Bakının azad edilməsi - 100 - Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi

Azərbaycanın milli dövlətçilik tarixində ən əlamətdar zaman kəsiyi sayılan 1918-ci ilin mühüm hadisələri sırasında 15 sentyabr - Bakı şəhərinin rus-erməni-ingilis qüvvələrindən azad edildiyi gün xüsusi yer tutur.

Belə ki, 1918-ci il 27-28 may tarixlərdə Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının keçirdiyi tarixi iclaslarda qəbul edilən siyasi qərarlar və sənədlər - Azərbaycan xalqının ilk müstəqil milli dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan edən "İstiqlal Bəyannaməsi" də daxil olmaqla - son dərəcə mühüm siyasi, hüquqi, tarixi əhəmiyyətə malik olsalar da, həmin dövr üçün hələ deklarativ xarakter daşıyırdı. Müstəqil dövlətinin yarandığını elan etmiş, lakin nə paytaxtı, nə ordusu, nə maliyyəsi olan azərbaycanlıların vəziyyəti isə həmin günlərdə eyni addımı atmış ermənilərdən heç də yaxşı deyildi.

Əksinə, XIX əsrin sonlarından bəri təşkilatlanan, eyni zamanda, öz silahlı terrorçu dəstələrini hazırlayan ermənilərin uzun onilliklər Çar Rusiyası və Osmanlı Türkiyəsi ordularında xidmət edən çoxsaylı zabit və əsgərləri var idi. I dünya müharibəsi başlanandan savaşlara qatılan, xüsusilə Qafqaz cəbhəsində döyüşən ermənilər artıq təlim görmüş, döyüş təcrübəsinə yiyələnmiş nizami hərbi dəstələr halına gəlmişdilər. Həmin dövr "Böyük Ermənistan" dövlətinin yaradılması istiqamətində istər Osmanlı və Rusiya imperiyaları ərazisində, istərsə də Qərb dövlətlərində fəaliyyətlərini mərkəzləşdirən və genişləndirən erməni milli-siyasi-dini qüvvələri külli miqdarda maddi vəsaitə malik olmaqla, öz hərbi dəstələri vasitəsilə iddia etdikləri Türkiyə və Azərbaycan ərazilərinin müsəlman əhalisinin bir hissəsini qırıb, qalanını qaçmağa məcbur etmiş, artıq gələcək Ermənistan Respublikasının hüdudlarını cızmış və onun ərazi fundamentini hazırlamışdılar. İndi bu əraziləri genişləndirmək, onu türk-azərbaycanlı əhalidən tamamilə təmizləmək, ən "pis" halda isə bu əhalinin sayını minimuma endirməklə onu "milli azlığa" çevirmək yolunda iş gedirdi.

Bu məqsəd demək olar ki, Cənubi Qafqazdakı aparıcı qeyri-müsəlman siyasi qüvvələrin, geniş mənada isə böyük dövlətlərin planlarında da yer almışdı.

I Dünya müharibəsinin hələ davam etdiyi illər Qafqaz regionunun taleyini yalnız orada yaşayan xalqlar deyil, dünyanın aparıcı dövlətləri - vuruşan böyük qüdrətlər həll edirdi. Və bu da danılmazdır ki, həmin qüdrətlər - ilk növbədə Antanta ölkələri, Qafqazın xristian gürcü və erməni xalqlarının öz dövlətlərini yaratmaq haqqını tanıdıqları halda, burada yaşayan və düşmən cəbhədə vuruşan Osmanlı türklərinə meylli "müsəlman" əhalisinin bu haqqını qəbul etmirdilər.

Azərbaycanın Bakı şəhəri daxil olmaqla Xəzər sahili bütün torpaqları bolşevik Rusiyasının, Qarabağ daxil olmaqla Yelizavetpol (Gəncə) quberniyasının böyük hissəsi, Naxçıvan və İrəvan quberniyaları gələcək Ermənistan dövlətinin, Zaqatala, Balakən zonası isə Gürcüstanın tərkibinə daxil olmalı idi. Zaqafqaziya Seymində aparıcı rola malik gürcülərin Bakıda 1918-ci il Mart hadisələrinə münasibətdə gözləyici mövqe tutması da bu planlarla bağlı idi. Həmin məqam bir daha onunla təsdiq olunurdu ki, Rusiya monarxiyası devrilərkən onun əsasən Tiflisdə saxlanılan hərbi əmlakı müsəlmanların orduda xidmət etmədikləri bəhanə gətirilərək gürcülər və ermənilər arasında bölünmüşdü. Azərbaycan nümayəndələrinin israrlı tələblərindən sonra onlara son dərəcə cüzi pay ayrılmış, Seym tərəfindən müsəlmanlara Qafqaz cəbhəsindən dəmir yolu ilə vətənə qayıdan minlərlə rus-erməni əsgərləri ilə dolu eşelonları tərk-silah etmək məsləhət görülmüşdü. Çarəsiz qalan Azərbaycan milli qüvvələri bu yolla silah əldə etməyə vadar edilmiş, bu, azərbaycanlı-rus hərbçiləri arasında qarşıdurmaya gətirib çıxarmışdı. Həmin qarşıdurma isə (xüsusilə Şamxor hadisələri) 1918-ci il Mart faciələri ərəfəsində Bakıda toplanmış rus hərbi hissələrinin ilk günlər bolşevik-erməni ittifaqı tərəfində vuruşması ilə nəticələnmişdi.

Formal olaraq ərazisi və paytaxtı olmayan ermənilər əslində, artıq İrəvan quberniyasında, Zəngəzurda və Qarabağın bir hissəsində azərbaycanlılardan təmizlənmiş geniş ərazilərə malik olmuşdular. Məs., 1918-ci ilin mart ayına qədər təkcə İrəvan quberniyasının 199 kəndi tamamilə yandırılmış, dağıdılmış və boşaldılmışdı. Türkiyədə 1915-ci il məlum hadisələrindən sonra - Qafqaza köç etmiş yüz minlərlə erməni qaçqınları bu torpaqlarda məskunlaşdırılmışdı. Erməni mənbələrinin özlərinin verdiyi məlumatlara görə, 1914-1916-cı illərdə Cənubi Qafqaz regionuna, əsasən əzəli Azərbaycan ərazilərinə, Osmanlı Türkiyəsindən 350 min erməni əhalisi köçmüşdü. Canlarını xilas edərək öz doğma torpaqlarından qaçan və qovulan azərbaycanlılar, həmçinin, Şamaxı, Göyçay, Cavad, Ərəş və d. qəzalarda bolşevik-erməni zorakılığına məruz qalmış on minlərlə azərbaycanlı isə meşələr, dağlar və çöllərdə dolaşır, aclıq və xəstəlikdən qırılır, qismən də Gəncə quberniyasında sığınacaq taparaq ağır qaçqın həyatı yaşayırdı.

Beləliklə, Azərbaycan torpaqlarının bütövlüyü, Azərbaycan xalqının isə varlığı tam mənası ilə real təhlükə ilə üzləşmişdi. 1918-ci il Bakı və Şamaxıda baş verən mart qırğınları bu təhlükənin nə qədər ciddi olduğunu bir daha göstərdi. Sayca üstünlük təşkil etmələrinə baxmayaraq, azərbaycanlılar bu 2 böyük Azərbaycan şəhərində və qəzalarında son dərəcə ağır itkilər - 30 mindən artıq öldürülmüş insan və milyardlarla ölçülən maddi zərər - verməklə erməni-bolşevik qüvvələrə uduzdular. Zaqafqaziya Seymindəki Azərbaycan nümayəndələrinin Bakının azad olunması üçün ordu göndərmək cəhdləri (Hosınskinin və Maqalovun başçılıq etdiyi hərbi əməliyyatlar) uğursuzluqla nəticələndi. Qələbədən ruhlanan daşnak-bolşevik qüvvələri Azərbaycanın regionlarına üz tutdular. Azərbaycanın milli qüvvələrinin iqamətgahı sayılan Gəncə üzərinə - Şaumyanın kinayə ilə dediyi "müsəlmanların bu son intriqa yuvasına" həlledici hərbi yürüşə hazırlıq başlandı.

Nə ordusu, nə lazımınca silah-sursatı, nə siyasi müttəfiqləri olan Azərbaycan milli qüvvələrinin, başda "Müsavat" partiyası olmaqla bu vəziyyətlə barışacağı təqdirdə Azərbaycan xalqını nə gözlədiyini təsəvvür etmək çətin deyil.

Həmin dövrün bütün mənbələri, o cümlədən, düşmən mövqedən yazılan, həmçinin, bu tarixin ən nüfuzlu və bitərəf xarici tədqiqatçıları birmənalı olaraq təsdiq edirlər ki, azərbaycanlılar üçün demək olar ki, tamamilə ümidsiz olan bir şəraitdə Zaqafqaziya Seymində bu xalqı təmsil edən insanlar müstəsna dərəcədə çevik siyasi və diplomatik məharət, görünməmiş bir prinsipiallıq nümayiş etdirərək nəinki son dərəcə mürəkkəb siyasi müstəvidə mövqelərini saxlaya bildilər, həmçinin, bir çox məsələlərdə öz siyasi iradələrini yeritməyə, bəzi hallarda isə vəziyyəti hətta öz mənafelərinə uyğun dəyişməyə nail oldular. Xatırladaq ki, gürcülərə Almaniya, ermənilərə isə İngiltərə arxa çıxdığı bir ortamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları olan bu insanların həmin şəraitdə arxalana biləcəyi yeganə siyasi - hərbi qüvvə Osmanlı dövləti idi.

Rusiyada 1917-ci inqilablarından, xüsusilə bolşeviklər hakimiyyətə gəldikdən sonra Osmanlı dövləti Qafqazda yaranmış vəziyyətdən bəhrələnərək 3 mart 1878-ci il Berlin müqaviləsi ilə itirilmiş Qars, Ərdəhan və Batumu geri qaytarmaq və Cənubi Qafqazda Osmanlı himayəsində olan müstəqil dövlətlər qurmaq məqsədilə fəallığını artırmışdı. Bu baxımdan Osmanlı dövləti həmin dövr Cənubi Qafqazda 3 xalqın - azərbaycanlı, gürcü və erməni - nümayəndələrindən ibarət yaradılmış Zaqafqaziya hökumətinin müstəqilliyini mühüm sayır, Almaniya, Avstriya-Macarıstan və Osmanlı dövlətləri ilə müharibədən çıxmağa qərar vermiş Sovet Rusiyası arasında 1917-ci il 22 dekabr ayında başlanan Brest-Litovsk sülh danışıqlarında bu hökumətin iştirakını vacib bilir və onun tanınmasında öz dəstəyini vəd edirdi. Eyni zamanda, Zaqafqaziya hökumətinə daxil olan azərbaycanlı mili-qüvvələr türklərə qarşı əks mövqedə duran gürcü-erməni blokundan fərqli olaraq Osmanlı dövləti ilə müstəqil əlaqələr qurmağa başlayırlar. Bu sahədə ilk addım Nəsib bəy Yusifbəylinin başçılığı və təşəbbüsü ilə Gəncədə Milli Komitə tərəfindən atılır. Gəncənin nüfuzlu xadimlərindən Nağı Şeyxzamanlı, rus əsirliyindən qaçaraq Gəncəyə gəlmiş Osmanlı zabiti Hüsaməddin Tuğac bəy və Tiflisdən onlara qoşulan Ömər Faiq Nemanzadədən ibarət bir heyət böyük çətinliklərlə Türkiyəyə gələrək burada Qafqaz cəbhəsi ordu komandanı Vəhib Paşa, daha sonra Daxili İşlər Naziri Tələt Paşa və Müdafiə Naziri, baş komandan Ənvər Paşa ilə görüşür, Qafqazın müsəlman xalqlarının Osmanlı dövləti və türk ordusunun yardımına ehtiyacı və haqqı olduqlarını əsaslandırır. Türkiyə hökuməti ilə Qafqazın müsəlman xalqlarının maraqlarının üst-üstə düşməsi, həmçinin, bu xalqların üzləşdiyi qətliamların qarşısının alınması zərurəti qarşısında tezliklə əməli addımlar atılır, Osmanlı hökuməti Qafqaza ordu göndərmək qərarı verir. Lakin Birinci dünya müharibəsində türklərin müttəfiqi olan Almaniyanın Qafqaz məsələsində Osmanlı dövləti ilə mənafeləri toqquşurdu. Qafqazda Brest-Litovsk müqaviləsi ilə müəyyən olunan sərhədlərin pozulmasını istəməyən, gürcüləri tam himayə edən, ermənilərə rəğbət bəsləyən Almaniyanın eyni zamanda, Bakı neftinə sahib olmaq hədəfi var idi. Bu və bir sıra digər səbəblərdən Ənvər Paşa Qafqaza göndəriləcək ordunun gizli bir şəraitdə yaradılmasını lazım bilir və onun təşkilinə yalnız özünün etibar etdiyi zabitləri, qohumlarını və sıx əməkdaşlıqda olduğu hərbçi dostlarını cəlb edir. Başda Almaniya və Rusiya olmaqla böyük dövlətlərin diqqətini cəlb etməmək üçün qurulacaq ordu "Qafqaz İslam Ordusu" adlandırılır, ona Azərbaycanda yaşayan türk və müsəlmanlardan təşkil edildiyi və türk zabitlərinin bu ordunun yaradılmasında yalnız yardımçı olacaqları kimi bir görüntü verilir. Ənvər Paşanın qardaşı Nuru Paşa bu ordunun komandanı təyin olunur. Qara dəniz-Tiflis-Bakı dəniz, quru və dəmir yolu xəttinin üzərində olması və ətrafında sıx şəkildə azərbaycanlıların yaşaması kimi əlverişli səbəblərə görə Nuru paşa ordu mərkəzinin Gəncədə qurulmasına qərar verir. Geniş səlahiyyətlər alan Nuru Paşa 1918-ci il martın 25-də 6-cı Osmanlı ordusunun yerləşdiyi Mosula gəlir, burada seçdiyi 20 nəfər qərargah zabiti və lazımlı hərbi heyətlə birlikdə Təbriz-Zəngəzur yolu ilə mayın 25-də Gəncəyə çatır. Nuru Paşanın və zabitlərdən ibarət ilk türk hərbi hissəsinin "o zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevizm təcavüzü ilə təhdid olunan" Gəncənin müsəlman əhalisi tərəfindən görünməmiş bir sevinc və coşqunluqla qarşılanması bir çox xatirə ədəbiyyatında ətraflı təsvir olunub.

