İran dilemması: Kapitulyasiyadan transformasiyaya, yoxsa hərbi çevrilişə?

Azərbaycanın və Türkiyənin rasional düşünən bütün ictimai rəy yaradıcıları bir məsələdə həmrəydir: əgər İran ABŞ və İsrailə qarşı savaşda qalib gələrsə, bu, həm dünya, həm bölgə, həm də İran xalqları üçün fəlakət ssenarisi olar.

Əvvəla, İranın savaşda qalib gəlməsi ABŞ-nin artıq dünya birincisi olmaması mənasına gəlir. Nəticədə planetimiz elə xaosa sürüklənər ki, yeni nizamın qurulması əsrlər çəkə bilər. Bəşəriyyətin bu günəcən əldə etdiyi bütün uğurlar təhlükə altında qalar, çoxtərəfli müharibələr, iqtisadi çöküş, səfalət və qaçqın axınları, necə deyərlər, qiyamət qoparar.

İkincisi, hazırda regionun ən qüdrətli nizami ordusu NATO üzvü olan Türkiyəyə məxsusdur. Türkiyə dünya çapında orta güc olsa belə, öz qüdrətli ordusu ilə regionda tarazlığı qoruyan əsas qüvvələrin başında dayanır. Savaşdan qalib çıxmaq İranın yenidən nüvə silahı əldə etmək iddiasını davam etdirməsi, uranı zəngiləşdirmə layihələrini sürdürməsi və qısa zamanda bu məqsədinə nail olması deməkdir. Nüvə silahı əldə etmiş İranın qarşısında isə Türk Silahlı Qüvvələrinin heç bir dəyəri qalmır.

Üçüncüsü, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan Zəngəzur koridorunun beynəlxalq adı ABŞ prezidenti Donald Trampın şərəfinədir. Məlumdur ki, İran dəhlizin açılmasını öz “qırmızı cizgisi” elan edib. ABŞ hərbi qüvvələrinin bölgədən, loru dildə desək, əli ətəyindən uzun geri çəkilməsi “Tramp dəhlizi”nin üstündən bir qara xətt çəkilməsi deməkdir. Zira, qalib ədası ilə hərəkət edəcək İranın Azərbaycan üçün təhdidləri bununla bitməz. İslam inqilabının təbiətindən irəli gələn və savaşın ilk günü öldürülmüş Əli Xəmeyninin “İkinci addım” nəzəriyyəsi ilə gücləndirilən Tehrandakı molla rejiminin yayılmaçılıq siyasətinə əsasən Azərbaycanı “Kərimə dövləti”nə çevirmək planları ən sərt formada işə düşəcək. Bu, dövlət müstəqilliyimizi çox ciddi bir xarici təhdid qarşısında qoymaqla, bütün uğurlarımızın əsasında dayanan daxili sabitliyimizin də sıradan çıxarılmasına cəhdlər deməkdir.

Ancaq şansımız ondadır ki, İranın bu savaşdan qalib çıxması, hətta yarı qalib çıxması mümkün görsənmir.
1979-cu ildən bəri Tehran rejimi sanksiyalar altındadır, iqtisadi imkanları məhduddur. Dar iqtisadi resursların müharibə xərclərinə yönəlməsi uzunmüddətli müqavimət üçün yetərli olmayacaq. Odur ki, rəsmən təsdiq olunmasa da belə, İran prezidenti Pezeşkianın bu barədə SEPAH-a xəbərdarlıq etməsi barədə yayılan informasiyalar problemin kəskinləşdiyinin işarəsidir.

Digər tərəfdən, İranın hərbi arsenalı hər nə qədər əndişə doğuracaq həddə geniş olsa da, Rusiya, Çin, Şimali Koreya kimi dövlətlərin dəstəyi ilə yenilənsə də, enində-sonunda ABŞ və İsrailin üstün texnologiyalarla təchiz edilmiş hərbi vasitələri qarşısında acizdir. Hava məkanı nəzarətə götürülmüş bir ölkənin müasir müharibələrdə situasiyanı dəyişmək ehtimalı sıfırdır.

Nəhayət, İran həm əsarətdə saxladığı xalqla, həm qonşu dövlətlər, həm də beynəlxalq aləm üçün xof rejimidir. Bu xof rejiminin şiddət aparatı sıradan çıxdıqca, ideoloji sistemi tənəzzülə uğradıqca, İran xalqlarının azadlıq arzusu beynəlxalq ictimai rəylə birləşərək region üçün yeni ümidlər yaradır.
Bu kontekstdə Azərbaycanda İranın ideoloji təsirində olan seqmentin ümidlərinin qırılması qaçılmazdır. Bu günə qədər onlar İslam inqilabının guya İranı bütün dünyaya meydan oxuyacaq gücə çevrildiyinə inandırılmışdılar, ancaq düşünmək qabiliyyəti olan hər kəsin gözünün önündə “şirin kağızdan olması” gerçəkliyi üzə çıxır.
Başqa cür də ola bilməzdi.

