Səfər Əbiyev Brüsseldə nələrdən danışdı?

“Erməni işğalının davam etdirilməsi Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid törədir”



Azərbaycanın Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Şimali Atlantik Şurasının (NATO) Əfqanıstana həsr olunmuş ISAF formatında iclasında iştirak edib.

Azərbaycanın NATO yanında nümayəndəliyindən AzNews.az-a verilən məlumata görə, iclas zamanı nazir S.Əbiyev çıxış edərək, Əfqanıstanda aparılan ISAF əməliyyatının cari vəziyyətinə dair fikirlərini bölüşüb və Azərbaycanın göstərdiyi çoxtərəfli töhfələrin davam etdiriləcəyini qeyd edib. Nazir S.Əbiyev Azərbaycanın ISAF əməliyyatının yekunlaşacağı 2014-cü ildən sonra da Əfqanıstana yardımlarını davam etdirəcəyini bildirib.

Bununla yanaşı Azərbaycan müdafiə naziri təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq hüquq və NATO-nun SNT prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan torpaqlarının işğalının yaratdığı gərginlik ölkəmizin bu istiqamətdəki səylərini məhdudlaşdırır. O deyib: "Müxtəlif bəhanələrlə status-kvonun saxlanılması və erməni işğalının davam etdirilməsi Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid törədir".

Qeyd edək ki, Brüsselə səfəri çərçivəsində general-polkovnik S.Əbiyev bir sıra dövlətlərin Müdafiə nazirləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vasif Həsənli
AzNews.az