İsgəndər Həmidovun mitinq çıxışı müxalifəti qarışdırdı

İqtidar düşərgəsində olduğu kimi müxalifətçilər də İ.Həmidovu "topa tutdular"


Milli Şuranın dünən keçirilən mitinqi ilə bağlı səsləndirilən tənqidi fikirlərin içində ən çox nəzərə çarpanı keçmiş daxili işlər naziri İsgəndər Həmidovun çıxışı barədə olan iradlardır.
Həm sosial şəbəkələrdə müxalif fəallar, həm də bir sıra müxalifət funksionerləri İsgəndər Həmidovun çıxışı sərt şəkildə tənqid etməkdən, onu MŞ-in mitinqinin səviyyəsini aşağı salmaqda ittiham etməkdən çəkinmir. Bildirilir ki, mitinqdə
ən böyük səhv onun çıxış haqqının tanınması olub.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev bildirib ki, İ.Həmidovun mitinqdə çıxış etməsi əvvəlcədən planlaşdırılmayıb: "Dünənki mitinqdə çıxış edəcək şəxslərin siyahısı əvvəlcədən müəyyənləşdirilmişdi. Ancaq o siyahıda İsgəndər Həmidovun adı yox idi. İsgəndər Həmidov mitinq zamanı çıxışa yazılıb"
.
A.Quliyevin sözlərinə görə, mitinqdə bir neçə adam çıxış etdikdən sonra İ.Həmidov da çıxış etmək istədiyi ilə bağlı müraciət edib və ona da söz verilməsi razılaşdırılıb.

Məlum olduğu kimi İ.Həmidovun çıxışı, daha doğrusu çıxışı vaxt səsləndirdiyi fikirlər hakim Yeni Azərbaycan Partiyasının da qəzəbinə tuş gəlib. Hətta icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı İ.Həmidovun çıxışı barədə Mərkəzi Seçki Komissiyasına şikayət etdiklərini və onun cəzalandırılmasını istədiklərini bəyan ediblər.

Anar