Azərbaycana qaçan erməni müxalifətçi üçüncü ölkəyə gedəcək? - Açıqlama

Sentyabrın 17-də ailəsi ilə birlikdə ölkəmizə qaçan Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan üçüncü ölkəyə getmək istəmir.



Bunu AzNews.az-a açıqlamasında İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Bildirib ki, hazırda Vaan Martirosyan və ailəsinin vəziyyəti yaxşıdır: "Demək olar ki, hər şey normaldır. Hələ ki, V.Martirosyan və ailəsi üçüncü ölkəyə getmək istəmirlər. Hazırda Bakıdadırlar".

Vaan Martirosyanın Azərbaycan vətəndaşlığı alması məsələsinə gəlincə, hüquq müdafiəçisi bildirib ki, bu məsələ müzakirə olunmayıb.

Qeyd edək ki, "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan rəsmi Bakıdan siyasi sığınacaq istəyib. O, sentyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, rəhbərlik etdiyi təşkilatın Sarkisyan hakimiyyətinə qarşı müxalif fəaliyyəti səbəbindən Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Bu səbəbdən də, o, özünün və ailəsinin təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

Sevinc Yasinqızı