Lakin Gəncəyə gəldikdən sonra dərhal ordu quruculuğuna başlayan Nuru Paşa bir sıra ciddi problemlərlə üzləşir. Ən əvvəl yerli azərbaycanlı əhali arasından nəzərdə tutulan 30 min nəfərlik ordu yaradılması planının qeyri-real olduğu aydınlaşır. O zaman Gəncədə yalnız 600 nəfərdən ibarət Milli Korpus var idi. Həmçinin, ayrı-ayrı bölgələrdə əsirlikdən qaçmış türk zabitlərinin rəhbərliyi altında könüllülərdən ibarət milis dəstələri təşkil olunmuşdu ki, bu qüvvələr bir yerə toplansa belə, onların gücü ilə nəinki Bakını azad etmək, heç Gəncənin özünü və ətrafını erməni yaraqlılarından təmizləməyin qeyri-mümkünlüyü öz-özlüyündə məlum idi. Səfərbərliyin son dərəcə ağır keçməsi, yetişmiş hərbi kadr və digər imkanların məhdud olması və bir sıra digər obyektiv və subyektiv faktlar qarşısında Nuru Paşa artıq bir həftədən sonra Qafqaz Ordusu Komandanı Vəhib Paşaya məktub göndərərək nizami hərbi birliklərin təşkili üçün lazımi silah-sursat, on min dəst hərbi forma və s. ilə yanaşı, orta və kiçik rütbəli zabit və əsgər heyəti göndərilməsini xahiş edir.

Bu məsələ, yəni Azərbaycana nizami türk ordusu göndərilməsi həmin günlər Zaqafqaziya Seymi nümayəndə heyəti tərkibində Batumda Osmanlı dövləti ilə danışıqlar aparan azərbaycanlı nümayəndələri - Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski tərəfindən də ayrıca müzakirə olunurdu. Azərbaycandakı durumdan daha yaxşı xəbərdar olan azərbaycanlı nümayəndələrin təklifi ilə 1918-ci il 4 iyun tarixdə Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanan müqaviləyə Azərbaycan hökuməti tərəfindən tələb olunarsa, Osmanlı hökumətinin daxili intizam və asayişin bərpası üçün lazımi silahlı qüvvə ilə yardım etməsi haqda bənd (4-cü) daxil edilir. Bir tərəfdən AXC Milli Şurasının sədri M.Ə.Rəsulzadə və Xarici İşlər Naziri M.H.Hacınski, digər tərəfdən Osmanlı dövləti Ədliyyə Naziri və Dövlət Şurası sədri Xəlil bəy əfəndi və Qafqaz cəbhəsi Osmanlı orduları komandanı general Vəhib Paşa tərəfindən imzalanan bu müqaviləyə əsasən, artıq 3 gündən sonra, iyunun 7-də Vəhib Paşa Gəncəyə yeni qoşun hissəsinin - Qafqaz piyada diviziyasının göndərilməsi barədə əmr verir. Bu əmrə əsasən, 257 zabit və 5575 əsgərdən ibarət hərbi birləşmələr keçdikləri əraziləri erməni silahlılarından təmizləyə-təmizləyə Qazax və Tovuz bölgəsindən 9-10 iyunda Gəncəyə daxil olurlar. Bu qoşunun tərkibində səyyar xəstəxana, mətbəx, nəfəsli orkestrdən başlayaraq xeyli miqdarda silah-sursat və 1366 ədəd at var idi.

Gəncə camaatı türk ordusunu böyük bir ruh yüksəkliyi ilə qarşılayır, qurbanlar kəsilir, şəhərin hər yanı Osmanlı və Azərbaycan dövləti bayraqları ilə bəzədilir (İlk aylar AXC-nın bayrağı kimi türk bayrağı əsas götürülmüşdü).

"Gəncə Müfrəzəsi" (hərbi birlik) adı almış bu qoşunların ilk döyüşü artıq iyunun 10-da Gəncənın Azərbaycan hökumətinə tabe olmayan və silahlı müqavimət göstərən erməni məhəllələrinin və qonşu erməni kəndlərinin silahlı qüvvələrinin zərərsizləşdirilməsi ilə başlandı. Silahları təhvil vermək və təslim olmaq haqda xəbərdarlıqlara atəşlə cavab verən və erməni bağlarını mühasirəyə almış türk əsgərlərindən 15 nəfərini xüsusi amansızlıqla öldürən erməni silahlıları ilə 3 gün davam edən vuruşlardan sonra Gəncə Müfrəzəsi erməni məhəlləsinə girərək 13-14 iyunda şəhərin erməni məhəllələrini tamamilə öz nəzarəti altına aldı və silahları topladı. Həmin günlər erməni məhəlləsinin yaxınında yerləşən Yelenendorfda (indiki Göygöl) yaşayan alman əhalisi də Gəncə Müfrəzəsi komandanlığı vasitəsilə dinc yolla zərərsizləşdirildi. Ölkədəki anarxiya şəraitində özlərini qorumaq üçün alman gənclərindən təşkil olunmuş milis dəstələrinin yüngül silahlarla bərabər dörd pulemyotu da var idi. Müqavimət göstərməyəcəkləri halda təhlükəsizliklərinə təminat alan alman əhalisi - əks təqdirdə silahlarının alınacağı şərti qarşısında - türk-azərbaycanlı qoşunların əməkdaşlıq etmək təklifini qəbul etdi. Gəncə Müfrəzəsinə qatılan alman milis taboruna türk zabitləri komandir təyin olundu və onlar Zurnabad-Hacıkənd xəttinə yerləşdirildi ki, bununla da həmin kəndlərin ermənilərlə əlaqəsi kəsildi.

Gəncənin başdan-başa silahlanmış erməni məhəllələrinin zərərsizləşdirilməsinin böyük əhəmiyyəti var idi, çünki həmin günlər Gəncə istiqamətində hücuma keçən bolşevik-daşnak qoşunları şəhərin alınmasında silahlı üsyana qalxmalı olan erməni əhalisinə arxalanırdılar. Beləliklə, ilk vuruşunu itkilər versə də, uğurla başa vuran Qafqaz İslam Ordusu Bakı başda olmaqla Azərbaycan torpaqlarının azad edilməsi uğrunda qarşıdakı döyüşlərə hazırlaşmağa başladı.

Burada qeyd olunmalıdır ki, Osmanlı qoşunlarının Azərbaycana gətirilməsi Azərbaycan tərəfinə müəyyən güzəştlər hesabına başa gəlirdi ki, bunların arasında ən ağrılısı İrəvanın Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətinin paytaxtı kimi ermənilərə güzəştə gedilməsi idi. Azərbaycan Milli Şurasının 29 may tarixli iclasında "İrəvanın Ermənistana güzəştə gedilməsinin" dönə-dönə "qaçılmaz", "tarixi zərurət", "acı həqiqət" kimi qiymətləndirilməsinin arxasında həmin qərarın qəbul edildiyi dövr regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ermənistan Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən, həmin dövr yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı Türkiyəsinin həlledici rol oynadığı, Ermənistan Respublikasının hansı ərazilərdə yaradılması məsələsini məhz bu dövlətin həll etdiyi də məlum həqiqət idi. Batum danışıqlarında Türkiyə nümayəndə heyətinin tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsinə dair "tövsiyyəsi" və həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-nin, o cümlədən, quberniyanın ikinci böyük şəhəri - Aleksandropolun (Gümrü) türk qoşunları tərəfindən tutulduğu faktı qarşısında "ermənilərə veriləcək siyasi mərkəzin" artıq ancaq İrəvan şəhəri ola biləcəyi həqiqətən qaçılmaz idi. AXC-nin hələ öz siyasi mərkəzi Bakı şəhərinin, eləcə də Bakı quberniyasının bütün qəzalarının - Şamaxı, Quba, Cavad, Göyçay, Lənkəran - rus-bolşevik-daşnak işğalı altında olduğu, Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların gündən-günə genişləndiyi, Gəncə üzərinə hücumun başlandığı, Azərbaycan ordusunun hələ də yaradılmadığı, Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcək və Azərbaycan xalqını kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi isə yalnız Osmanlı Türkiyəsinin çıxış etdiyi bir şəraitdə bu dövlətin "tövsiyyələrini" qəbul etmək də qaçılmaz idi.

Lakin güzəştlər bununla bitmir. 1918-ci il iyunun 16-da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və Hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır. Bu zaman şəhərdə real hakimiyyətə malik olan Qafqaz İslam Ordusunun Baş komandanı Nuru paşanın ətrafında cəmlənmiş və "İlhaqçılar" adlanan dini-klerikal və mülkədar-burjua zümrələrin nümayəndələrindən ibarət siyasi qüvvələr Milli Şura və hökumət üzvlərinə etimadsızlıq göstərir, onlara xalq adından müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların müstəqil yaşamaq qüdrətinə malik olmadığı və bu səbəbdən Türkiyəyə birləşməyin daha məqsədəuyğun olduğunu bəyan edərək əslində, Azərbaycanın dövlətçiliyini tanımaqdan imtina edirlər. Nuru Paşa siyasi məsələlərə qarışmadığını bildirsə də, İlhaqçıların Azərbaycanda türkçülük hərəkatının ideoloqlarından biri, 1909-cu ildə Türkiyəyə mühacirət etmiş və Nuru paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə gəlmiş Əhməd bəy Ağaoğlu tərəfindən dəstəkləndiyi məlum olur. Yaranmış ciddi siyasi böhran şəraitində, real vəziyyəti və konkret tarixi şəraiti, o cümlədən, Gəncə üzərinə yürüşə başlamış 16-18 minlik bolşevik-daşnak qoşunlarının qarşısında Türkiyədən yeni hərbi qüvvələrin çağırılması zərurətini nəzərə alan Milli Şura üzvləri, başda M.Ə.Rəsulzadə olmaqla, sözün əsl mənasında siyasi müdriklik və iradə nümayiş etdirir, "Nuru paşanın və Türkiyə hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi" qiymətləndirdikləri bir sıra şərtləri qəbul edərək mümkün olan həddə qədər güzəştlərə gedirlər: Azərbaycan istiqlalını saxlamaq məqsədilə Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırır, birinci Hökumət buraxılır, bütün hakimiyyət (qanunvericilik və icra) Müəssislər Məclisi çağırılanadək F.X.Xoyskinin sədrliyi ilə yaradılmış və tərkibinə ilhaqçılar da daxil edilmiş ikinci Müvəqqəti hökumətə həvalə edilir. Bu hökumətin səlahiyyətləri xeyli genişləndirilsə də, ona Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv etmək hüququ verilmir.

