Böyük siyasət Vaşinqtonla Moskva arasında...

Helsinki görüşündə simvolik bir detal olmuşdu. Futbol topunu D.Trampa verən V.Putin dedi ki, top artıq sizin tərəfdədir. Bunu siyasi və diplomatik mənada yalnız o cür başa düşmək olardı ki, Kreml indi təşəbbüslərı Ağ Evdən gözləyir.

Amma bütün bunlara baxmayaraq, Helsinkidəki görüşdən əvvəl və dərhal sonra ABŞ-da prezident D.Tampa qarşı elə bir tənqid dalğası başlamışdı ki, heç vaxt düşünməzdik ki, belə bir fonda Trampın ağlına Putini Vaşinqtona dəvət etmək kimi sərsəm ideya gələ bilər.

Fəqət, o, bunu da etdi və təkrarən təzyiqlər qarşısında duruş gətirməyərək bir azacıq geri çəkildi və səfərin növbəti il üçün nəzərdə tutulduğunu bildirdi. Beləcə, Tramp, necə deyərlər, təkrarən topu Rusiya meydançasına ötürdü. V.Putin də çox gözlətmədi, sanki ABŞ-dakı rusofobları bir az da cırnatmaqçün bu dəfə özü Trampı Moskvaya dəvət etdi.

İndi bütün siyasi təhlilçilərin diqqəti əsasən bu məsələyə yönəlibdir. Trampın məqsədi Rusiyanı Çinə, xüsusən də İrana qarşı yönəltməkdir. ABŞ prezidenti Helsinkidə Putinlə daha çox bu haqda danışmaq istəyirdi və müəyyən cəhdlər də etmişdi. Amma Putin bu mövzuda hələki “bazarlaşamağa” tələsmir. Fəqət, Kreml də maraqlıdır ki, ABŞ rəsmiləri Ukrayna konteksində danışmasınlar və Rusiyaya qarşı sanksiyaları necə aradan qaldırmaq haqda dialoqa start versinlər.

Di gəl, aydındır ki, bunun üçün “bazarlaşmaq” lazım gələcək, xüsusən də İran məsələsində. Noyabrın 4-ü İran üçün həlledici olmağı vəd edir, çünki bu tarixdən etibarən sanksiyalar bütün gücü ilə işə düşəcək. Hətta prosesin bundan qabaq baş verəcəyini, guya ABŞ-ın İranla müharibəyə artıq avqust ayında start verəcəyini güman edənlər də var.

Düzdür, İsrail İranla müharibə məsələsində çox israr edir, amma düşünmürük ki, məsələ açıq müharibə fazasına daxil olacaq. Hər halda, bunun ehtimalı azdır, çünki müharibə həm də canlı itikilər deməkdir və bütün demokratik ölkələr üçün olduğu ki, ABŞ üçün də bu, problemdir. Di gəl, problemin başqa cür çözümü də görünmür, hətta ABŞ bir yana, Tehran özü hərbi xarakterli addımlar ata bilər. Beləki, İran neftinə qarşı sanksiya tətbiq ediləcəyi təqdirdə Tehran rəsmiləri Hörmüz boğazını da bağlayacaqlarını bildirirlər.

Ona görə də vəziyyət çox gərgindi. Amma düşünmürük ki, Kremli bu çox narahat etmiş olsun – Dünyanın başı başqa münaqişələrə qarışanda ruslar özlərini daha rahat hiss edirlər. Həm də yaxın illərin təcrübəsi də göstərir ki, Moskva “bazarlaşmağı” bacarır. İstisna deyil ki, elə bu dəfə də belə olacaqdır, hərçənd ki, ABŞ-ın lap Rusiyanın cənub sərhədlərinə yaxınlaşması bir geosiyasi perspektiv olaraq rusların ürəyincə olmamalı və onları əndişələndirməlidir. Amma ortada Ukrayna məsələsi və bir də sanksiyalar var ki, onlar rusları heç də az düşündürmür.

Beləcə, böyük siyasət Vaşinqtonla Moskva arasında vurnuxmadadır. “Bizim payımıza bundan nə düşəcək?” sualı indi bəlkə ən çətin və qəliz sualdır, çünki masa üstündə bizimlə bağlı hər hansı bir məsələ yoxdur,- kimsəyə sirr deyil ki, heç Ukrayna məsələsi də D.Trampı bir o qədər də düşündürmür, Brüsseldə onun Krım və Ukrayna ilə bağlı dedikləri yəqin hələ yaddan çıxmayıbdır.

Ukrayna, Gürcüstan və Moldova özlərini başqa müstəvidə aktuallaşdırmağa cəhd edirlər ki, bu da Avropa Birliyi və NATO müstəvisidir. Amma sual yaranır: əgər ABÇ-la Rusiyanın çox kəskin qarşıdurma yaşadığı vaxt bu üçlük NATO-ya üzv ola bilmədisə, təminat varmı ki, məsələ Vaşinqtonla Moskvanın dostlaşacağı təqdirdə reallaşsın?
Etiraf edək ki, qəliz sualdı və burada Aristotelin bir kəlamı yada düşür: düzgün qoyulmuş sual cavabın yarısı deməkdir. Elə bizim cavabımız da sualın özündədir: onu bir daha oxuyun, cavabı tapacaqsınız...

O ki qaldı daha konkret məsələlərə, məsələn, Dağlıq Qarabağ probleminə, bəzən bizə elə gəlir ki, bu problemi ABŞ-da yalnız həmsədr funksiyasını yerinə yetirən adamlar xatırlayırlar, o, da heç də həmişə yox – bir az əvvəldə dedik ki, Tramp üçün Rusiya ilə münasibətlərdə hətta Ukrayna maneə deyil, o, hər an bu maneəni dəf etməyə hazırdır. Digər problemlərsə,- Qarabağ, Abxaziya və Cənubi Osetiya, eləcə Dnestryanı münaqişə, ümumiyyətlə, gündəmdə yoxdur.

Üstəlik, İrana qarşı sərt siyasət bizim üçün ən azı üç aspektdə problem yaradır. Birincisi, əlbəttə ki, bizim bu ölkə ilə regional əməkdaşlığımızdı - əgər Vaşinqton bu xüsusda Ankara ilə danışıqlar aparısa, güman, bizə də ismarışlar göndərirlər.

İkincisi, əlbəttə ki, münaqişənin hərbi müstəviyə keçəcəyi təqdirdə yaşaya biləcəyimiz humanitar problemlərdir və biz bunun miqyasını Suriya konfliktində gördük – qısa zamanda milyonlarla insan Türkiyəyə axışdı.

Üçüncüsü, bilavasitə İranın özü tərəfindən bizə qarşı yönələ bilən təhdidlərdir ki, bunlar da çox realdı, çünki Tehranın bu xüsusda özünün “məntiqi” var: əgər Azərbaycan İrana qoşulub ABŞ-la savaş aparmırsa, deməli ABŞ-ın və İsrailin yaxın dostu və müttəfiqidir...

Qərəz, regionda və dünyada vəziyyət belə qəliz duruma gəlib–kimi bunun bünövrəsində geosiyasi, kimi geoiqtisadi, kimi də daha konkret amilləri – neft və xüsusən də qaz uğrunda qlobal savaşı görür. Amma ən əsası budur ki, dünyada məchulluq artır və bu məchulluqdan da ən çox əziyyət kiçik ölkələrin payına düşür- onların maraq və haqları ən axırıncı anlarda yada düşür, bəzənsə, ümumiyyətlə, yada düşmür...

Hüseynbala Səlimov