Erik Rubin Bakıya niyə gəlib?

"Amerika ilə Azərbaycan arasında münasibətlər gündəmdədir. Ötən dəfə səfərində Erik Rubin İran məsələsində ölkəmizə yardım göstərməyə çalışdıqlarını dilə gətirmişdi. Səfərdə məqsəd regional şərait, bölgənin təhlükəsizlik həyatında Amerikanın iştirakı və bu ölkənin seçkilərə daxil olması fonunda Azərbaycanla əlaqələrin davam etdirilməsidir".

Bu sözləri AzNews.az-a millət vəkili Zahid Oruc Erik Rubinin Bakıya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, səfərdə Rusiyanın son dövrlər Cənubi Qafqazda fəallaşması və Putinin yeni layihələrinə Azərbaycanın münasibəti müzakirə olunacaq: "2008-ci ildən başlayaraq, Amerika Rusiyanın periferiyasına diqqət etmirdi. Bunu nəzərə alaraq deyə bilərəm ki, regional məsələlərə daha çox önəm veriləcək"

Millət vəkili qeyd edib ki, Azərbaycanla qərb arasında gərginlik yoxdur: "Avropa Şurasının çıxardığı bəzi qərarlara Azərbaycan rəsmiləri münasibət bildirib. Burada gərginlikdən söhbət gedə bilməz. Müxalifət Erik Rubinin üzərinə Azərbaycanın qərblə münasibətlərinin tənzimləmək kimi bir missiyanı qoymaqla çox yanlış şərh edir. Əvvəlki səfərdə də müxalifət qüvvələri daxili məsələlərin qabardılmasına yer vermək istəyirdilər. O, özü bəyan etdi ki, Azərbaycanda demokratikləşmə, dövlət quruculuğundakı şəffaflıq müzakirə mövzusu olub. Bunu konteksdən çıxarıb təqdim etmək düzgün deyil".

Xatırladaq ki, oktyabrın 13-dən Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Bakıda səfərdədir.

İlkin Pirəli
AzNews.az