MSK-da seminar - Şikayətlərə diqqətlə baxılacaq

Sentabrın 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndələyinin təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib.


Komissiyadan AzNews.az-a verilən məlumata görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə hədəflənmiş seminarda MSK sədrinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts, seçki məsələləri üzrə ekspert Sergey Kaleçenko, komissiya üzvləri, MSK katibliyinin təmsilçiləri və dairə seçki komissiyalarının nəzdində olan ekspert qruplarının üzvləri iştirak edib.


Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Seminar zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sevinc YASİNQIZI
AzNews.az