“Türkiyə Azərbaycanın strateji tərəfdaşdır" - Beynəlxalq ekspert

“Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır” fikirləri böyük anlam kəsb edir”. AzNews.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-Türkiyə münasibətləri hər zaman olduğu kimi yüksək səviyyədədir: “Türkiyə Azərbaycanın strateji tərəfdaşdır. Eyni zamanda burada tək proqmatik münasibətlər deyil, həm də mədəni, iqtisadi münasibətlər və s. həmişəki kimi yüksək səviyyədədir. Ona görə də Türkiyə hər zaman beynəlxalq, regional səviyyədə Azərbaycanın yanında olub. Həmçinin mədəni əlaqələrin də burada əhəmiyyəti az deyil. Hər şey göz önündədir. Bütün bu bağlantılar Türkiyə ilə Azərbaycan arasında özünü bir neçə iqtisadiyyat, sahibkarlıq və digər sahələrdə də büruzə verir”.

T.Vahabov bildirib ki, Ərdoğanın paradda çıxışı həmçinin dünyaya bir mesajdır: “Türkiyə-Azərbaycan münasibətləri kimi başqa dünyada heç bir ikitərəfli, çoxşaxəli münasibət yoxdur. Bunun analoqu yoxdur. Azərbaycan regionda, bölgədə tək deyil. Çünki onun müttəfiqləri var. Bu müttəfiqlərin əməkdaşlığı nəticəsində ortaya qoyulan layihələr Ermənistanı düşündürməlidir”.

AzNews.az