Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb. Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm” - Mixael Link

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.


Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığa çox önəm verdiyini vurğulayan B. Muradova bildirib ki, Azərbaycan quruma üzv olduğu ilk illərdən indiyədək mövcud prinsiplərə və öhdəliklərə sadiq qalıb.

O qeyd edib ki, ötən yay ATƏT PA-nın 23-cü illik sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu qurum üçün nə qədər dəyərli ölkə olduğunu ortaya qoyub: "Həmin sessiyada alınan qərarlar və gəlinən nəticələr də əməkdaşlığın genişləndirilməsini tələb edir".

Ölkəmizin DTİHB ilə əməkdaşlığından bəhs edən vitse-spiker xatırladıb ki, ötən dövr seçkilərin monitorinqi ilə bağlı ciddi polemika ilə də yadda qalıb. B.Muradova bildirib ki, 2005-ci ildən etibarən ATƏT PA-da müxtəlif ölkələrdəki seçkilərin monitorinqi ilə əlaqədar ən gərgin müzakirələrin şahidi və iştirakçısı olub.
Görüşdə bu il Azərbaycanda seçki ili olduğu, bu mühüm siyasi prosesə ciddi hazırlığın getdiyi bildirilib. Seçki zamanı DTİHB-in obyektiv monitorinq aparacağına inam ifadə olunub. B. Muradova qeyd edib ki, Azərbaycan seçki prosesində demokratik dəyərlərə söykənir: "Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək".

Mixael Link isə vəzifədə Azərbaycana ilk səfəri olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, hər işə başlayanda öncə qanunlara və prinsiplərə riayət etmək vacibdir: "Bundan əvvəlki səfərlərimdə olduğu kimi, bu dəfə də ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimi bildirirəm. Bu yanaşmanı hazırkı mandatıma – direktoru olduğum DTİHB-ə də tətbiq etməyə çalışıram".
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.