“Həmsədrlik institutu yaradılmasın!” – Müsavatdan mövqe

"Rüstəm İbrahimbəyovun rəhbərlikdə görmək istəmədiyi partiyalar olmasaydı, Milli Şura da olmazdı".


Bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a açıqlamasında deyib. O qeyd edib ki, Milli Şuranın əsasını Rüstəm İbrahimbəyovun nəzərdə tutduğu iki-üç partiya və qismən siyasi gəncliyi təmsil edən N!DA və AGT təşkil edir. Əgər İbrahimbəyov bu qüvvələrdən kənarda təsir imkanlarına malik Milli Şura görürsə, bizə yalnız ona uğurlar arzulamaq qalır".

O, həmsədrlik təklifi ilə bağlı açıqlamalara da öz münasibətini bildirib: "Biz indiki şəraitdə partiya rəhbərlərinin həmsədr olması təklifini irəli sürməmişik, əksinə həmsədrlik institutunun yaradılmasının əleyhinəyik. Mənim cavab açıqlamam Rüstəm İbrahimbəyovun partiyalara qarşı dediklərinə və "Milli Şura iki-üç partiyadan ibarət deyil" iddiası ilə bağlıdır".

Qeyd edək ki, Milli Şura sədri Rüstəm İbrahimbəyov saytımıza müsahibəsində partiyalarla bağlı qalmaqal yaradacaq açıqlama ilə çıxış etmişdi O, bildirmişdi ki, partiya nümayəndələri heç bir halda bu qurumda həmsədr olmamalıdır. R.İbrahimbəyov onu da bildirmişdi ki, onun bununla bağlı mövqeyi dəyişən deyil.

Bahar Rüstəmli
AzNews.az