyyə Ərəbistanı kralının gözə dəyməməsi isə siyasi maraqların bəzi hallada dini maraqları üstələməsinin təzahürü idi.

Nəticə etibarı ilə işğalçılığa son çağırışı ilə asossasiya olunan konfrans yüksək səviyyədə baş tutdu və yekunda "Şərqi Qüds Fələstinin paytaxtıdır" bəyannaməsinin qəbulu islam dünyasının hətta super güclər qarşısında işğalçılığa qarşı dirəniş göstərmək iqtidarında olduğunu sərgiləmiş oldu. Əslində Avropa Birliyinə daxil olan dövlətlərin də mövqeyi İƏT-ə üzv olan dövlətlərin mövqeyi ilə bərabər tutula bilər. Çünki İsrailin baş naziri Benyamin Netanyahunun böyük ümidə yola çıxdığı Avropa səfərindən "əliboş" geri dönməsi ABŞ prezidentinin bu qərarının fiaskoya uğraması kimi qiymətləndirilir.

Bəs görəsən indiki halda İƏT-ə üzv olan ölkələrin ABŞ-a qarşı olan qətnaməsi proseslərə hansı şəkildə təsir edəcək?

Politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında qeyd etdi ki, konfransın keçirilməsi, çox yerində olan bir hadisə idi. Çünki islam ölkələrinin böyük əksəriyyəti həmrəy şəkildə Trampın qərarına tutarlı cavab verdilər:

"Müstəqil Fələstin dövləti və onun paytaxtı kimi Şərqi Qüdsün tanınması haqqında qərar islam dünyasının çox böyük qələbəsidir. Artıq bütün dünya İƏT-in yekun qərarının təsiri altındadır. Onsuz da heç Amerikanın özündə belə, Trampın bu qərarını rəğbətlə qarşılamamışdılar. Amma İƏT-in qərarı beynəlxalq hüquq normalarına, BMT-nin məlum qətnamələrinə tam uyğun şəkildə işlənib hazırlanıb. Və şübhəsiz ki, Fələstin ətrafında gedən danışıqlar prosesinə çox müsbət təsir göstərəcək. Bu dövlətlərdən heç olmasa biri Fələstini müstəqil dövlət kimi tanısa, Şərqi Qüdsü də onun paytaxtı kimi qəbul etsə və bu proses bir-birini təqib etsə, yəni digər dövlətlər də bu nümunəni təkrar etsələr, bu, Fələstin probleminin həllinə çox müsbət təsir edə bilər. Amma o da aydındır ki, ABŞ bundan sonr cəsarət edib Yerusəlim İsrailin paytaxtıdır deyə bilməyəcək. Çünki bu sivilizasiyalararası gərginliyə və toqquşmalara gətirib çıxara bilər".

Siyasi şərhçi Elxan Şahinoğlu isə ABŞ kimi super dövlətin qərarından geri dönəcəyinin real olmadığı qənaətindədir. Onun fikrincə, ABŞ prezidenti bu qərardan əvvəl keçirilən müşavirələrdə belə reaksiyaların olacağını şübhəsiz ki, gözdən keçirib. Digər tərəfdən, böyük güc dövlətinin qərarını geri çəkməsi indiki halda onun məğlubiyyəti kimi qələmə verilə bilər:

"Müsəlman ölkələri Trampın bu qərarını tanımırlar. Onlar Şərqi Qüdsü Fələstinin paytaxtı kimi qəbul edirlər və İƏT-ə üzv ölkələrin ötən gün İstanbul konfransının yekun bəyannaməsində də bu qərar yer alıb. Lakin İƏT-in bəyanatı bir istəkdir, arzudur ki, bəli, biz Qüdsü Fələstinin paytaxtı kimi tanıyırıq. İsrail də bu bəyanata görə geri addım atası deyil. Yəni münaqişə varlığını qoruyur. Zaman keçdikcə bu qərarlar unudulacaq. Əsas odur ki, Fələstin dövlətinin müstəqilliyi yolunda ciddi addımlar atılsın. Yəni İsrail-Fələstin qarşıdurmasının qarşısının alınması yolları tapılmalıdır. Bu istiqamətdə addımar atılmalıdır. Yoxsa bu bəyanatlar real mənzərəni dəyişməyəcək. İndiki halda Amerika İsraillə müttəfiq bir ölkədir. Amma biz bilmirik, bəlkə bir müddət sonra ABŞ Fələstinə hansısa vədlər verə bilər və yaxud maliyyə yardımı ayıra bilər. O zaman Fələstin rəhbərinin indiki halda Yaxın Şərqdə sülh prosesindən uzaqlaşdırılması ilə mövqeyi də dəyişə bilər. Avropadan dəstək almayan Amerika prezidenti də mövqeyini yumşalda bilər. Çünki o gördü ki, Avropa dövlətlərinin hər hansı biri, hətta Amerikaya yaxın olan dövlətlərdən biri də ərəb dünyası, həmçinin Türkiyə ilə münasibətləri kəskinləşdirmək hesabına Qüdsü İsrailin paytaxti kimi qəbul etmədilər. Ortada BMT-nin qətnamələri var. Ona görə Avropa dövlətləri bu məsələdə son dərəcə ehtiyatlı davranırlar".

ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Fələstin məsələsinin həlli üzrə sülh planı üzərində işlədiyi bir vaxtda ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması Fələstin üçün böyük təhdid idi. Şübhəsiz ki, İslam ölkələrinin bu qərar qarşısında dirəniş göstərdiyi də nəzərə alınmaqla danışıqlar yenidən masa üzərinə qaytarıla bilər. Amma necə?
​Okeanın o tayında bu suala axtarılan cavabın tapılıb-tapılmayacağı isə artıq ABŞ prezidentinin əhvalından asılıdır...

Lalə Nurəddinqızı
AzNews.az