- Köhnə - Siyasət
- 17 Avqust 2018 16:37
- 5 488
Koçaryan siyasətə hansı hədəflə qayıdır?
Avqustun 13-də həbsdən azad edilən Ermənistanın sabiq prezidenti Robert Koçaryan siyasətə qayıtdığını bəyan edib. O, bunu Ermənistanın “Yerkir Media” televiziyasına verdiyi müsahibədə deyib. Jurnalistin onun siyasətə qayıtmasına dair sualına Koçaryan “hesab edin ki, artıq qayıtmışam” cavabını verib.
Onun siyasətə qayıtması ilə bağlı səsləndirdiyi fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğolu AzNews.az-a şərh edib. Onun sözlərinə görə, Robert Koçaryan ən mənfi “titullara” layiqdir, ancaq o, hər nədirsə təhlükəli siyasi fiqurdur:
“O, sıradan biri deyil, Azərbaycan torpaqlarının işğalını və etnik təmizləməni təşkil edənlərdəndir, SSRİ və
sonra Rusiyanın Xankəndidəki hərbi qüvvələrini öz tərəfinə çəkən şəxsdir. Bunu bacarmaq isə xüsusi yaltaqlıq və inandırıclıq qabiliyyəti tələb edir. Mən 1990-cı illərin sonunda həm Robert Koçaryana, həm də Serj Sarkisyana müxtəlif suallar vermişəm və aldığım cavablardan gəldiyim qənaət budur ki, Koçaryan siyasi fiqur olaraq Sarkisyanı üstələyir. Elə ona görə də baş nazir Nikol Paşinyanı aşırtmaq istəyən “Qarabağ klanına” və Ermənistandakı ruspərəst qüvvələrə Koçaryan başçılıq edəcək”.
E.Şahinoğlu istisna etmir ki, Koçaryan keçmiş müttəfiqi “Daşnaksütun” Partiyası ilə artıq danışıqlara başlayıb. Məhz bu partiyanın deputatları prokurorluğa müraciət etmişdilər ki, Koçaryan həbsdən azad edilsin. Həmin deputatların parlamentdə Paşinyanın əleyhinə səs vermələri yetərlidir ki, indiki baş nazir hakimiyyətini itirsin:
“Köçəryanın həbsdən sonrakı müsahibəsindəki fikirlər həqiqətdən uzaq deyil. Deyir ki, Azərbaycanda Surət Hüseynov qiyam qaldırmasaydı, biz Azərbaycanın torpaqlarını işğal edə bilməzdik. Yanlışmı deyir? Deyir ki, Paşinyan siyasətdə təcrübəsizdir, ordunun nəbzini duya bilmir, bölgədəki geosiyasi proseslərdən başı çıxmır və bu da Ermənistanın kövrək balanslaşdırılmış siyasətinin məhvinə gətirib çıxara bilər”.
Politoloq əlavə etdi ki, Ermənistanın eks-prezidenti Rusiya-Amerika münasibətlərindəki gərginliyi, İrana qarşı artan sanksiyaları, Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsini, hətta Gürcüstanın NATO üzvlüyünə yaxınlaşmasını Ermənistan üçün ciddi təhdidlər kimi dəyərləndirir. Koçaryan bu fikirlərində də haqsız deyil. Beləliklə, Paşinyan yaxın günlərdən başlayaraq enerjisinin bəlkə də əsas hissəsini Koçaryanın simasında yeni formalaşacaq müxalifətlə mübarizəyə sərf etməli olacaq.
Qeyd edək ki, R.Koçaryan sözügedən müsahibəsindəs iyasətə qayıtmağı ilə bağlı belə deyib: “Niyə hamı narahat olub, niyə mane olurlar? Bu ölkədə fərqli düşüncə ola bilməz? Məni baş nazirin bütün dünyanın Ermənistana uyğunlaşmalı olmasına dair sözləri narahat edir. Mən niyə fikirləşirəm ki, siyasətə qayıtmalıyam? İki səbəb var. Onlardan birincisi, hazırkı geopolitik vəziyyətdən doğan riskləri görürəm. Ermənistanın xəritəsinə baxın. Görün, hansı ölkələrlə əhatələnib və bu dövlətlərlə münasibəti necədir? Hökumət ordudan çox uzaqdır. Başa düşmür ki, yalnız güclü ordu bizim dövlətçiliyimizin qarantıdır. Əminəm ki, hazırkı hakimiyyətin təcrübəsi, biliyi savadı yetərsizdir və bu təhlükələr məni siyasətə qayıtmağa məcbur edir”.
Elgün MƏNSİMOV
AzNews.az