Azərbaycan dövlətçiliyini partiyalar, vəzifə və şəxsi maraqlar fövqündə qoyaraq özünün sədri olduğu dövlət hakimiyyət orqanını - Milli Şuranı buraxmağa, səlahiyyətlərini müəyyən şərtlərlə hökumətə verməyə razı olan və bu addımı "demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru" adlandıran M.Ə. Rəsulzadə, bununla belə, Milli Şuranın buraxılmasının ertəsi günü "Azərbaycan Məclisi-Millisi rəisi" statusunda 7 nəfərdən ibarət nümayəndə heyətinin başında İstanbulda keçirilən sülh konfransında iştirak etmək üçün İstanbula yola düşür. Bundan sonra Azərbaycan dövlət rəhbərlərinin bütün səyləri və diqqəti işğal altında olan Azərbaycan torpaqlarının və paytaxt Bakının azad edilməsinə yönəlir.

Həmin dövr Bakıda Şaumyanın başçılıq etdiyi bolşevik-erməni hökuməti - Bakı Xalq Komissarları Soveti hökmranlıq edir və bu şəhəri ən yaxşı halda beynəlmiləl, əslində isə erməni-rus şəhəri sayaraq Azərbaycan milli qüvvələrinin "Bakını öz paytaxtı etmək arzusundan" kinayə və qəzəblə danışırdı. Moskvanın birbaşa tapşırığı ilə neft sənayesini milliləşdirən Bakı Soveti fasiləsiz olaraq Bakı neftini tələb olunan həcmdə Rusiyaya göndərirdi.

Mart hadisələrindən sonra bolşeviklər, sanki özlərini axıdılmış müsəlman qanına görə rüsvayçılıqdan və məsuliyyətdən kənara çəkməyə çalışaraq, eyni zamanda, hakimiyyət uğrunda mübarizədə artıq yeganə rəqiblərindən artıq azad olmaq məqsədi ilə, Erməni Milli Şurasını da idarəçilikdən kənarlaşdırmış, ermənipərəst qəzetləri bağlamış, daşnakların silahlı birləşmələrini isə qismən tərksilah, qismən də Qızıl Ordunun tərkibinə daxil etmişdilər. Lakin bununla da bolşeviklərlə daşnakların yollarının ayrıldığını və Bakı Sovetinin rəhbərliyində artıq "erməni faktoruna" son qoyulduğunu düşünmək səhv olardı. Belə ki, S.Q. Şaumyanın sədri olduğu Bakı Sovetində 12 komissar postundan yarısını ermənilər tuturdu, özü də bütün mühüm hakim vəzifələrə (sədr, xarici işlər, ordu və donanma, Hərbi-İnqilab Komitəsi, dəmiryolu və dəniz nəqliyyatı, Fövqəladə Komitə, Dövlət Nəzarəti) məhz onlar nəzarət edirdilər. Yerli əhalinin nümayəndələrinə - azərbaycanlılara cəmi iki, həm də xüsusi əhəmiyyəti olmayan sahələr - şəhər təsərrüfatı (N.Nərimanov) və kənd təsərrüfatı (M.H.Vəzirov) tapşırılmışdı. Sonradan Bakı quberniyasının komissarı təyin edilmiş M.Əzizbəyov isə Azərbaycan kəndlilərini Sovet hakimiyyətini könüllü qəbul etməyə çağırmaq üçün qəzalara ermənilər tərəfindən öldürülmək təhlükəsi altında erməni əsgərlərinin müşayiəti ilə getməli olurdu.

Erməni birləşmələrinin sadəcə adı dəyişdirilərək elə həmin erməni komandirlərinin rəhbərliyi altında onlardan "sovet qoşunları" kimi Bakı Soveti tərəfindən öz hakimiyyətinin Azərbaycanın regionlarında yayılması və möhkəmləndirilməsi üçün fəal surətdə istifadə edilirdi. Məşhur daşnaksakan Amazaspın komandanlığı altında Qubaya göndərilən 3 minlik qoşun yalnız "Daşnaksütun" partiyasına aid olan ermənilərdən ibarət idi və bu qoşun tərəfindən keçirilmiş cəza aksiyası nəticəsində mayın əvvəllərində Quba qəzasında 4 minə yaxın dinc müsəlman əhali qətlə yetirilmiş, 167 kənd yandırılmışdı. Quba hadisələrinə qədər isə S.Lalayevin və T.Əmirovun başçılıq etdiyi seçmə erməni quldur dəstələri tərəfindən Şamaxı şəhəri və onun 110 kəndi darmadağın edilərək tamamilə yandırılmış, 18 mindən artıq dinc əhali qətlə yetirilmişdi. Azərbaycanın digər iri yaşayış məntəqələri - Lənkəran, Salyan, Kürdəmir, habelə Ərəş, Nuxa, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarının da aqibəti belə faciəli olmuşdu.

Bakı quberniyasında tam qələbə çalan bolşevik-erməni hakimiyyəti 1918-ci il iyun ayının 10-da Hacıqabul stansiyasında cəmlədikləri 10 min nəfərlik mükəmməl silahlanmış qoşunlar ilə Yelizavetpola - Gəncəyə üz tutdular və Gəncə-Qarabağ erməniləri ilə sövdələşərək, Azərbaycan milli qüvvələrinin əsas istehkamının ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar.

Bu "son, həlledici yürüşün" əvvəllərində Qızıl Ordunun qələbəsinə tam əmin olan S.Şaumyan, 23 iyun tarixdə V.İ.Leninə yazdığı məktubunda özünəməxsus öyünən tərzdə bolşevik-erməni hərbi birləşmələrinin "adi Sovet qoşunları - ən yaxşı halda partizan dəstələri deyil -, əsl nizami ordu" olduğunu bildirir və onun imkanlarını yüksək qiymətləndirirdi. Türk ordusu haqqında isə Şaumyan tamamilə əks fikirdə idi: "...türklərin qorxu törədən elə bir silahlı qüvvələri yoxdur. "Daşnaksütun" partiyasının məlumatına görə, Qara dənizdən İrana kimi bütün cəbhədə türklərin 18-20 min yorulmuş, qeyri-mütəşəkkil qoşunları vardır. Bu qoşunlarla onlar Zaqafqaziyanı özlərində saxlaya bilməzlər və bizə qarşı yalnız cüzi qüvvələr irəli sürəcəklər. Odur ki, hər hansı bir qorxulu təhlükə gözləmək lazım gəlmir..."

Artıq həmin günlər Qırmızı Ordu ilə Qafqaz İslam Ordusu arasında başlanan döyüşlər az sonra bu qoşunların döyüş qabiliyyətini göstərəcək və qüvvələr nisbətinin kimin xeyrinə olduğunu müəyyən edəcəkdi.

Bakının azad olunması uğrunda türk və azərbaycanlı hərbi birləşmələrdən ibarət olan Qafqaz İslam ordusu ilə rus-erməni qüvvələrindən yaradılmış Bakı Sovetinin Qırmızı Ordusu arasında başlanan və 3 aydan artıq, dəyişkən uğurlarla davam edəcək müharibənin ilk döyüşü Göyçay yaxınlığında baş tutur. Qızıl Ordunun qarşısını Göyçay bölgəsində kəsmək qərarı ən əvvəl hərb meydanını Gəncə quberniyasının hüdudlarından kənara çıxarmaq niyyəti ilə, həm də Gəncəyə doğru hərəkət edən bolşevik qoşunlarının dəmir yoluna hakim olmaları, eləcə də qarşıda heç bir əngəl görmədiyi ilə şərtlənirdi. Bu bölgənin strateji əhəmiyyət daşıdığını və Gəncə üçün əsl təhlükənin məhz Göyçay yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesab edən Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşa yenicə Qazax bölgəsinə daxil olmuş türk alayını, uzun bir yol gələn əsgər və zabitlərə dincəlmək imkanı belə vermədən, Akstafadan qatarla Ucara, oradan da Göyçaya göndərdi. İyunun 17-də 2 türk alayından ibarət türk qoşunları Gəncədən gələcək əsas qüvvəni gözləmədən və kəşfiyyat aparmadan Qaraməryəm ətrafında yerləşmiş düşmən qüvvələrinə qarşı hərəkətə keçdilər. Bütün gün ərzində, olduqca isti hava şəraitində aparılan və bir-birinə güclü müqavimət göstərilən bu savaşda tərəflərin heç biri üstün gələ bilməyərək axşam qaranlığında döyüşlərə ara verdilər və mövqelərinə çəkildilər. Sovet qoşunlarının qurduğu pusquya düşən türk qoşunlarının bu ilk savaşı ağır itkilər – 200 şəhid, 156 yaralı, xeyli sayda hərbi sursat – verməklə uğursuzluqla nəticələndi. 10 mindən artıq qüvvə ilə döyüşə girmiş Amazaspın rəhbərlik etdiyi bolşevik-daşnak qoşunları Göyçaya hücum üçün bir sıra mühüm mövqeləri ələ keçirdilər.

İyunun 18-də Nuru Paşa azərbaycanlı hərbi qüvvələrinin komandanı general Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə Gəncədən cəbhə bölgəsinə - Müsüslü stansiyasına gəldilər və vəziyyətlə yerində tanış oldular. Bolşevik-daşnak qüvvələrinin sayının ətrafdakı erməni və rus kəndlərinin sakinlərinin qatılması ilə 30-minə çatdığı, həmçinin, bu qoşunların Bakıdan Qaraməryəmə gedərkən yol boyu 50-dən artıq azərbaycanlı kəndini yandırdığı, bölgədə yaşayan dinc müsəlman əhalisini qırdığını, bir həftə ərzində 400 mindən artıq sakinin isə qaçaraq Göyçay, Ağdaş, Yevlax ətrafına sığındığı məlum oldu. 5-ci Qafqaz piyada diviziyasının, hələ yolda olan qüvvələr hesaba alınmaqla özündən sayca xeyli üstün, silahla yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı imkansız olduğu aydınlaşdı.

Belə bir şəraitdə azərbaycanlı gənclərin orduya cəlb olunması, vuruşan qoşunların ən azı su və ərzaqla təmin edilməsi məsələsi tam ciddiliyi ilə üzə çıxdı. Həmin məsələlərlə bağlı Göyçayda xalqa xitabən tənbeh dolu müraciət edən Nuru Paşanın Əliağa Şixlinski ilə birlikdə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və nüfuzlu sakinlərlə apardığı danışıqlar nəticəsində azərbaycanlı könüllülər toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından yığılan gənclər və bütün əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimlərə cəlb olundular.

Bununla bərabər, yaranmış vəziyyətin ağırlığını anlayan Nuru Paşa İstanbula ünvanlandığı raportlarda dönə-dönə Qafqaza daha bir diviziyanın göndərilməsini israr edirdi. Lakin bu tələb yerinə yetirilənə qədər cəbhədə vəziyyəti dəyişmək labüd idi. Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiə mövqeyi tutan türk və bolşevik qüvvələri yeni döyüşlərə hazırlaşırdılar. Türk qoşunlarının iyunun 29-da hücuma keçmək planlarından xəbər tutan Sovet ordusu iyunun 27-də səhər tezdən vuruşa başladı. Qəfil hücumdan ani çaşqınlıq keçirən türk qoşunları tez bir müddətdə qüvvələrini toplayaraq düşməni geri oturtdular, sonra irəli gedərək yeni mövqelər ələ keçirdilər və axşama yaxın Qaraməryəmi azad etdilər. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandanlığı ilə Azərbaycan könüllü süvari birliyinin də böyük rolu oldu.

Qaraməryəm ətrafındakı qələbə Türk İslam Ordusunun ilk böyük uğuru sayılmaqla Bakının azad edilməsi yolunda aparılan son dərəcə ağır, itkilərlə dolu, lakin şərəfli qalibiyyətin başlanğıcı oldu. Bu döyüşün ertəsi günü, iyun ayının 30-da Göyçay tərəfdən əks-hücuma keçən Sovet qoşunlarının həmləsi də son nəticədə uğursuzluqla nəticələndi. Bolşevik rus və erməni qüvvələrinə böyük itkilər verdirən türk ordusu pərakəndə halda qaçan Qızıl Ordudan çoxlu sayda silah və sursat ələ keçirdi, eyni zamanda, Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı bölgələrindəki qəsəbə və kəndlərdə yaşayan erməni və rus əhalisi itaət altına alınaraq tərksilah edildi.

