Elçibəyin qardaşı oğlu: “Dostluq etdiyim bir neçə məmur var”

"Əbülfəz Elçibəyin ailəsi üçün iqtidar və ya müxalifət deyilən bir şey yoxdur"

Mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin AzNews.az-a müsahibəsi:

- Hürrü bəy, bir müddət öncə partiya yaradacağınızı açıqlamışdınız. Amma hələ ki ortada real nəticə yoxdur...

- 2013-cü ilin sentyabr ayından Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının təşkilat komitəsi yaradılıb. Bununla yanaşı beynəlxalq əlaqələrimizin genişləndiriməsi məqsədilə Türkiyəyə iki səfərimiz olub: ötən ilin noyabrında və bu ilin yanvarında. Qurultaydan sonra qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik.

- Türkiyədə hansi partiyalarla əməkdaşlıq məsələsi gündəmdədir?

- AKP də daxil olmaqla Türkiyədə bütün siyasi partiyaların nümayəndələri və rəhbərləri ilə görüşdük. Həmçinin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə də görüşümüz baş tutdu.

- Azərbaycanda onlarla siyasi partiya var. Hətta AXCP-dən "qopmuş" bir neçə partiya da mövcuddur. Həmin partiyalardan birində fəaliyyət göstərmək olmazdımı? Yəni bu partiyanı yaratmağınız hansı zərurətdən yarandı?

- 2000-ci ildə Elçibəy dünyasını dəyişəndən sonra müxalifətin əsas ideoloji xətti unuduldu. Sanki işğal olunmuş torpaqlar, bütövlük uğrunda mübarizə kimi məsələlər yaddan çıxdı. 2005-ci ildə bu barədə danışanda iqtidar qaldı kənarda, müxalifət üzərimizə gəldi. O vaxt düşünürdük ki, bəlkə biz səhv edirik. Kənara çəkildik və gördüyünüz kimi müxalifətin ard-arda uğursuzluqları ortadadır.

- Sizcə ümumi ideoloji xəttin laxlamağının səbəbkarları kimlərdir?

-Hamı bilir ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycanda tarix yazıb. Bu təşkilatın ümumi ideologiyası Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü idi. Bu təşkilatda toplaşanların əksəriyyəti də məhz həmin xəttə, ideologiyaya görə gəlmişdilər. Elçibəydən sonra bunlar AXCP-nin statusuna söykənərək şəxsi məsələlər uğrunda mübarizəyə başladılar.

- Elçibəyin rəhbərlik etdiyi AXCP-nin "şineli"ndən çıxan bir neçə partiya oldu. Sizcə, indiki halda onlardan hansı klassik ideologiyaya uyğun fəaliyyət göstərir?

-Nisbətən KXCP-də həmin xətt qalır.

- Bəs digərlərində?

- BAXCP-də də o xəttə sadiq olan müəyyən insanlar var. Amma ortada həmin fəaliyyət yoxdur. Bax, bizim partiyaya müraciət edən şəxslər keçmiş hərbçilər, Qarabağ veteranları, hərəkatçılarıdr. Həmçinin gənclər də ətrafımızdadır. Bizim ümumi məqsədimiz nədir? Torpaqların azadlığı və bütövlüyü. Hesab edirəm ki, iki sistem birləşməlidir. Etiraf etmək lazımdır ki, bu gün iqtidar güclüdür. Sən onun ayağının altını qazmaqdansa, özün də ona kömək ol. Bu problemin həlli ümummilli birlikdən keçir. Sənin ümummilli məsələlərin həll olunandan sonra yenə də siyasi mübarizəni apar. Bu gün ən vacib məsələ torpaqların azad olunmasıdır ki, burda da xalqın iradəsinə nail olmaq lazımdır.

- Sizin müxalifəti tənqid etməyinizə görə bəziləri hesab edirlər ki, yaratmaqda olduğunuz partiya iqtidaryönlü olacaq.

- Partiyaın adı ortadadır. Biz xalqımıza hakimiyyət yox, milli güc vəd edirik. Milli güc özü də hakimiyyət deməkdir. Mən həmin partiyaların yox, onların rəhbərlərinin üzərinə gedirəm. Müxalifət partiyalarının yarıtmaz rəhbərlərı gəncləri şəxsi məqsədləri üçün istifadə edirlər. On il əvvəl 25 yaşında partiyaya gəlmiş gəncin bu gün 35 yaş var və ortada heç bir uğur yoxdur. Axı bu gənclər partiya rəhbərlərinin oyunun qurbanı olmağa gəlməmişdi!

- Sualımı bir qədər də konkretləşdirim. Məhz bu mövqeyinizə görə sizin yüksək vəzifəli məmurlarla münasibətinizin olduğu və dediklərinizin də öz fikriniz olmadığı bildirilir. Hətta iddia edirlər ki, həmin şəxslər sizə maliyyə yardımları da edirlər...

- Qətiyyən elə deyil. Əbülfəz Elçibəyin ailəsi üçün iqtidar və ya müxalifət deyilən bir şey yoxdur. Qapımız hər ikisinin üzünə açıqdır. O ki qaldı deyilən sözlərə, tamamilə yalandır. Dostluq etdiyim bir neçə məmur var. Amma bu şəxsi münasibətdir, bunun siyasətə, yaratdığım partiyaya heç bir dəxili yoxdur.

- Əbülfəz Elçibəyin ailəsi ilə münasibətləriniz nə yerdədir?

- İndi burda oğlu Turqutdur. Turqut heç evdə tapılmır. Arada atamgilə gəlir, danışırıq. Elə bir problemimiz yoxdur. Bəyin yoldaşı Həlimə xanım hərdən Türkiyəyə qızının, nəvələrini yanına gedir.

- Son olaraq partiya barədə bir suala cavab almaq istəyirəm: hazırda üzvlük üçün nə qədər müraciət var?

- Bura kütləvi axın edən gənclərdəndir. Heç özümüz də belə axın olacağını gözləmirdik. Altı aydır yaranan partiya on illərin partiyasından daha böyük fəaliyyət ortaya qoyub. Həm daxildə, həm də xaricdə əlaqələrimiz gündən-günə genişlənir. Yenə də deyirəm ki, bizim xəttimiz hakimiyyət davası deyil. Təcrübə göstərdi ki, bu cür fəaliyyət nəticəsiz qalır. Bu gün müxalifətin fəaliyyəti mənə müəmmalı qalıb. Nə hakimiyyət uğurunda normal mübarizə apara bilirlər, nə də ideoloji xətti davam etdirirlər. İnsan ortaya məqsəd qoyub onun uğrunda da mübarizə aparmalıdır.

İntiqam Valehoğlu
AzNews.az