“Bəs niyə, bu boyda işi gizlədirsən, ay İqbal Ağazadə?

Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə AzNews.az-a müsahibə verib.

Haşiyə: Əjdər Tağızadə 1951-ci ildə Ərdəbildə anadan olub. Ali təhsil almaq üçün İsfahan Universitetinin tarix fakültəsinə daxil olur. Tələbəlik illərindən siyasi fəaliyyətə başlayan Ə. Tağızadə şah rejiminə qarşı mübarizə aparan hərəkata qoşulur. 1986-cı ildən İsveçdə siyasi mühacir həyatı yaşayan Ə.Tağızadə bu rejimə qarşı indi də mübarizə aparır. O, müsahibəsində isə Azərbaycanın problemlərinin dünya müstəvidə təbliği, İrandakı türklərin – soydaşlarımızın milli və insani haqlarının pozulması, Güney Azərbaycanın müstəqilliyinin əldə olunmasında beynəlxalq amillər mövzusunda danışıb.

- Əjdər bəy, sizcə dünyada və regionda gedən proseslərin Azərbaycanın problemlərinin həllində nə kimi mənfi və ya müsbət təsiri var?

- Dünya qloballaşır. Hətta bəzi ölkələrin sərhədlərinin harada bitib, haradan başlandığını bu dövlətlərin vətəndaşları bəzən bilmirlər. Lakin Azərbaycan bütün bu kimi amillərə baxmayaraq, hələ də bütövləşə bilmir. Çünki xalqının böyük hissəsi İran adlanan ölkədə fars ideologiyasının əsarəti altındadır və soydaşlarımız burada milli haqlarından məhrum olunublar. Bundan başqa Şimali Azərbaycan da imperiyanın təcavüzü ilə qarşı-qarşıyadır. Bu gün Rusiya imperiyasından Azərbaycana olan təhlükə azalmayıb. Bu təkcə bizimlə bağlı deyil, keçmiş Sovetlər birliyinin tərkibində olub sonra müstəqilliyinə qovuşan ölkələrin hamısının başının üstündə təhlükələr fırlanır. Lakin hər bir millət öz müstəqil, yaxud da federal şəkildə yaşama haqqını tələb edə bilər. Güney Azərbaycan da bu prosesdən kənarda qalmayacaq. Yəni İran adlanan yerdə də bu məsələ həll olacaq. Çünki İranda azərbaycanlılar say etibarı ilə etnik azlıq hesab edilə bilməz. Ümumilikdə isə Rusiyanın Azərbaycana qarşı təhlükə yaratmaq imkanları azaldığı zaman bu problemlər öz həllini tapacaq. Bu mənada Quzey Azərbaycanın siyasi manevr etmək imkanları çox geniş deyil. Həm də Azərbaycan türkünün istiqlalının qazanması üçün bu respublikanın üzərinə daha çox məsuliyyət düşür. Azərbaycan bu təhlükədən xilas olmaq üçün müstəqil siyasət yürüdən keçmiş sovet respublikaları ilə əlaqələri daha da gücləndirməlidir. Baltikyanı ölkələr, Ukrayna, Moldova, Gürcüstandan sonra Orta Asiya ölkələri də Rusiya ilə müttəfiqlikdən çəkilməsi Azərbaycanın müstəqilliyini möhkəmləndirməsi, bütövləşməsi üçün xeyirli olacaq.

- Nəyə görə, bu müddət ərzində xalqların öz müqəddəratını tanıma prinsipi soydaşlarımıza şamil olunmur və ya bu mümkün olmur?

- İlk olaraq deyim ki, Quzey Azərbaycanın müstəqilliyinin əldə olunması millətimizə Tanrının hədiyyəsi idi. Böyük hadisə həm də o idi ki, ruslar Arazdan şimala doğru uzaqlaşdılar. Son 200 il üçün bu ciddi hadisə idi. Çünki Güneydə baş verən qanlı hadisələrin çoxunun başında Rusiya dururdu. Artıq indi bir çox Avropa ölkələri azsaylı xalqlara belə öz milli müqəddəratlarını tanıma hüququnun qəbulu üçün imkan yaradır. Əslində, 1970-ci illərin əvvəllərində İran səltənətinin başçısı Rza şah Pəhləvi bu ölkədə yaşayan xalqların müqəddəratının tanıma aktını qəbul etmişdi. Lakin bu qərar heç bir zaman icra olunmadı. Nə Pəhləvi dövründə, nə də indiki rejim İranda xalqların milli hüquqlarının tanınmasına imkan yaratmadı. Ancaq proses uzun sürməyəcək. Həmin rejimlər də bilir ki, imperialist təfəkkürlə ölkə idarə etmək olmaz.