Göyçay vuruşlarında həlak olan türk əsgərlərinin böyük bir hissəsi və yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə və ətraf məntəqələrdəki qəbiristanlıqlarında dəfn edildi. Həlak olmuş döyüşçülərin bəziləri isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə şəhid olduqları yerdə dərhal o gün torpağa tapşırıldı. Bununla da, Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrində ilk türk məzarları yarandı. Az sonra belə məzarlıqların sayı Türk İslam Ordusunun keçdiyi bütün döyüş yolu boyu artacaqdı.

İyul ayının 5-də 7 min nəfərlik hərbi qüvvə ilə Kürdəmirə çəkilən bolşevik-erməni qüvvələrinə qarşı hücuma başlayan Qafqaz Ordusunun alayları gərgin döyüşlər nəticəsində iyunun 10-a kimi Kürdəmir və Ağsunu azad etdilər. Kürdəmir stansiyası və kəndi qismən, Ağsu qəsəbəsi isə tamamilə qaçan ermənilər tərəf yandırılmış vəziyyətdə idi. 3 gün davamlı olaraq Kürdəmir uğrunda gedən şiddətli və qanlı döyüşlərdə türk alayları ilə birgə keçmiş “vəhşi” diviziyanın azərbaycanlı süvari bölmələri də fərqləndilər.

İyun ayının ortalarında bir neçə günlük gərgin döyüşlərdən sonra Salyan-Neftçala bölgələri də düşməndən azad edildi.

İstanbuldan Ənvər paşa və Şərq Orduları Komandanlığı Nuru paşaya ardıcıl təlimatlar göndərərək, tələsməyi, Bakını tez bir zamanda düşməndən təmizləməyi tələb edirdilər. Lakin bu tələbi yerinə yetirmək elə də asan deyildi. Qafqaz İslam Ordusunun bir çox hərbi birləşmələri, vuruşlarla yanaşı, ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını almalı, asayişi təmin etməli olurdu. Həmçinin, top və silaha olan kəskin ehtiyac Türk hərbi birləşmələrinə düşmənə sarsıdıcı zərbə vurmağa imkan vermirdi. Silahın azlığından lüzumsuz yerə atəş açılmırdı. Döyüşlərin getdiyi yerlərdə su qıtlığı olduğundan, əsgərlər arasında yoluxucu xəstəliklər yayılmışdı ki, bu da ordunun gücünə olduqca mənfi təsiri göstərirdi. Bütün bu amillər Bakı üzərinə hücumu sürətləndirməyə mane olurdu. Qarşıda hələ ermənilər tərəfindən tamamilə yandırılmış, talan edilmiş və yerli müsəlman əhalidən boşaldılmış Şamaxı şəhərini və qəzasını azad etmək vəzifəsi dururdu. Şamaxının müdafiəsinə isə Sovet qoşunlarından əlavə, Şamaxı qırğınlarını törətmiş və türk qoşunlarının intiqamından qorxan yerli erməni-molokan əhalisindən ibarət silahlı qüvvələr – böyük döyüş qabiliyyətinə malik keçmiş cəbhəçilər cəlb olunmuşdu.

İyul ayının 6-da Türkiyədən Azərbaycana 65 zabit və 2.475 sıravidən ibarət daha bir hərbi birləşmə yola salındı. Eyni zamanda, Nuru Paşa Bakı üzərində Osmanlı hərbi qüvvələrinin yürüş etdiyi kimi görüntünü dəyişmək üçün Qafqaz İslam ordusunda yeni təşkilatlanma apardı. Mürsəl Paşanın rəhbərliyi altında Bakı (Şərq) Cəbhəsi quruldu, hərbi qüvvələr iki – Şimal və Cənub qruplarına ayrılaraq podpolkovnik Osman bəyin və podpolkovnik Həbib Səlimovun komandanlığına verildi. Şımal qrupu Şamaxı, Cənub qrupu isə Kürdəmir-Hacıqabul-Bakı dəmir yolu xətti boyunca cənuba doğru irəliləməli və qarşılarındakı düşmən qüvvələri darmadağın edərək Bakıya yaxınlaşmalı idi. İyul ayının ortalarında Şimal qrupunun birləşmələri Şamaxı istiqamətində hücuma keçdilər.

Qarşıya qoyulan vəzifə Qızıl Ordu birliklərini mühasirəyə salmaqla, onların Bakıya doğru çəkilmələrinin qarşısını almaq və tamamilə məhv etmək idi. Bir neçə gün davam edən və son dərəcə ağır coğrafi şəraitdə aparılan döyüş əməliyyatları nəticəsində erməni-bolşevik qüvvələrinin bu bölgədə əsas qərargahı olan Mədrəsə erməni kəndi alındı, iyul ayının 20-nə kimi isə Şamaxı şəhəri və bütünlükdə qəzanın əraziləri düşməndən azad edildi. Lakin ordu komandirləri Amazasp və Kazarov başda olmaqla erməni dəstələrinin müqavimət göstərə bilməyib, Bakıya doğru qaçması nəticəsində qarşıya qoyulan vəzifəni sonadək yerinə yetirmək - Qızıl Ordunun birləşmələrini tam darmadağın etmək və beləliklə, onun yenidən öz qüvvələrini toplamaq və möhkəmlətmək imkanının qarşısını almaq - mümkün olmadı.

Həmin dövr Sovet qoşunlarında siyasi rəhbər kimi xidmət edən Anastas Mikoyan Şaumyana göndərdiyi teleqramda Türk qoşunlarının hücumu qarşısında cəbhədəki mövqelərini əmr olmadan tərk edən və bütün briqadasını özü ilə aparan Amazaspı xəyanətdə ittiham edərək məhkəməyə verilməsini tələb edirdi. Lakin erməni birləşmələri Şamaxı qəzasından sadəcə qaçmırdı, onlar yol boyu bir daha artıq dağıdıb yandırdıqları kəndlərə girərək təsərrüfatlarını bərpa etməyə çalışan kəndliləri öldürür, rastına gələn əmlakı və məhsulu isə talan və qarət edirdilər. Bu işdə yerli erməni əhalisi əsgərlərə dayaq olur, azərbaycanlılara öz kəndlərinə qayıtmağa imkan vermirdi. Odur ki, türk hərbi birləşmələri Şamaxının təkrar hücumlara məruz qalan kəndlərini bir-bir azad etməli və yerli əhalini öz məskənlərində yerləşdirməli olurdu. Türk qoşunlarının hücumu qarşısında Şamaxı qırğınlarında ən fəal şəkildə iştirak etmiş erməni əhalisi də erməni qoşunları ilə birgə Bakıya qaçırdı. Şamaxı faciələrində ermənilərin müttəfiqi olmuş və sonradan ayrıca hərbi birləşmələr kimi bolşevik-erməni ordusuna cəlb edilmiş qəzanın molokan-rus əhalisi isə türk qoşunlarının hücumu qarşısında bolşevik komissarı A.Mikoyanın bütün təkid və təhdidlərinə baxmayaraq, cəbhəni tərk edərək öz kəndlərinə qayıtdılar, Türk komandanlığının təklifini qəbul edərək silahlarını təhvil verdilər və təhlükəsizliklərinə təminat aldılar.

Beləliklə, Türk İslam Ordusunun Şimal qrupu Şamaxı-Mərəzə, Cənub qrupu isə Salyan-Neftçala bölgələrini, iyulun 27-də isə Hacıqabul məntəqəsini aldıqdan sonra Ordu qarşısında Bakıya doğru əsasən düzənlik və su olmayan ərazilər açıldı. Ay yarımdan bəri daimi döyüşlər aparan Qafqaz İslam Ordusu, verdiyi itkilərlə bağlı hərbi gücün azalmasından əlavə, silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklərlə üzləşirdi. Ordunun hərəkəti çox vaxt nəqliyyat, qatar, mənzil təşkilatı, ərzaq ehtiyatı olmadan yürüdülürdü. Cəbbəxana çox uzaqlardan, təhlükəli yollardan keçərək gəlirdi. Sursat yoxluğundan əsgərlər bir çox döyüşlərdə süngü hücumuna keçir, bəzi yerlərdə hərəkəti dayandırmaq məcburiyyətində qalır, hətta qalib gəlmək imkanı yüksək olan bir sıra əməliyyatlarda geri çəkilmək əmri alırdılar. Lazımi ləvazimat olmadığından ordunun istehkam qurmaq imkanları məhdud idi. Bolşevik-erməni birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolları ətrafında yararlı su və ərzaq mənbələrini məhv edirdilər. İxtisaslı mütəxəssis tapmaq çətin olduğundan dağıdılmış rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmaq işləri ləng gedirdi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə get-gedə artırdı. Məs., Şimal qrupu iaşə maddələrinin təminat mərkəzi olan Kürdəmirdən 100 kilometr uzaqlaşmışdı. Bununla belə, Şamaxıda bir qədər yubanmaq, hərbi sursat və 15-20 günlük ərzaq ehtiyatı hazırlamaq barədə verilən təklifə Nuru paşa “dünyadakı siyasi şərtlərin vaxt itkisini qəbul etmədiyini” və Bakının tezliklə ələ keçirilməsinin vacibliyini bildirirdi.

1918-ci il avqustun 5-də səhərə yaxın Türk İslam Ordusu bütün istiqamətlərdən Bakıya doğru hərəkətə başladı və qarşısındakı rus-erməni-ingilis hərbi qüvvələrini addım-addım geri çəkilməyə vadar etdi. Şimal qrupu Bayıl yüksəkliklərini ələ keçirərək Bakıya yaxınlaşdı. Şəhərə ziyan verməmək üçün top atəşləri yalnız əsgər səngərlərini nişan alırdı. Düşmənin telefon danışıqlarından məğlubiyyət qarşısında şəhərin, o cümlədən, neft mədənlərinin yandırılıb-dağıdılması planlarının müzakirə edildiyi məlum oldu. Bakının azad edilməsi zamanı şəhərin xarabazarlığa çevrilməsinin qarşısını almaq Ordunun əsas vəzifələrindən birinə çevrildi.

Bakıya hücumun ilk saatlarında düşmənin birinci müdafiə xəttini yaran türk-azərbaycanlı birləşmələr getdikcə hərbi sursatın çatışmazlığı ilə üzləşdilər, xüsusilə top mərmilərinin qurtarması piyada hissələrin ağır itkilər verməsi ilə nəticələndi. Yaranmış vəziyyətdə təşəbbüsü ələ alan düşmənin hücumu dəf edilsə də, həmin gün şəhəri almağın qeyri-mümkün olduğu aydınlaşdı. Düşmənin Xəzər gəmisindən açdığı top atəşlərini susdurmaq, hava hücumundan qorunmaq, telefon və teleqraf rabitəsini qaydaya salmaq üçün lazımi sursat və avadanlığın olmaması döyüşləri davam etdirməyi təhlükəli edirdi. Odur ki, daha çox itki verməmək üçün, böyük dəyanət və fədakarlıqlar göstərən, sürünərək düşmən səngərlərinə çatan türk-azərbaycanlı əsgər və zabitlərinə geri çəkilmək əmri verildi. Ordunu bir yerə yığmaq, qüvvələri toplamaq və yüksəkliklərdə mövqe tutmaq, kifayət qədər silah-sursat və əsgəri kömək gələnə qədər bu vəziyyəti qoruyub saxlamaq qərara alındı. Bununla da Bakının azad olunması düz 40 gün təxirə düşdü.

