Rabitə və Yüksək Texnologiyalar Nazirliyində - Müşavirə

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib.


Nazirlikdən AzNews.az-a verilən məlumata görə, birlik və müəssisələrinin video-bağlantı ilə qoşulduğu müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov prezidentin sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsi diqqətə çatdırıb.

O qeyd edib ki, rabitə və yüksək texnologiyalar sahəsi ölkə iqtisadiyyatında və cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir, eyni zamanda ölkəmizin davamlı inkişafı üçün prioritet sahələrdəndir: "Bu gün də cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatını yüksək səviyyədə təmin etmək üçün dünya təcrübəsi əsaslı şəkildə öyrənilir, sahə üzrə ən müasir yeniliklərin ölkədə tətbiqi imkanları dərindən araşdırılır. Bununla belə, rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq, nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparıldığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Müşavirədə baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.

Müşavirənin sonunda İ.Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.

Sevinc