Vidadi Mirkamal: “Milli Şura idarə olunmur”

"Milli Şura özünün legitim, idarəetmə orqanlarını yaratmalı, eyni zamanda təmizlənmə işləri aparılmalıdır. Bu proses isə gecikir".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın Hüqüq Komissiyasının sədri Vidadi Mirkamal bildirib.

Milli Şuranın üzvü, "El" hərəkatının sədr müavini Zəfər Quliyevin ittihamlarını cavablandıran V. Mirkamal onun dediklərinə də münasibət bildirib.

"Milli Şura prezident seçkilərindən sonra toplanmayıb. Bu faktdır. Bununla bağlı bizim də iradlarımız var. Əlbəttə, cəmiyyətdə xeyli gözləntilər var. Hazırda Milli Şura başsız və ayaqsız orqan kimidir. Nə qədər ki, Milli Şura bu problemlərini həll etməyib dedi-qodular da artacaq. Bunlar isə nəticədə partiyalar arasında xoşagəlməz münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq".

V. Mirkamal bildirib ki, Milli Şura idarə olunmur:

"Cəmil Həsənli ABŞ səfərindən dönən kimi sessiya çağırılmalı və bu kimi məsələlər müzakirəyə çıxarılmalıdır. Milli Şuranın fəaliyyətinin belə davam etməsi müxalifət düşərgəsini passivləşdirir".

Xatırladaq ki, "El" hərəkatının sədr müavini Zəfər Quliyev mətbuata açıqlamasında Milli Şuranın icra aparatının olmamasını və qurumun komissiyalarının işləmədiyini deyib.

Z. Quliyev bildirib ki, bu problemlər aradan qaldırılmayana qədər qurumun sədri məsələsinin həlli Milli Şuraya ciddi bir impuls verməyəcək.

Bahar Rüstəmli
AzNews.az