***

Bakı uğrunda döyüşlərin başlandığı vaxtdan şəhərin özündə hadisələr sürətlə bir-birini əvəz edir, hakimiyyətlə cəmiyyət arasında gərginlik və xaos gündən-günə güclənirdi. 1918-ci ilin martından sentyabradək Bakı və onun ətraf kəndlərinin müsəlman əhalisi erməni quldur dəstələrinin tam mənası ilə girovuna çevrilmişdi. Rus generalı Lyadovun şəhadətinə görə, “daşnak zabitlərinin başçılıq etdiyi və demək olar ki, yalnız heç bir döyüş qabiliyyəti olmayan erməni cəbhəçilərindən ibarət Bakı Sovetinin qoşunları ətraf kəndlərdə soyğunçuluqla məşğul olur və müsəlman kəndlisini daha da qəzəbləndirirdi”. Şəhərdə hökm sürən qanunsuzluq və özbaşınalıq, saysız-hesabsız müsadirələr və açıq-aşkar qarətlər daha da dərinləşən ərzaq böhranı ilə müşahidə olunurdu. Çörək yalnız orduya verilirdi, əhali aclıq çəkirdi və vəziyyət getdikcə daha çox təhdidedici xarakter alırdı. Hər gün Gəncədən hücuma keçmiş azərbaycanlı silahlı qüvvələrinə türklərin yardımı, sonradan isə Qafqaz cəbhəsini yarmış türk qoşunlarının şəhərə yaxınlaşması barədə xəbərlər gəlirdi. Yayın ortalarında Bakı şəhərinin özündə Bakı Sovetinin vəziyyəti güclü surətdə sarsılmışdı.

Digər siyasi qüvvələrin (sağ eserlərin, menşeviklərin və s.) bolşeviklərə qarşı çıxış və qəsdlərinin qarşısı alınsa da, son nəticədə nə çar ordusunun polkovniki L.Biçeraxovla qısamüddətli saziş, nə də Sovet Rusiyasının geniş miqyaslı yardımına ümidlər özünü doğrultdu. Birinci dünya müharibəsində Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin rəhbəri, siyasi görüşlərinə görə qatı monarxist, osetin əsilli L.Biçeraxov İrandakı ingilis hərbi qüvvələrinin komandanlığı ilə gizli razılığa gələrək, Bakı Xalq Komissarları Sovetinə müraciət edib, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Biçeraxovun 1500 nəfərlik kazak dəstəsindən istifadə etmək məcburiyyətində qalan Şaumyanın razılığını alandan sonra bu hərbi qüvvələr 1918-ci il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə çıxarılmışdı. Lakin Bakı müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul edən Bişeraxovun bolşeviklərlə və şəxsən Şaumyanla əməkdaşlığı baş tutmadı. Nəticədə Biçeraxov Bakı bolşevik liderlərinə qarşı bir sıra ittihamlar irəli sürərək, Türk-Azərbaycan qoşunlarının Bakıya sürətli yürüşü qarşısında iyulun 30-da, artıq Qızıl Ordu birlikləri ilə kiçik silahlı münaqişələrə girən öz ordusunu cəbhə xəttindən çıxardı və Dağıstanda bolşeviklərə qarşı üsyan qaldırmış qardaşı Konstantinin köməyinə getdi. Bişeraxovun bu addımını xəyanət adlandıran qırmızı komissarlar artıq bütün ümidlərini Rusiyadan gözlədikləri hərbi köməyə bağladılar.

Bakıda Sovet hakimiyyətinin düşdüyü vəziyyətin bütün ciddiliyini başa düşən V.İ.Lenin G.Petrovun başçılığı ilə 780 nəfərlik yüksək döyüş məharətinə malik və yaxşı silahlanmış ordu birləşməsini Ukrayna cəbhəsindən çıxararaq Bakıya göndərdi. İyulun 19-da Bakıya çatan və vəziyyəti öyrənən Petrov Bakı və ətrafında yaşayan rus fəhlə və kəndlilərinə müraciət edərək Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsi silaha sarılmağa çağırdı. Petrovu bu addımı atmağa vadar edən səbəb yalnız Türk qoşunları qarşısını kəsmək üçün peşəkar və "xalq azadlığı yolunda canlarını fəda etməyə hazır" orduya olan ehtiyac deyil, həm də 60-70 % ermənilərdən ibarət Qırmızı Orduda hökm sürən intizamsızlıq, döyüşdən yayınma və xüsusilə fərarilik hallarının artması idi. Təsadüfi deyil ki, cəbhədə və Qırmızı orduda vəziyyəti dəyişmək üçün Petrovun və Bakı komissarların bütün cəhdlərə baxmayaraq, xüsusilə Şamaxı məğlubiyyətindən sonra, şəhərdəki gərginlik getdikcə artmaqda davam edirdi. Qafqaz İslam Ordusunun Bakı yaxınlığında dayanması, şəhərin qeyri-bolşevik rus və erməni əhalisinin artmaqda olan qorxu və həyəcanı bir tərəfdən, şəhərin özündə hökm sürən özbaşınalıq, anarxiya, aclıq, ərzaq, xüsusilə çörək qıtlığı digər tərəfdən bolşeviklərin hakimiyyətini sarsıdır, Bakının “xilası” üçün ingilisləri dəvət etmək çağırışları güclənirdi.

Bakı komissarları 25-26 iyul tarixlərdə keçirdikləri fövqəladə iclaslarda Sovet Rusiyasından 5 gəmi silah, ərzaq və s. gəldiyi haqda məlumatlar yayaraq, ingilis hərbi qüvvələrinin türk ordusu qarşısında dura bilməyəcəyinə dair dəlillər gətirsə də, iclasdakı daşnaklar və menşeviklər ingilislərin Bakıya dəvət edilməsinə qərar verdilər. Bu halda Şaumyan və silahdaşlarının rəhbərlikdən gedəcəkləri haqda bəyanatlarının heç bir təsiri olmadı.

Erməni mənbələrində Şaumyanın hakimiyyətdən imtina etməsinin başqa bir versiyası göstərilir: “Bolşeviklərin gücü qalmamışdı, bolşevik hakimiyyətinin dəyişdirilməsi – şəhərin ingilislərə təhvil verilməsi məsələsi müzakirə edilirdi. İyun ayının 29-u axşam Şaumyan, Caparidze, Şeboldayev, bütün partiyaların, hərbi hissələrin və erməni milli şurasının nümayəndələri (Rostom, Petrov, Amazasp, Əmiryan və digərləri) hospitalda, general Baqratuninin çarpayısının ətrafında toplaşmışdılar. General Baqratuni sual verdi: "Bizim cəbhədə nəyimiz var? Cavab belə oldu: "Bir neçə yüz nəfər". Onda Baqratuni yaxın günlər ərzində bolşeviklərin hansı qüvvələrə ümid etdiklərini soruşdu. Ona cavab verdilər ki, Şimali Qafqazdan, sonra isə Həştərxandan və Muğandan 1000-1500 nəfər gözləyirlər. General Baqratuni dedi ki, bu azdır və buna ümid etmək olmaz. İngilislərin dəvət edilməsi məsələsi qəti şəkildə qoyuldu. Şaumyan cavab verdi: "İngilisləri heç bir halda". General Baqratuni qeyd etdi ki, mənəvi təkan zəruridir. O zaman türkləri geri oturtmaq üçün yerli qüvvələr də kifayət edərdi. Bolşeviklərin artıq belə ruhlandırıcı elementi qalmamışdı. İştirakçılardan qeyri-bolşeviklər Şaumyanın hakimiyyətdən getməsini tələb etdilər. Şaumyan bəyan etdi ki, o, hakimiyyətdən gedir".

Beləliklə, 1918-ci il iyulun son günlərində tam tənəzzülə uğrayan bolşevik hökuməti öz səlahiyyətlərini könüllü surətdə təhvil verərək hakimiyyətdən kənarlaşdı. Yeni qurulan və “Sentrokaspi diktaturası” adlanan hakimiyyət özünün yalnız iki əməli ilə – şəhər əhalisini az da olsa, ərzaqla təmin edə bilməsi və Bakının “müdafiəsi” üçün ingilisləri dəvət etməsi ilə yadda qaldı. İngilislər erməni milli şurasının İrana ezam olunmuş üzvləri M. Ter-Poqosyanın və S.Araratyanın “dəvətini” qəbul etdilər. Belə ki, onları Bakıya siyasi maraqlardan başqa, həm də “böyük ehtiyac duyduqları neft və benzin cəlb edirdi”. Erməni mənbələrinin iddia etdiyinə görə, şəhərdə olduqları müddətdə ingilislər yerli hökumətdən qərarlaşdıqları kimi “25 pud deyil, əvəzi ödənilmədən 62.420 pud benzin aldılar, bunun müqabilində isə gözlənilən sayda qoşun belə gətirmədilər”.

Bakıdakı erməni-rus qüvvələrindən əlavə Azərbaycanın cənubunda, Lənkəran bölgəsində yerləşən və bolşevik hakimiyyətini tanımayan keçmiş Çar Rusiyası sərhəd və hərbi birləşmələri, eləcə də rus əhalisi İrandakı ingilis qüvvələrinin komandanı general Denstervil ilə əlaqə yaratmış, türklərə qarşı ingilislərlə birlikdə döyüşəcəklərini bildirmiş, Muğan düzündə yaşayan rus əhalisinə hərbi təlimlər verilməsini xahiş etmişdilər. Kifayət qədər silahlanmış, yaxşı ərzaq ehtiyatları olan bu hərbi qüvvələrin də xahişini ingilislər məmnuniyyətlə qəbul etmişdilər.

Avqustun ilk günlərində Xırdalan-Biləcəri istiqamətində şiddətli döyüşlər getdiyi, Bakının qərbindəki Qurd qapısı təpələrinin isə Qafqaz alayı tərəfindən tutulduğu və artıq Bakının mənzərəsinin türk qoşunlarına açıldığı vaxt şəhərdən qərargaha gələn bir məlumatda Ənzəlidəki ingilis qoşunlarının 48 saat ərzində Diktatura hökumətinə köməyə gələcəyi, Petrovun əsgərlərinin də hələlik şəhəri qoruduğu, lakin banklarda olan pul və qiymətli əşyaları gəmilərə yükləyib qaçmağa hazırlaşdıqları xəbər verilir, Bakının tezliklə ələ keçirilməsi üçün tələsməyin vacibliyi vurğulanırdı. Avqustun 3-də, Bakının artıq mühasirəyə alındığı bir şəraitdə Şərq Cəbhəsi komandanı Mürsəl Paşa Bakıdakı Erməni Milli Şurasına məktub göndərərək şəhəri döyüşsüz təhvil veriləcəyi halda milli və dini mənsubiyyətindən asılı olmayaraq Bakının bütün sakinlərinin hüququnun qorunacağı, xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verdiyini bildirdi. Məktubda, əgər şəhər təslim olmazsa, axıdılacaq qanlara və dəymiş zərərə görə Erməni Milli Şurasının cavabdeh olacağı vurğulanırdı. Erməni Milli Şurası bu məktuba cavab vermədi.

Avqustun 4-də İrandakı ingilis silahlı qüvvələrinin komandanı general Denstervilin başçılığı ilə Bakıya daxil olan ingilis qoşunları burada qarşılaşdıqları vəziyyətdən heyrətə gəldilər: demək olar ki, əsasən ermənilərdən ibarət olan qoşunlar tamamilə qeyri-mütəşəkkil idi, əmrlərə tabe olmurdu və heç bir zabitin öz əmrlərində təkid etməyə cürəti çatmırdı. İngilis zabitləri “cəbhənin böyük ərazilərini boş buraxaraq, həmin zaman hansı mitinqdəsə siyasi nitqlər dinləyən, və ya rəfiqələri ilə şəhərdə çay içən Bakı müdafiəçilərinin qəribə hərbi etikasına” mat qalmışdılar. Lakin “Bakının şanlı müdafiəçiləri” öz döyüş postlarını yalnız mitinqlərə və ya rəfiqələrinə görə boş buraxıb getmirdilər. Onlar bütöv dəstələrlə cəbhə xəttinin yaxınlaşdığı Bakı kəndlərinə - Ramana, Balaxanı, Əhmədli, Biləcəri, Binəqədi və d. - basqınlar törətmək, müsəlman əhalisini qətlə yetirmək, qarət etməklə məşğul olurdular. Erməni əsgərlərinin Bakı kəndlərinin sakinləri – silahsız və müdafiəsiz azərbaycanlılar qarşısında “qəhrəmanlıqlarına” dair saysız-hesabsız faktlar general Denstervilin bu şəhadəti ilə “tamamlanır”: “Yerli qoşunlar, əksər hallarda ermənilər səngərlərin qazılması ilə çox az məşğul olurdular və onlar buna məcbur edildikdə belə cavab verirdilər: “Biz nə üçün səngər qazmalıyıq? Biz ümumiyyətlə səngər qazmaq istəmirik, bu, qorxaqların işidir, biz isə döyüşmək istəyirik”. Onlar zəncirvarı qaydada qayaların arxasında düzülür və oradan havaya atəş açırdılar. Onlar bu manevri adətən türklər hücuma keçmək barəsində heç düşünmədikləri və ən yaxın türk əsgərinin bizdən üç min yard məsafədə olduğu vaxtlarda edirdilər. Bir dəfə türklər öz mövqelərindən çıxdılar və günün günorta çağı açıq dərə ilə hərəkət etməyə başladılar. Erməni batalyonuna komandanlıq edən zabitlərimdən biri öz adamlarına səngərlərdən çıxmağı və əks-hücuma keçməyi əmr etdi. Qoşunlar hərəkət etməkdən imtina etdilər və onların nümayəndəsi qışqırdı: “Necə yəni oraya gedin? Axı orada türklər var!”