- Azərbaycan Respublikasında Güney Azərbaycan məsələsi istiqamətində aparılan təbliğati işlər sizi qane edirmi?

- Xeyir, qane etmir. Ancaq Azərbaycan Respublikasının mövcudluğu güneyli soydaşlarımız üçün havadan-sudan da vacibdir. Lakin bəzi kiçik düşüncəli insanlar Azərbaycanı elə bu cür xırda təsəvvür edirlər və belə görürlər. Məsələn, bəziləri Quzey Azərbaycanda biznesi və ya vəzifəsi var, düşünür ki, elə belə də qalsın. Onlar gələcəyi düşünmürlər. Özümüzdən dəfələrlə kiçik ermənidən torpağımızı ala bilməməmizin də səbəbi bütöv olmamağımızdır. Bu gün parçalanmış Azərbaycan hər iki tərəfdən öz sözünü tam deyə və hətta torpaqlarımızı qoruya bilmir. Ümumiyyətlə, Azərbaycanın güneyindən olan türklər quzeydəki siyasi partiyaların, dövlət qurumların və ictimaiyyətin mənəvi dəstəyini gözləyir. İstəyirlər ki, hökumət güneydə haqqı tapdalanan soydaşlarımızın hüquqlarının qorunmasında ciddi addımlar atsınlar. Əlbəttə, çoxlu sayda ziyalılarımız, siyasi xadimlərimiz güneydə baş verənlərlə bağlı öz mövqeyini bildirir, soydaşlarımızı dəstəkləyən açıqlamalar verirlər. 1990-cı illərin əvvəllərində Əbülfəz Elçibəyin yenidən başladığı bu hərəkat indi də davam edir. Bu gün həmin prosesin unudulmamasında Sabir Rüstəmxanlının rolu danılmazdır. Yəni müsbət mənada işlər görülür. Lakin bəzən Güney Azərbaycan kimi böyük məsələsini kiçik məmurlara tapşırmaq uğursuzluğa səbəb olur. Açığını deyim ki, bəzi məmurlar millətin tarixi, Güney Azərbaycan haqqında məlumatsızdırlar. Bu problem bürokratik yolla həll ola bilməz. Çətin və dərin məsələdir. Bu baxımdan da bilən və dərin adamlar bununla məşğul olmalıdırlar.

- Azərbaycan rəsmilərinin bu məsələdə mövqeyi bəlkə də başadüşüləndir. Qeyri-hökumət təşkilatlarının, əsasən də siyasi partiyalarının güneylə bağlı fəaliyyətini necə dəyərləndirirsiniz?

- Dünya Azərbaycanlıları Konqresi (DAK) bu istiqamətdə öz fəaliyyətini göstərir. Ancaq aydındır ki, bu yalnız Azərbaycan miqyasında fəaliyyət göstərən qurum deyil. Təəssüf ki, bəzən bizi hakimiyyət mübarizəsinə qoşmağa çalışdılar. Hətta suallar verilirdi ki, DAK iqtidar tərəfindədir, yoxsa müxalifətlə birdir? Bir dövr isə DAK bu siyasi mübarizəyə qurban etdilər, inkişafının qarşısını almağa çalışdılar. Biz bunlara anlada bilmədik ki, DAK-ın üzvləri olan bizlər heç Azərbaycan vətəndaşı deyilik və bizi bu proseslərə qatmayın. Biz sadəcə azərbaycanlıyıq, türkük. Mən müxalifəti, yaxud da iqtidarı pisləyə bilmərəm. Təəssüf ki, bu məsələlər bəzən Bakı "bazarı" siyasəti üçün istifadə olundu. Bu səbəbdən də DAK daxilində çəkişmələr oldu, bir neçə üzvlərimiz buranı tərk etdi və işində çətinliklər yarandı.

