"İctimai Palata” iflasa uğrayıb"


"Bu gün bir qrup gəncin adından qeyri-qanuni mitinq keçirmə cəhdinin arxasında İctimai Palata dayanır. Bunu nə qədər gizlətməyə çalışsalar da, həmin gəncləri bu mitinqə təhrik edən və qanunu pozmağa çağıran məhz İctimai Palatanın rəhbərliyində dayanan şəxslərdir". Bunu AzNews.az-a açıqlamasında aksiya yerində olan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

Deputat xatırladıb ki, Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun mövcuddur və bu qanunun tələblərinə görə, kütləvi aksiyalar, yürüşlər və bu səpgili digər tədbirlər, mütləq Bakı şəhər İcra Hakimiyyəti ilə əvvəlcədən razılaşdırılmalı və onların ayırdığı müvafiq yerlərdə keçirilməlidir: "Çünki, aksiya zamanı ictimai təhlükəsizlik, insanların mülkü və şəxsiyyət toxunulmazlığı ilə bağlı problemlər yarana bilir. Bu cür halların baş verməməsi üçün dünyanın bütün ölkələrində şəhər rəhbərliyi öncədən məlumatlandırılır, eləcə də Azərbaycanda".

Qeyd edək ki, BŞİH-nin müxalifət nümayəndələrinin müraciətinə əsasən, aksiyanın 20-ci sahədə, qanuna uyğun keçirilməsini təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. Mübariz Qurbanlı müxalifətin bu addımını təxribat adlandırıb: "İctimai Palatanın rəhbərliyində, gənclərin arxasında gizlənən şəxslərin əsl məqsədi, Azərbaycanda qarşıdurma yaratmaq, cavanları qeyri-qanuni hərəkətlərə sürükləməklə onların həbsinə rəvac vermək, sonra da
"Azərbaycanda insan hüquqları, sərbəst toplaşmaq azadlığı pozulur" kimi iddialar səsləndirməkdir. "İctimai Palata" adlandırılan qurum artıq iflasa uğrayıb. Qurumun tərkibindəki istefaları ört-basdır etmək, sözdə mövcudluğunu və gücünü cəmiyyətə göstərmək üçün gənclərin adından sui-istifadə edirlər".

YAP-in icra katibinin müavini həmçinin qeyd edib ki, qanun pozuntusu bu günədək dəstəklənməyib, bundan sonra da dəstəklənməyəcək və qanun çərçivəsində istənilən yerdə istənilən qədər aksiya keçirmək mümkündür.

Vasif Həsənli
AzNews.az