Bununla belə, ingilis qüvvələrinin Bakıya girməsi və şəhərin müdafiəsinə qoşulması ilə cəbhədə vəziyyət ciddi surətdə dəyişdi. İngilis komandanlığı, yeni hökumətin Bakıdan çıxmağa imkan vermədiyi bolşevik Petrovun hərbi qüvvələrinin əhəmiyyətli dəstəyi ilə avqustun 5-də hücuma keçən Türk ordusunun qarşısını ala bildi. Lakin ertəsi gün şəhərin “müdafiəçiləri” türk qoşunları üzərinə hücum etsələr də, üstünlük qazanmaq cəhdləri baş tutmadığından, yenidən müdafiə mövqeyinə keçdilər. Bundan sonra Bakı şəhəri rus-erməni-ingilis hərbi qüvvələrinin nəzarəti və Qafqaz İslam ordusunun mühasirəsində daha 40 gün yaşadı.

***

Bakının azad edilməsi məsələsi yalnız hərb meydanlarında deyil, həm də daha geniş dairələrdə - regionda maraqları olan qüdrətli dövlətlərin siyasəti ilə həll olunurdu. Azərbaycan torpaqlarını işğaldan azad edəcək türk qoşunlarının rəsmi Osmanlı ordu birləşmələri olmadığını göstərmək üçün Qafqaz İslam Ordusu adlandırıldığı qeyd edilmişdi. Lakin bu ordunun ilk dəstələrinin may ayının sonlarında Gəncədə apardığı əməliyyatların doğurduğu əks-səda ən əvvəl Bakıdakı bolşevik hakimiyyətində ciddi narahatlıq yaratdı və Moskva dərhal vəziyyətdən xəbərdar edildi. Hadisələrin gedişini və türk ordusunun hərəkətini diqqətlə izləyən Sovet Rusiyası Xarici İşlər naziri Çiçerin Osmanlı hökumətinin Moskvadakı səfiri Qalib Kamala nota təqdim edərək Sovetlərin Brest-Litovsk müqaviləsi ilə Qars, Ərdahan və Batumu Osmanlı dövlətinə verdiyini, lakin bundan sonra türklərə heç bir ərazilərin güzəştə gedilməyəcəyini bildirdi. Notada Türk hərbi qüvvələrinin Gümrünü ələ keçirməsi, bununla kifayətlənməyərək Azərbaycanın daxilində Bakıya doğru irəliləməsi Sovetlər üçün onsuz da ağır olan Brest-Litovsk müqaviləsinin kobud şəkildə pozulması kimi qiymətləndirilir və hərbi hərəkatın təcili sürətdə dayandırılması tələb edilirdi.

Çiçerin həmçinin, Bakı neftində gözü olan Almaniyanı müttəfiqi Osmanlı dövlətinə qarşı qaldırmaq üçün də bir sıra addımlar atdı. Almaniyanın İstanbuldakı səfiri Bernsdorff, Tələt paşa, Ənvər paşa, Xarici İşlər naziri Nəsimi bəy ilə aparılan görüş və yazışmalarda bu məsələ tam kəskinliyi ilə qoyuldu. Türkiyə rəsmiləri Qafqazdakı hərbi əməliyyatları Nuru paşanın heç kimdən əmr almadan girişdiyi şəxsi təşəbbüsü və Azərbaycandakı türk könüllüləri ilə birgə başladığı fəaliyyəti kimi qələmə verərək, Osmanlı dövləti ilə heç bir əlaqəsi olmadığını bildirir və müttəfiqi Almaniyanı da bu qənaətdə inandırmağa çalışırdı. Təsadüfi deyil ki, Qafqaz İslam Ordusu Komandanlığına göndərdiyi açıq əmrdə Ənvər paşa Gəncədəki hərbi hərəkatın dərhal dayandırılmasını tələb edir, Şərq Orduları Qrupu komandanı Xəlil paşa və Qafqaz İslam Ordusu komandanı Nuru paşaya göndərdiyi gizli və şəxsi əmrlərdə isə Bakının düşmən tapdağından ən qısa müddətdə qurtarılması üçün çox sürətli hərəkət edilməsini tapşırırdı.

Azərbaycandakı hadisələri diqqətlə izləyən İngiltərə də neft Bakısının bolşeviklər ilə Osmanlı dövləti və Almaniyanın maraqlarının toqquşduğu meydana çevrildiyini və onların birinin əlinə keçəcəyi təqdirdə, ingilislərin əleyhinə olan nəticələrə gətirib çıxaracağını düşünürdü. Bakı türklərin və bilavasitə almanların əlinə keçəcəyi halda neftin borularla Batum limanına çatdırılmasının mümkün olacağı, bundan da Almaniya iqtisadiyyatının müharibə şəraitində böyük bir qazanc əldə edəcəyi şübhəsiz idi. Bundan başqa, ingilislərin ehtimalına görə, Osmanlı dövləti pantürkist əməlləri üçün mühüm bir mövqe əldə edəcək, Bakıdan İran və Türküstana və ordan da Əfqanıstana keçərək Hindistandakı ingilis müstəmləkə idarəçiliyi üçün böyük bir təhlükə yaradacaqdı. Beləliklə, ilk növbədə, Bakının türklərin əlinə keçməsinin qarşısını almaq lazım idi. Bu məqsədlə İngiltərə özünün İraqdakı hərbi qüvvələrdən bir hissəsini Fars körfəzindən Cənubi AzərbaycandaXəzər dənizi sahillərinə gətirdi. Daha sonra, bolşeviklərin hakimiyyətini qəbul etmədikləri halda, türk qoşunlarının qarşısının alınması zərurəti qarşısında rus polkovniki Biçeraxovun kazak dəstələrini Bakıdakı bolşevik hərbi qüvvələrinə dəstək olmaq üçün göndərdi. Bakı komissarları hakimiyyətdən getdikdən sonra isə, general Denstervilin komandanlığı altında ingilis qoşunları 1918-ci il 5 və 17 avqust tarixlərdə özləri Bakıda peyda oldular.

İslam Qafqaz Ordusu işğal altında olan Azərbaycan bölgələrini azad edə-edə Bakıya yaxınlaşdıqca, bolşevik komissarlarından Moskvaya geniş hərbi yardım göndərmək barədə tələblərin sayı günü-gündən artırdı. Özü vətəndaş müharibəsi, xaos və qıtlıq burulğanında boğulan, digər tərəfdən həmin günlər Saritsında qalxan antibolşevik üsyanı səbəbindən Bakı komissarlarına ciddi hərbi kömək göstərmək imkanından məhrum olan Sovet Rusiyası Osmanlı hökumətinə təzyiq üçün başqa vasitəyə əl atdı. Bakını istənilən halda öz əlində saxlamağa çalışan Rusiya avqust ayının əvvəllərində Almaniya ilə danışıqlara başladı və 27 avqust tarixdə bu iki dövlət arasında “Brest-Litovsk Müqaviləsinə əlavə” adlı bir saziş imzalandı. Bu sazişə əsasən Almaniya Kür çayına qədər olan Azərbaycan torpaqlarının Sovetlərin tərkibində qalmasına yardım etməli, bunun müqabilində isə Bakı neftinin yarısına sahib olmalı idi. Bu müqavilə Bakı ətrafında yaşanan gərginliyi daha da dərinləşdirdi və ən əvvəl Azərbaycan hökumətinin, xüsusilə M.Ə.Rəsulzadənin başçılığı ilə dövlətlərarası konfransda iştirak etmək üçün iyun ayının 24-dən İstanbulda olan nümayəndə heyətinin ciddi narahatlığına səbəb oldu.

Qeyd olunmalıdır ki, İstanbula gəldiyi gündən geniş diplomatik fəaliyyətə başlayan M.Ə.Rəsulzadə Osmanlı dövlətinin başçıları, bir çox ölkələrin səfirləri ilə görüşərək Azərbaycan üçün taleyüklü məsələlərin, xüsusilə Bakının azad edilməsi ilə bağlı problemlərin həlli ilə məşğul olurdu. Türkiyə rəsmiləri ilə görüşləri zamanı Rəsulzadə Azərbaycana yeni ordu hissələrinin və hərbi-sursatın göndərilməsi zərurətini əsaslandırmağa və razılıq almağa müvəffəq olmuşdu. Məhəmməd Əmin bəyin Bakıya ünvanlandırdığı məktublardakı bu sətirlər - “Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər” – bu razılıqların o qədər də asan başa gəlmədiyini göstərirdi. Beynəlxalq aləmdəki durumu və siyasi abu-havanı İstanbuldan daha yaxşı izləyən Rəsulzadə Baş nazır F.X.Xoyskiyə göndərdiyi məktubda yazırdı: “Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans (İstanbulda) baş tutmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Avropada mütləq gecikmədən təbliğat lazımdır”.

Təbii ki, belə bir şəraitdə Bakı məsələsi ən ciddi, azərbaycanlılar üçün isə təhlükəli şəkil alırdı. Bakının Azərbaycandan ayrılması istiqamətində ən müxtəlif fərziyyələr və planlar irəli sürülürdü. Xüsusilə Tiflis ictimaiyyəti arasında erməni qəzetləri və sosialist vərəqələrində geniş təbliğ edilən “Bakı “sərbəst şəhər” (volnıy qorod) olsun” şüarı israrlı surətdə Avropa siyasi cəmiyyəti arasında yayılırdı. Bu təxribat dolu xəbəri İstanbuldakı Tiflis nümayəndəliyindən alan Rəsulzadə alman səfiri ilə Berneffoltla görüşərək Almaniyanın Bakı ilə bağlı mövqeyinə aydınlıq gətirdikdən sonra, Bakıya göndərdiyi məktubda “Bakı məsələsinin əhəmiyyət kəsb etdiyini və almanların bolşevikləri tam narazı salmaq istəmədiklərini” vurğulayaraq yazırdı: "Nəyin bahasına olursa-olsun Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır".

Almaniya ilə Sovet-Rusiyası arasında bağlanmış yeni sazişin Bakıya aid maddələri Rəsulzadənin ehtimallarını təsdiqlədi. Bu sazişə etiraz olaraq Rəsulzadə Azərbaycan hökuməti adından Almaniyanın İstanbuldakı səlahiyyətli nümayəndəsi qraf Valdburqa nota təqdim etdi. Notada Azərbaycan xalqının rus inqilabından sonra irəli sürülən “hər millətin öz müqəddəratını özünün təyin etməsi hüququndan” yararlanaraq və Dördlər İttifaqı dövlətlərinin dostluq duyğularına istinad edərək əsrlərdən bəri altında əyildiyi rus boyunduruğunu üstündən atıb istiqlalını elan etdiyi” bildirilir, bu halda adı çəkilən müqaviləyə əsasən Bakı şəhərinin rus hakimiyyəti altında qalmasına Almaniyanın yardım etməsindən Azərbaycan hökumətinin son dərəcə təəccübü və təəssüfü ifadə edilirdi. Notada Bakının Azərbaycan ərazisində, Azərbaycan xalqının tarixində tutduğu yer, mədəni, iqtisadi, siyasi, milli bağlılığa dair konkret faktlar gətirilərək onun Azərbaycanın ayrılmaz bir parçası olduğu əsaslandırılır və bəyan edilirdi: “Bütün bu səbəblərdən, məmləkətin istiqlalını təmin etməkdən heç vaxt əl çəkməyən Azərbaycan xalqı Bakını azad etmək arzusundan heç bir şəkildə geri çəkilməyəcəkdir. Bu məsələ Azərbaycan üçün sadəcə bir ərazi mövzusu deyil, bir ölüm-dirim məsələsi şəkli almışdır”.

