Ərəstun Oruclu: “Rusiya Cənubi Qafqaza girmək üçün bəhanələr axtarır”

"Görünür, Rusiya qarşıdan gələn İran kampaniyası ərəfəsində Cənubi Qafqaza girmək üçün bəhanələr axtarır". Bunu AzNews.az-a politoloq Ərəstun Oruclu Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, strategiyaların və texnologiyaların təhlili Mərkəzinin direktoru Ruslan Puxovun "Regnum" agentliyinə müsahibəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yayılan bu informasiya provokasiyadır: "Rusiya mətbuatında, analitik dairələrində bu tipli yazılar gedir.

Təkcə "Regnum" agentliyində deyil, başqa agentliklər də belə analitik materiallar yayılır. Məlumatlarda bildirilir ki, Azərbaycanın strategiyası Qarabağı silah gücünə azad etməkdi. Həmçinin, Azərbaycanın iqtisadi-hərbi və.s gücündən yazılır. Ermənistan barədə isə demoqrafik vəziyyət haqqında yanlış məlumatlar verilir. Bunlar hamısı Rusiyanın təxribatlarıdır. Görünür, Rusiya qarşıdan gələn İran kampaniyası ərəfəsində Cənubi Qafqaza girmək üçün bəhanələr axtarır. Konkret olaraq, Rusiya Azərbaycana müdaxilə etmək istəyir".

Politoloq əlavə edib ki, Azərbaycanla bağlı bu informasiyanın yayılması düzgün deyil: "Azərbaycan mətbuatında belə informasiyanı tərcümə edib, ölkəmizin üstünlüyü kimi təqdim etmək ya şüurlu, ya da kor-koranə həmin təxribatda iştirak etməkdir. Rusiya Azərbaycanın işğal olunmuş ərazilərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında Ermənistanla birgə hərbi təlimlərdə iştirak edirsə və bu təlimlərdə KTMT-nin digər üzvləri iştirak etmirsə, bu, artıq, onun işğal planlarıdır. Rusiya təbliğat bazası hazırlayır. Özünün törədəcəyi əməllərə öncədən ideoloji baza yaradır. Rusiya mətbuatında gedən bu tipli yazılar heç də Rusiyanın Azərbaycana dostluq, qardaşlıq niyyətlərindən xəbər vermir. Əksinə, bu çox təhlükəli tendensiyadır".

Xatırladaq ki, Ruslan Puxov "Regnum" agentliyinə müsahibəsində deyib ki, Azərbaycan ordusu texniki baxımdan öz potensialını sürətlə artırır. Lakin o başqa məsələdir ki, texniki baxımdan yaxşı təchiz olunmaqla məsələ bitmir: "Bakıda başa düşürlər ki, hərbi-texniki üstünlük onların tərəfində olsa da ermənilərə qalib gəlmək üçün bütün şərtlər formalaşmayıb. Vaxt Azərbaycana işləyir. Demoqrafik balans, maliyyə, iqtisadi və hərbi resurslar Azərbaycanın xeyrinədir. İnsan kapitalının keyfiyyəti də Azərbaycanda mərhələlərlə artır".

İlkin
AzNews.az