Bu həftə Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin şəxsi dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər etdi. Əlbəttə, Azərbaycan Prezidentinin bu səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Bu həftə Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin şəxsi dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər etdi. Əlbəttə, Azərbaycan Prezidentinin bu səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Brüssel səfəri: güclü Azərbaycan fonunda cılız Ermənistan obrazı - ŞƏRH

Bu həftə Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin şəxsi dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər etdi. Əlbəttə, Azərbaycan Prezidentinin bu səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Bu səfər çərçivəsində bir daha bəyan olundu ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır. Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Həmçinin, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.

Diqqət çəkən məqamlardan biri də sərhədlərin toxunulmazlığı məsələsinin Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edilməsi oldu. Həm Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, həm Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, həm də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycana və Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər.

Mövzu barədə həmsöhbətimiz YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə də bildirdi ki, NATO-nun sammitində və prezident İlham Əliyevin ayrı-ayrı şəxslərlə görüşündə Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də mühüm enerji layihələrinin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirdi:

“Cənab prezident NATO-nun sammitinə xüsusi olaraq dəvət edilmişdi. Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevin fəaliyyəti daim beynəlxalq təşkilatların, o cümlədən aparıcı dövlətlərin diqqətini cəlb edir. Prezidentimizin bu sammitdə iştirak etməsi həm Azərbaycanın yaxşı təqdim olunmasında, həm ikitərəfli əlaqələrin qurulmasında, həm də beynəlxalq aləmdə təhülkəsizlik məsələlərinin həllində Azərbaycanın rolunun artmasına səbəb oldu. İlham Əliyev sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirdi. NATO rəhbərliyi ilə görüşlərdə Azərbaycan-NATO əlaqələri ilə bağlı məsələlər müzakirə edildi. Bu səfər, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədinin imzalanmasına səbəb oldu. Sənədin hazırlanması üçün uzun müddət idi ki, iş gedirdi. Bu sənəddə Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu yüksək qiymətləndirir. Ümumiyyətlə, cənab Prezidentimizin Brüsselə səfəri, Avropa İttifaqı və NATO ilə əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın çox uğurlu xarici siyasət aparmasının göstəricisidir”.

Qeyd edək ki, Brüssel səfərinin nəticələri Aİ-nin Azərbaycana və Ermənistana münasibəti prizmasından da çox əhəmiyyətlidir. Belə ki, Azərbaycan Prezidenti yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həllini tapdı. Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirdi, Azərbaycanın dünyada sülhyaratma prosesinə əməli töhfə verdiyini bəyan etdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən məyus və əli boş qayıtdı. Baxmayaraq ki, Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi onun ayağına qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı.

Aydın Mirzəzadənin sözlərinə görə, bu mühüm toplantıda Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir:

“Ermənistanda rəhbərlik dəyişsə də mahiyyət dəyişmir. Hər yeni gələn rəhbərlik Ermənistanda hökm sürən çox ağır problemləri həll etməyə məhkumdur. Lakin bu problemləri həll etmək üçün, tamam yeni bir fəlsəfə, yeni bir yanaşma lazımdır. Gedişat göstərir ki, Paşinyanın siyasi xətti əvvəlki hakimiyyətdən demək olar ki, heç nə ilə fərqlənmir. Dağlıq Qarabağ məsələsinin həllində işğalçı dövlət statusundan imtina etməməsi, Azərbaycana qarşı iftira kampaniyasını davam etdirməsi, eyni zamanda, Ermənistanın özü-özünü saldığı izolyasiyadan çıxması üçün beynəlxalq hüquq normalarına hörmət etməməsi kimi amilləri qeyd etmək olar”.

Onu da xatırladaq ki, Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Görünür, bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.

Məsələnin bu tərəfinə də münasibət bildirən deputat əlavə etdi ki, bu gün müstəqil bir dövlətin beynəxlaq toplantıda 70-80 milyon avro kredit istəməsi böyük biabırçılıqdır:

“Həmin vəsait hazırda Azərbaycanda orta səviyyəli bir rayonun illik büdcəsidir. Bu vəsait Azərbaycanda kiçik bir regional layihənin qiymətidir. Avropa bununla bir daha Paşinyana göstərdi ki, o, Paşinyanın pul kisəsi rolunu oynamaq istəmir. Hər bir dövlət özünün iqtisadi problemlərini, xarici və daxili siyasətindəki axsamaları özü həll etməlidir”.

Sevindirici haldır ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müəqddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı.

Beləliklə, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirmiş oldu...

Elgün Mənsimov
AzNews.az