İstanbuldakı nümayəndəlik tərəfindən Etiraz Notasının surəti Osmanlı dövlətinin Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, həmçinin, bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də təqdim edilmişdi. M.Ə.Rəsulzadə həmin günlər M.H.Hacınskiyə məktubunda "Hökumət də ayrıca olaraq etiraz etməlidir və hay-küy qaldırmaq lazımdır" yazır və bir daha vurğulayırdı: "Bu xəyanətkarlığa ən böyük və layiqli cavab Bakının alınmasıdır".

Lakin Bakı məsələsində neft amilinin əsas rol oynadığını yaxşı anlayan Rəsulzadə, Sovet Rusiyası ilə sazişə əsasən Almaniyanı təmin edəcək bu şərti də diqqətsiz qoymayaraq, Notada Azərbaycan hökumətinin özünün neft ixracatı və əcnəbi sərmayələrin cəlb edilməsi siyasətində “Almaniya kimi nəhəng sənaye dövlətinin ticari və iqtisadi maraqlarını" nəzərə alacağını vurğulayırdı.

Diplomatik fəaliyyətə böyük əhəmiyyət verməklə yanaşı, Rəsulzadə bununla belə, Bakı məsələsinin yeganə həlli yolunun hərbi əməliyyatların uğurunda görürdü. Tələt Paşa və Bernsdorfla növbəti görüşlərindən sonra sentyabrın 6-da M.H.Hacınskiyə yazdığı məlumatdakı “Bakı məsələsi yalnız qüvvədən asılıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan...” sözləri Bakının alınmasının Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən “ölüm-dirim” məsələsi olduğunu göstərirdi.

Bakını xilas edəcək hərbi qüvvələr isə şəhərə birinci hücumdan keçən zaman ərzində ordunun möhkəmlənməsi sahəsində bir sıra işlər görməklə yanaşı, mütəmadi olaraq Bakının “müdafiəçiləri” ilə yerli xarakterli döyüşlərə girir, onun qüvvəsini zəiflədir və Bakı kəndlərini bir-bir ələ keçirirdilər. Belə döyüşlərdən biri avqustun 27-də Yanardağ-Binəqədi istiqamətində aparıldı və əksəriyyəti ingilislər olan böyük itkilərlə nəticələndi. Gen.Denstervil bu itkilərin verilməsində, həmçinin, 50-dən artıq ingilis əsgərinin əsir götürülməsində rus və erməni hərbi qüvvələrini günahlandıraraq 31 avqust-1 sentyabr tarixlərdə keçirdiyi iclaslarda “diktatorlara və cürbəcür komitələrə” açıq müraciət etdi: “Mən imkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə qurban verilsin. Biz, buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün müharibə aparmağa yox”. Daha sonra ingilis generalı yerli hakimiyyətə Bakının təslim edilməsi barədə danışıqlar aparmaq üçün türklərə nümayəndə göndərməyi təklif edərək birmənalı şəkildə bildirdi: “Yer üzündə heç bir qüvvə Bakını türklərdən qoruya bilməz”.

İngilis qoşunlarının Bakını müdafiə etməkdən imtina etməsi Sentokaspi hökumətini çaşdırsa da, ingilis hərbi birləşmələrinə yalnız Bakının xristian əhalisinin evakuasiyası və yerli qoşunlarla birlikdə şəhəri tərk etməyə icazə veriləcəyi bildirildi. Bu sözləri təzyiq kimi qiymətləndirən ingilis komandanlığı, eyni zamanda, quru yol ilə Bakını tərk etməyin qeyri-mümkünlüyü, dəniz yolunun isə tamamilə Xəzər Donanmasının nəzarəti altında olması səbəbindən, həmçinin, yerli hökumətin məhz ingilislərə görə Sovet Rusiyasının hərbi köməyinin rədd edildiyi, ingilislərin isə kifayət qədər qüvvə gətirmədiyi kimi təhdidləri qarşısında Qafqaz İslam ordusu ilə son döyüşə hazırlaşmağa qərar verdi. Bir neçə gün ərzində Ənzəlidən 900 nəfərlik ingilis qüvvəsi və Dağıstandan Biçeraxova tabe 500 nəfərlik hərbi birləşmə Bakıya gətirildi.

Qafqaz İslan Ordusunun komandanlığı da Türkiyədən gözlədiyi əlavə hərbi qüvvələr sentyabrın 9-da Bakıya yetişən kimi hücuma hazırlaşmaq qərarını verdi. Nuru Paşa Bakı yürüşündə daha yaxından iştirak etmək üçün sentyabrın 8-də Gəncədən Bakıya yollandı və 10-da Puta stansiyasındakı mövqelərə çatdı. Şərq Orduları Qrupunun Komandanı Xəlil Paşa da Bakı hücumunda şəxsən iştirak etmək üçün Bakıya gəldi.

Bakı neftinə sahib olmaqdan hələ də ümidlərini üzməyən və “müvəffəqiyyətləri öz adlarına çıxmaq istəyən” almanlar şəhərin azad edilməsində iştirak etmək üçün Tiflisdə olan bir alman batalyonunun Qafqaz İslam Ordusuna qoşulmasına nə qədər cəhd etsələr də, Nuru Paşa buna icazə vermədi. Ənvər Paşa da bu məsələdə qətiyyətli mövqe tutaraq alman hərbi qüvvələrinin Azərbaycana girməyinə imkan verilməməsi, “əgər zorla qüvvə göndərməyə təşəbbüs göstərərlərsə, bu halda dəmir yolu körpüsünün dağıdılması və hər halda keçmələrinə mane olunması” haqda Xəlil Paşaya əmrlər göndərdi. Həqiqətən, almanların icazə gözləmədən Bakıya göndərdikləri batalyonun yolu Gürcüstan sərhədindəki dəmir yolunun dağıdılması, teleqraf xətlərinin isə kəsilməsi ilə bağlandı.

Beləliklə, Bakını türk və Azərbaycan qoşunları azad etməli idi və sentyabrın 14-də gecə saat 2-də başlanması nəzərdə tutulan hücum qarşısında təxminən 8 minə qədər türk əsgər və zabiti, 7 min də azərbaycanlı nizami-milis qüvvələri Bakı cəbhəsində hazır vəziyyətə gətirildi.

Təyin olunan vaxt, hələ gecənin qaranlığında qərargahdan "irəli" əmri gələn kimi Bakını üzük qaşı kimi mühasirəyə almış qoşunlar Heybət-Bakı dəmir yolu və Şubanı-Bakı yolu istiqamətlərindən hərəkət etdilər və artıq gecə saat 3-də düşmənin birinci müdafiə xətti yarıldı. “Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı”. Qurd qapısı təpələri tərəfindən hücuma keçməyə hazırlaşan düşmən birləşmələri güclü top atəşinə tutularaq qarşısı alındı. Komandirləri başda olmaqla bu cəbhə xəttindən qaçan düşmənə, Bayıl ətrafında daha bir ağır zərbə vuruldu. Sallaqxana və Salyan kazarmalarındakı topçu batareyaları da türk toplarının atəşləri ilə susduruldu. Qərb Cəbhəsində nizamı pozulmuş rus, erməni və ingilislərdən ibarət birləşmiş qüvvələr, sahilə yığılıb, limandakı gəmilərə minməyə çalışsalar da, sahilə tuşlanan top atəşləri altında buna müvəffəq olmadılar.

Azərbaycanlılardan ibarət olan hərbi hissələr Sabunçu, Hövsan və Əhmədli istiqamətlərində hərəkət edərək bu mövqeləri ələ keçirdilər.

Hücumun ilk saatlarında türk qoşunlarının düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi general Denstervili heyrətə gətirmişdi. Hələ sentyabrın 12-də türk ordusundan qaçaraq ingilislərə sığınan ərəb əsilli bir əsgərdən Bakıya ediləcək əsl hücumun ayın 14-də Qərb cəbhəsindən başlayacağını bilsə də, “cəbhədəki bütün üstünlüklərin öz tərəflərində olduğunu” düşünən, lakin “buna baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrin artıq nə isə edə biləcəyinə ümidi” qalmayan ingilis generalı belə vəziyyətdə geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq qərarını verdi.

Nəticədə 14 saat fasiləsiz davam edən, dəyişkən uğurlar və böyük itkilərlə müşayiət olunan ağır, üzüntülü və qanlı döyüşlər demək olar ki, şəhərin 1 kilometrliyinə çatmış türk qoşunlarının tam üstünlüyü ilə gündüz saat 4-də hər iki tərəfdən dayandırıldı. Türk ordusu tərəfindən bu qərar yalnız döyüşçülərin yorğunluğu ilə deyil, həm də bəzi mövqelərdə Bakının kənar məhəllələrinə çıxmış hərbi hissələrə küçə döyüşlərində tələfat verməmək məqsədilə şərtlənirdi.

Yaranmış vəziyyətdə Qafqaz Ordusu qarşısında müqavimət göstərməyin artıq faydasız olduğu qənaətinə gələn gen. Denstervil həmin axşam öz qoşunlarını cəbhədən çıxardı və hərbi sursatları ilə birlikdə gəmilərə yüklənərək gecənin qaranlığında Ənzəli istiqamətində Bakını tərk etdi. Türklərin hələ şəhərə girmədiyi halda ingilis qoşunlarının qaçmasını xəyanət kimi qiymətləndirən Sentrokaspi hökumətinin bu gəmiləri topa tutaraq geri qaytarmaq cəhdləri boşa çıxdı. İngilislərin geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərinə yığılaraq Mahaçqalaya yola düşdülər. İngilislər çıxıb getdikdən sonra “xristian” Bakısı heç yarım gün də davam gətirə bilmədi.

Bakının ətrafında saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni komandiri İranın Bakıdakı konsulu Said-ol Vazere ilə birlikdə İran və ağ bayraqlarla türk batalyonu qərargahına gələrək şəhərin təslim olacağını bildirdi.

Lakin sentyabrın 15-də artıq səhər saat 9-da Azərbaycan ordusu arasıkəsilməz atəş səsləri altında Bakıya daxil oldu. Türk qoşunları şəhərə girməyərək onun yaxınlığında dayandılar. Bakının azad edilməsi bütün Azərbaycan xalqında görünməmiş bir ruh yüksəkliyi yaratmışdı. Xüsusilə mart hadisələrindən sonra daima qorxu, təlaş içində, ölüm və talan təhlükəsi altında yaşayan, qətl və qarətlərə məruz qalan, son aylar şəhərdən, axşamlar isə hətta evdən çıxmağa icazəsi olmayan Bakının müsəlman əhalisi neçə aydan bəri gözlədikləri bu qurtuluş günündə küçələrə, evlərin damlarına, balkonlara axışdı. “Məscidlərin minarələrindən gələn azan səsi ətrafa yayılırdı. Müsavatçıların dəstəsi Əhməd Cavadın qalibiyyət ruhlu “Bismillah” şeirini ucadan oxuyaraq Bakı küçələrindən keçdilər”.

“Ey Bakı, sən qorxma, gəldin, gələli

Səninçin atıldıq daim irəli!

Sağ qalanlar annələrə təsəlli,

Şəhidlərin ruhu gülər, Bismillah!

“Müsavat” partiyasının üzvlərinin qalibiyyət yürüşü etməkdə tam haqları var idi. Belə ki, liderləri M.Ə.Rəsulzadədən başlayaraq partiyanın ən sıravi üzvləri bu günü reallaşdırmaq üçün mümkün olan hər işi görmüşdülər. Müsavatçılar türk ordusu qərargahlarını xəritələr, planlar, ən müxtəlif xarakterli məlumatlarla təmin etmək, gizli tapşırıqları yerinə yetirməklə yanaşı, silahlı milis dəstələri şəklində Bakı uğrunda döyüşlərdə iştirak etmişdilər. Bakının “80 minlik müsəlman əhalisinin türk qoşunları ilə sıx rabitə saxladığı” gen. Denstervil tərəfindən də təsdiq edilirdi. İngilis qoşunlarının qərargahı, Denstervil özü də daxil olmaqla yüksək rütbəli zabitlərin yaşadığı və keçdikləri yerlər türklər tərəfindən “elə bir riyazı dəqiqliklə” atəşə tutulurdu ki, “müşahidəçinin ingilislərin cəmi yüz addımlığında olmasına şübhə qalmırdı”. Bütün səylərinə baxmayaraq, ingilislər “türk artilleriyası ilə Bakının hansı nöqtəsindən telefon əlaqəsi aparıldığını” müəyyən edə bilməmişdi. Bakının alınması ərəfəsində erməni əsgərləri 18 yaşlı gənci göyərçin uçurmaqla türklərə işarə verməkdə ittiham edərək valideynlərinin gözü qarşısında güllələmişdi. Mart hadisələri başlanandan öz aralarında barışıq elan etmiş Bakı qoçularının silahlı dəstələri də Bakının müsəlman müdafiəçiləri arasında vuruşmuş, türk qoşunları ilə təmasda olmuş və onlardan bir neçəsi göstərdikləri şücaətə görə şəxsən Nuru Paşa tərəfindən mükafatlandırılmışdı. İndi bu əhalinin hansı hisslərlə küçələrə çıxdığını təsəvvür etmək çətin deyildi.