- Konkret olaraq deyə bilərsinizmi müxalifət partiyalarının bu yönümdə fəaliyyəti hansı səviyyədədir? Onlardan bir dəstək hiss edirsinizmi?

- Azərbaycanda olan partiyalar birmənalı olaraq bu məsələni kənara qoyublar. Bəzi tədbirlərdə isə bu partiya liderləri yalnız çıxış etməklə mövqe bildirirlər. Açıq deyim ki, bizim müxalifətdə olan siyasi partiya liderləri ilə söhbətdə onların mövqeyi birmənalı olaraq belə olur: "Biz hakimiyyətə gələk. Bundan sonra Azərbaycanın güneyində olan problemləri həll edərik". Axı, elə məsələlər var ki, onu ancaq siyasi partiyalar – müxalifət təşkilatları deyə bilər. Son illər bu partiyalar güneydəki soydaşlarımızın haqlarının tapdanmasına etiraz əlaməti olaraq, İran səfirliyinin binası qarşısında bir dənə də olsun aksiya keçirməyiblər. Birmənalı olaraq deyim ki, güney məsələsində partiyaların fəaliyyəti səngiyib. Ola bilər mövqeləri xoşdur. Məsələn, Ümid Partiyasının sədri İqbal Ağazadə dar çərçivədə Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti yaradıb. Gizli olaraq, 26 nəfərin iştirakı ilə toplantı keçirib. Hətta bu hadisədən bir neçə gün əvvəl Sabir bəy ona deyib ki, eşitdik Güneylə bağlı nə isə yaratdırsınız. İnkar edərək, belə bir işin olmadığını deyib. Öz deputat həmkarından da gizlədib. Gizli halda 26 güneyliyə zəng ediblər. Onlardan 23-ü gələ biləcəyini deyib. Əslində bu qurumun yaradılması ciddi hadisədir. Bəs niyə, bu boyda işi gizlədirsən, ay İqbal Ağazadə? 35 milyondan artıq güneylinin sürgündə yaşayanlarının bir neçəsini çağırıb parlament yaradır. Bu 23 nəfərdən də 12-si Danimarkanın paytaxtı Kopenhagendə martın 15-də iclas keçiriblər. Orada İqbal Ağazadənin özü iştirak edib və onun xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə sədr müavini Rüfət Muradlı olub. Rüfət Muradlı neçə müddət İran xüsusi xidmət orqanlarına bağlı olan "Səhər" televiziyasında çalışıb. Düşmənin dəyirmanına su tökən adam Güney Azərbaycana parlament yaradır. 12 nəfərdən 3-ü də prosesdən çəkilib. Seçki də 9 nəfərin arasında keçirilib. Gülməli vəziyyətdir. Bu 9 nəfər 9 adamı necə seçə bilər. Öz-özlərini seçiblər? Tədbir bitər-bitməz Azərbaycan mediasında yayılıb. İqbal Ağazadə ilk olaraq, xəbəri "Yeni Müsavat" qəzetinə göndərib. Qəzetdə yayımlanan xəbərin şəkillərində İqbal Ağazadə ilə Rüfət Muradlı gizlənməyə çalışıb. Ancaq kimlərsə tanımasa da biz İqbal bəyin başını arxadan tanıya bilirik.

Baxmayaraq ki, orada iştirak etməsini inkar edir. Onun həmin tədbirdə iştirak etməsini gizlətməsini anlaya bilmirəm. Bundan başqa həmin sənədə imza atan güneylilərin bir çoxu tədbirin əsl mahiyyətindən xəbərsiz olublar. Bunu təşəbbüs qrupunun toplantısı zənn ediblər. Sual edirəm, siz bunu kimdən, nədən gizli saxlayırdınız? Dünya o qədər kiçilib ki, 10 min km-lərlə uzaqda olan hadisəni bir neçə saniyə sonra xəbər tutmaq olur. Niyyətiniz millətin siyasi iradəsini sərgiləmək, sürgündə dialoq mərkəzi – parlament yaratmaq idisə, bunu açıq şəkildə edərdiniz. Dostluq əsasında tədbir keçirməzlər. Bu Güney Azərbaycan türklərinə qarşı hörmətsizlikdir.

Məhəmməd Əli
AzNews.az