Hazırda dünya sanki 2 qütbə bölünüb. Bu qütbün bir tərəfində ABŞ, digər tərəfində isə Rusiya durur. Hazırda dünya sanki 2 qütbə bölünüb. Bu qütbün bir tərəfində ABŞ, digər tərəfində isə Rusiya durur.

“Gömrük İttifaqına qəbul Azərbaycanın xeyrinə ola bilər” – Ekspert rəyi

Hazırda dünya sanki 2 qütbə bölünüb. Bu qütbün bir tərəfində ABŞ, digər tərəfində isə Rusiya durur.


Ukrayna hadisələrindən sonra ikinci tərəfin cinahları xeyli zəiflədi. Bu da birinci tərəfin tətbiq etdiyi sanksiyalar sayəsində baş verdi. Neftin qiyməti də düşünülmüş şəkildə aşağı salındı. Nəticədə Rusiya və neftdən asılı olan ölkələr xeyli pul itirdi. Elə Azərbaycanın özü də iqtisadi baxımdan heç də özünün yaxşı günlərini yaşamır. Belə olan halda Azərbaycan o qütblərdə duran hansı ölkələri dəstəkləməlidir?

Düzdür, Azərbaycan Qərblə və okeanın o tayında yerləşən ölkələrlə çox böyük iqtisadi layihələri həyata keçirir. Elə ölkə büdcəsinin çox hissəsi də həmin layihələrdən gələn pulun hesabına dolur. Ancaq Azərbaycanın daha ağrılı olan Qarabağ adlı bir problemi var. Qarabağın açarının isə Vaşinqtonda deyil, məhz Kremldə olduğunu düşünənlərin sayı da getdikcə çoxalır. Bu baxımdan Azərbaycan siyasi müstəvidə daha çox Rusiyanı dəstəkləyir. Bu yanaşmanı duyan Ağ Evin bəzi rəsmiləri isə erməni lobbisinin köməyilə Azərbaycana qarşı qarayaxma aksiyasını həyata keçirir. Bu aksiya I Avropa Oyunları ərəfəsində daha geniş vüsət alıb. Azərbaycan isə bütün bunlara soyuqqanlı yanaşaraq öz siyasətini yürüdür və böyük yarışa hazırlaşır.

Bir çox ekspertlər isə hesab edir ki, Azərbaycan siyasi elitasının son vaxtlar apardığı siyasət ölkəmizin Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına və Gömrük İttifaqına qəbulu ilə nəticələnə bilər.

Bununla bağlı Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov fikirlərini AzNews.az-la bölüşüb.

O bildirib ki, Azərbaycanın yaxın gələcəkdə Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına və Gömrük İttifaqına qəbul edilməsi məsələsi birbaşa prezidentin qərarına bağlı məsələdir: "Bu taleyüklü məsələ olduğuna görə onun yanaşması daha doğrudur. Çünki atılan hər hansı bir addım xalqın və ölkənin taleyini həll edə bilər. Əgər bu addım atılacaqsa, yenə də düşünülmüş şəkildə həyata keçiriləcək. Bir politoloq kimi mənim fikrim isə çox subyektiv fikirdir və hesab edirəm ki, Azərbaycanın Gömrük İttifaqına daxil olması iqtisadi hesablamalara görə yalnız onun xeyrinə ola bilər. Sadə bir misal göstərim. Bu gün Azərbaycanın aqrar sektorunda çalışanların Rusiya bazarında öz məhsulunun istehlakı ilə məşğul olması üçün Azərbaycanın bu İttifaqa qəbul edilməsindən sonra asanlaşa bilər. Bu da orta sinfin daha da formalaşmasına və zənginləşməsinə gətirib çıxarar".

Adıgözəl Məmmədov Azərbaycanın mövcud vəziyyətdən və siyasi konyekturadan çıxış edərək atdığı addımlardan da söz açıb: "Hər bir azərbaycanlı kimi bu addımlar məni də sevindirir, çünki Azərbaycanın öz coğrafiyası var. Bu coğrafiyanın adı isə Avrasiya coğrafiyasıdır. Bundan kənarda Azərbaycanın strateji proyektlərdə iştirak etməsi regiondakı qüvvələr nisbətini bizə qarşı hədəfləyə bilər. Ona görə cənab prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyirəm. Düzgün qərarını təqdir edirəm və istiqamət tamamilə doğru götürülüb və bu istiqamət daha da inkişaf etdirilməlidir".

Politoloq sonda əlavə edib ki, ümumiyyətlə Azərbaycan dövlətinin aparıcı ziyalıları türk dünyasının lokomotividir: "Bunu birmənalı şəkildə başa düşmək lazımdır. Kremldə oturanlar da, elə son zamanlar ölkəmizi, xalqımızı tərifləyən Vladimir Jirinovski də başa düşür ki, türk dünyasının aparıcı şəxsiyyətləri Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda və Qırğızıstanda deyil, məhz Azərbaycandadır. Azərbaycan ziyalısı, siyasi məfkurluğunun daşıyıcıları bəşəriyyət üçün bir etalondur. Hesab edirəm ki, Azərbaycan onun öhdəsinə düşən Slavyan-Türk Birliyində aparıcı dövlətə çevriləcək. Bu istiqamətdə isə uğurlu addımlar atılır".