Rusiyadan İbrahimbəyovun vətəndaşlıqdan çıxması ilə bağlı RƏSMİ AÇIQLAMA

"Rusiya Federasiyasının vətəndaşlığından çıxma proseduru müraciət edən şəxsin yaşayış yerindən asılıdır".

Bunu Rüstəm İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşlığından çıxmaq barədə müraciəti ilə bağlı APA-nın Moskva müxbirinə eksklüziv açıqlama verən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

D. Peskovun sözlərinə görə, vətəndaşlıqdan çıxmaq istəyən şəxs Rusiya Federasiyasında yaşayırsa, vətəndaşlıqdan çıxma proseduru yazılı ərizə əsasında ümumi qaydada həyata keçirilir: "Şəxsin ərizəsi, eləcə də tələb olunan sənədlər paketi Rusiya Federal Miqrasiya Xidmətində razılaşdırılır və vətəndaşlıq məsələləri üzrə Rusiya Federasiyasının Prezidenti yanında Komissiyaya təqdim edilir. Məsələ müsbət həll olunduqda bu barədə Rusiya prezidenti tərəfindən müvafiq fərman imzalanır. Ərizəyə 1 il ərzində baxılır".

D. Peskov şəxs xarici dövlətin ərazisində yaşadığı halda, vətəndaşlıqdan çıxma prosedurunun sadələşdirilmiş qaydada aparıldığını söyləyib: "Yazılı ərizə tələb olunan sənədlərlə birlikdə Rusiya Federasiyasının xaricdəki diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunur. Diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunan ərizənin baxılma müddəti isə təxminən 6 ay təşkil edir. Vətəndaşlıqdan çıxma proseduru şəxsin Rusiya Federasiyası vətəndaşlığından çıxması haqqında arayışı diplomatik və ya konsullu nümayəndəliklərindən almasından sonra bitmiş hesab edilir.

Əgər vətəndaşın Rusiya Federasiyası qarşısında federal qanunla yerinə yetirilməmiş öhdəliyi varsa, Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanları tərəfindən hər hansı cinayət işində adı hallanırsa və ya məhkəmənin onun barəsində ittihamedici hökmü qüvvəyə minibsə, eləcə də vətəndaşın başqa vətəndaşlığı və onu almağa zəmanəti yoxdursa, bu halda vətəndaşlıqdan çıxmağa icazə verilmir".

AzNews.az