Eyni zamanda, mart faciələrini törədən, sonrakı aylarda isə müsəlman əhalisini daim təzyiq altında saxlayan və bu siyasəti dəstəkləyən Bakının qeyri-müsəlman, xüsusilə erməni əhalisi arasında hansı əhvali-ruhiyyənin hökm sürdüyü məlum idi.

Hələ İslam Ordusu Bakı ətrafı təpələrdən şəhəri top atəşinə tutduğu günlər Bakının “müdafiəsinə” inanmayan erməni-rus əhalisi limanlara, vağzallara axışaraq şəhəri tərk etməyə başlamışdı. İngilislər gedəndən sonra isə sentyabrın 15-də səhər tezdən şəhərdə əsl xaos başladı. Ən əvvəl gen. Baqratuninin komandanlığı altında erməni qoşunları, əsasən zabitlər, döyüşlərin sonunu gözləmədən gəmilərlə Ənzəliyə qaçdılar, onların ardınca “Sentokaspi Diktaturası”nın və Erməni Milli Şurasının üzvləri, Daşnak liderləri və imkanlı ermənilər öz gəmilərində şəhəri tərk etdilər. Qaçmazdan əvvəl Bakının erməni “müdafiəçiləri” bankları, mağazaları, zənginlərin evlərini qarət edərək oğurladıqları əmlakı özləri ilə apardılar. Qalan xristian, əsasən erməni əhalisi Ağ və Qara şəhərdəki limanlara axışaraq gəmi, barja, kater, barkas, hətta kiçik qayıqlarda yer tutmağa tələsirdi. “Yaranmış böyük qarışıqlıq və çaxnaşma içində əsgərlər gəmilərdə pulemyot qoyaraq yalnız çoxlu pul verənləri buraxır, pul verməyənləri isə sadəcə olaraq süngü ilə dənizə itələyirdilər”.

Bununla yanaşı, şəhər özü, xüsusilə də onun ətraf kəndləri komandirləri tərəfindən atılmış, qaçmağa macal tapmamış minlərlə erməni əsgərləri ilə dolu idi və onlar, can verən yaralı vəhşi heyvan kimi yoluna çıxan hər kəsi öldürür, hər şeyi talan edirdilər. Yaranmış şəraitdə, Bakının azad edildiyi ilk günlərdə şəhərdə hökm sürən tam sərbəstlik şəraitində qanlı mart faciələrini yaşamış, sonrakı aylarda daima əzilmiş və təhqir edilmiş yerli müsəlman əhalisinin bir hissəsi şəhərdə olan az saylı türk əsgərləri ilə birlikdə öz intiqam və qisas yanğısını söndürmək üçün şəhərin erməni məhəllələrinə hücum etdilər.

Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti qırğınlara son qoydu. Paytaxta gəldiyinin ertəsi günü baş nazir F.X.Xoyski tərəfindən imzalanmış və əhaliyə elan edilmiş bəyanatda Azərbaycanda yaşayan bütün vətəndaşların, millətindən və dini etiqadından asılı olmayaraq, eyni hüquqlara malik olduğu, Hökumətin bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruyacağı bildirilir, qarətçi, qatil və ümumiyyətlə nizam-intizamı, ictimai qaydaları pozan şəxslərin, ölüm hökmü də daxil olmaqla, hərbi dövrün bütün sərt qanunları üzrə cəzalandırılacaqları bəyan edilirdi.

Uzun müddət anarxiya və qarışıqlığın hökm sürdüyü şəhərdə qayda-qanunun bərpa edilməsi istiqamətində vacib addım olan bu bəyanat əməldə də yerinə yetirildi. Şəhərdə bir neçə gün hərbi vəziyyət elan olundu. Cinayətkarların cəzalandırıldığının əyani olması üçün şəhərin müxtəlif yerlərində – Quba meydanında (Füzuli meydanı), Quru bağda (Parapet-Fəvvarələr meydanı), dəmir yol vağzalının qarşısındakı meydanda, dənizkənarı bulvarda, Qaraşəhər körpüsünün yanında dar ağacları quruldu. “İctimaiyyətin gözü qarşısında millətindən asılı olmayaraq dara çəkilən soyğunçuların sayı yüz nəfərdən artıq idi” və onların hər birinin sinəsində onun törətdiyi cinayətdən xəbər verən taxta lövhə asılmışdı. Cəzalandırılanlar arasında türk ordusunun qanunu pozmuş əsgərləri də var idi. Lakin hökumətin tez bir zaman ərzində şəhərdə qarət və soyğunçuluğun qarşısını almaq üçün gördüyü sərt tədbirlərə baxmayaraq, ermənilər, “yeni türk-tatar vəhşiliklərini” dünyaya bəyan etməklə, növbəti “Bakıda sentyabr qırğınları” təbliğat kampaniyasına rəvac verdilər və bu hadisələrə görə Azərbaycan hökumətini və türk qoşunlarını təqsirləndirdilər.

Sonralar, Azərbaycan Parlamentinin açılışı zamanı Nazirlər Kabinetinin hesabat məruzəsində F.X.Xoyski “Şəhər alınarkən yalnız məyusluq və təəssüf doğuran bəzi hadisələrin” baş verdiyini, Hökumətin bunu gizlətmədiyini və bu kədərləndirici faktların üstündən keçməyi ləyaqətsizlik hesab etdiyini” bildirəcək, eyni zamanda, bu faktları doğuran səbəblərə də diqqət çəkəcək: “Düşünürəm ki, bu hadisələrə ədalətli gözlə baxanlar təsdiq edərlər ki, dünyada heç bir hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qırılmışdı, onların insani hüquqları tapdanmışdı. Şəhər üç ay çəkən döyüşlərdən sonra alınmışdı və əhalinin qəzəbi ən yüksək həddə çatmışdı”.

Bu da qeyd edilməlidir ki, Bakı uğrunda sonuncu şiddətli döyüşlərin getdiyi günlərdə, S.Şaumyan, Caparidze, Korqanov və digərləri başda olmaqla, mart faciələrinin səbəbkarları olan bolşevik komissarları iki dəfə şəhəri tərk etməyə cəhd göstərərkən “Sentrokaspi Diktaturası” hökumətinin əmri ilə həbs edildilər, sonra isə gəmidə Krasnovodska aparılaraq orada eserlərdən ibarət yerli Zakaspi hökuməti tərəfindən güllələndilər.

Beləliklə, faciəli mart hadisələrindən beş ay sonra, çox ağır və mürəkkəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təşkilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək, Azərbaycan milli elitasının görkəmli nümayəndələri, “Müsavat” partiyasının rəhbərləri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının – türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusunun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını rus-erməni-ingilis qüvvələrindən azad etdilər.

M.Ə.Rəsulzadə bu xəbəri İstanbulda ilk əvvəl Ənvər Paşadan eşitdi: “...Ənvər Paşa həzrətləri telefon etdi: - Əmin bəy, Bakı alındı! - Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.

Ənvər Paşanın özünə Bakının “30 saat davam edən şiddətli müharibədən sonra zəbt edildiyi” xəbərini sentyabrın 16-da Nuru Paşa şifrə teleqramı ilə göndərmişdi. Qafqaz İslam Ordusunun yaradılmasına qərar verilən gündən bu məsələni daim diqqətdə saxlayan Türkiyənin Hərb naziri, eləcə də bir çox dövlət nümayəndələri Nuru Paşanı və Xəlil Paşanı və onların simasında türk əsgərini şəxsən bu böyük qələbə münasibətilə təbrik etdilər. Həmin gün Güzdəkdəki ordu qərargahından at üstündə Bakıya girən Nürü Paşa və Xəlil Paşa əvvəlcə Qırmızı kazarmaların yaxınlığında cəbhədə döyüşmüş bütün hərbi qüvvələrin iştirak toplandığı rəsmi keçid mərasimində iştirak etdilər, daha sonra Çəmbərəkənddən keçərək şəhərin mərkəzinə gəldilər və Azərbaycanın dövlət başçıları ilə birlikdə Tağıyevin qız məktəbinin binasının balkonundan türk və Azərbaycan hərbi qüvvələrinin keçidinə tamaşa etdilər. Türk Qafqaz Ordusunun keçdiyi bütün Bakı küçələri qaliblərə alqışlar yağdıran şəhər camaatı ilə dolu idi.

Bakının işğaldan qurtardığı gün Qurban bayramına təsadüf etmişdi və xalq hər iki bayram şərəfinə qurbanlar kəsirdi. Azərbaycan mətbuatı Bakının qurtuluşunu tərənnüm edən yazılar, şeirlər, türk komandanlığına ünvanlanmış təşəkkür məktubları, Azərbaycan hökumətinin ünvanına gələn təbrik teleqramları dərc edirdi. Sentyabrın 27-də türk komandanlığı bu böyük qələbə münasibətilə təntənəli şam məclisi verdi və Qafqaz İslam Ordusunun yüksək rütbəli zabit heyətini mərasimdə iştirak edən Azərbaycanın dövlət xadimlərinə, nüfuzlu şəxsiyyətlərinə təqdim etdi. Təbrik və təşəkkür nitqləri bir-birini əvəz edən məclisdən sonra onun iştirakçıları minarələri top və pulemyot mərmiləri ilə dağıdılmış Təzəpir məscidinə gedərək cümə namazı qıldılar. Şəhər sakinlərinin da axınla qoşulduğu namazda Bakı döyüşlərində həlak olan şəhidlərin ruhuna mövlud oxundu.

Bakının azad olunması uğrunda Gəncə vuruşlarından başlayaraq Qafqaz İslam Ordusunun 1142 nəfər zabit və əsgəri şəhid olmuşdu. Azərbaycan milisinin verdiyi qurbanlar bu rəqəmə daxil deyildi. Cəmi 2 ildən sonra bu siyahıya Bakının alındığı günlər erməni əhalisinin təhlükəsizliyini təmin etməməkdə günahlandırılan və erməni terrorçuları tərəfindən qətlə yetirilən Azərbaycanın görkəmli dövlət xadimlərinin – Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Behbud xan Cavanşirin adları əlavə olunacaq. Lakin 1918-ci ilin payızında bu insanlar Azərbaycan xalqı ilə birlikdə böyük bir tarixi hadisəni yaşayırdılar. Noyabr ayının 10-da rəngarəng xalılar, ay-ulduzlu al bayraqlarla bəzədilmiş Yay klubunda (Filarmoniyanın binası) Nuru Paşanın şərəfinə verdikləri təntənəli ziyafətdə Azərbaycan Hökumətinin başçısı Fətəli Xan Xoyski “Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz. Millət Sizə minnətdardır” deyə Azərbaycan türklərinin təşəkkürlərini Nura Paşaya bildirdi. M.Ə.Rəsulzadə, Əhməd bəy Ağayev, Nuru Paşanın yüksək emosional ruhda söylədikləri nitqlərdə Bakının Azərbaycana və Azərbaycan xalqına qaytarılmasının əhəmiyyəti və türk ordusunun qəhrəmanlığı ən təsirli sözlərlə ifadə edildi.

Bakının azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisənin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən geniş və çox təntənəli qeyd edilən birinci ildönümündə “Azərbaycan” qəzetinin yazdığı kimi: “Əgər 28 may tarixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü müstəqilliyin faktiki qazanılması və dövlətçiliyin əsaslarının yaradılması günü sayırıq”.

AzNews.az