İranın ən yeni tarixi uğurlarının arxasında iki faktor dayanıb. İlk faktor 1905-06- cı illərdə baş vermiş Məşrutə inqilabıdır. Digər amil faşist mövqeyinə görə əsla təqdir etməsək də, Pəhləvi rejiminin apardığı modernləşmə siyasətidir. Ruhulla Xomeyninin həyata keçirdiyi islam inqilabı bu iki amilin müsbət və mənfi nəticələrindən qidalanmaqla birlikdə, İranda demokratikləşmə, modernləşmə və tərəqqi prosesini orta çağ ideoloji sistemi ilə əngəlləyib. Odur ki, teokratik rejimin ortadan qalxması, təbii olaraq, İranda yeni məşrutə hərəkatı- konstitusiya mübarizəsi doğuracaq.

Gəlinən nöqtədə iki əsas başlıq var.

Rasional yanaşma o olardı ki, İran rejimi qələbə şansının olmamasını doğru hesablayıb dərhal danışıqlar masasına otursun, kapitulyasiya imzalasın. Digər şərtləri bir kənara qoysaq, bu halda rejim müəyyən müddətdə özünü qoruyur, İranın transformasiyası üçün daha tədbirli bir səciyyə qazanır. Kapitulyasiyadan transformasiyaya xətti İranda yeni konstitusiya layihələrinin təqdim olunmasını şərtləndirəcək. Bütün hallarda, İranın iç problemlərinin hüquq şüuruna bağlı bir şəkildə müzakirə edilməsi və çözülməsi daha ağıllı və az təhlükəli yoldur.

Əks yanaşma sərgilənərək savaşın davam etdirilməsi ABŞ və İsrailin Hörmüz boğazında keçirəcəyi əməliyyatlarla İran üçün daha çətin şərtlər formalaşdıracaq. Lakin Çin və Rusiya, o cümlədən İran elitasında həmin güclərin təsirində olanlar ABŞ üçün “Ukrayna modeli” yaratmaq həvəsi ilə istənilən danışıq prosesini pozmağa çalışacaqları aydındır. Lakin o da aydındır ki, Hörmüz boğazının ətrafı etnik baxımdan rəngarəngdir, ərəblər və bəluclar İrandan qopmaq üçün fürsət gözləyirlər. Bəlucların İran rejiminə qarşı uzun müddət mübarizə aparmış siyasi və silahlı təşkilatları var. ABŞ Hörmüz boğazını ələ keçirəcəyi təqdirdə, öz hərbi birliklərinin təhlükəsizliyini təmin etmək üçün İran qüvvələrini təxminən 100 kilometr geridə saxlamalıdır. Bu isə, ərəblərin və bəlucların yaşadığı ərazilərin Tehranın nəzarətindən çıxması deməkdir.

Ərazi itkisi və Bəlucstandan başlayan milli azadlıq hərəkatının onsuz da zəif dayaqlara malik Tehran rejiminə qarşı fars millətçiliyini düşünməyə və hərəkətə keçməyə sövq etməməsi inandırıcı görünmür. Bu halda ABŞ prezidenti Donald Trampın bir dəfə işarə etdiyi kimi, sistemin içəridən çökməsi gündəmə gəlir, lakin baş verəcək hərbi çevriliş ziddiyyətli situasiyaların da önünü açır. Daha aydın desəm, hərbi çevrilişlə İran respublika quruluşunu saxlayır, “islam modeli”ndən imtina edir, lakin yeni konstitusiya qəbul etməkdən uzun illər yayınmağa çalışır. Myanma Respublikasının təcrübəsindən görürük ki, hərbi çevrilişlə iqtidara gələn qüvvələr uzun müddət konstitusiya qəbul etməyə bilər. Lakin bütün hallarda, konstitusiya gec-tez gündəmə gəlməlidir və “real İran” o zaman tarix səhnəsinə çıxacaq. Bütün bunlar bizə ABŞ-nin İranda həyata keçirdiyi strategiya ilə bağlı bir neçə ciddi ipucu verir.
Öncə onu demək lazımdır ki, ABŞ-nin İranla bağlı guya heç bir planının olmadığı, yaxud bu planın uğur qazanmadığı barədə deyilənlərin heç bir əsası yoxdur. ABŞ kimi bir dövlət bütün incəlikləri hesablamadan, dəqiq plana malik olmadan döyüşə atılmaz.

Evdəki hesabın çarşıya uyub-uymamasına gəlincə, hələ ki İranda ABŞ-nin ssenarisindən kənar heç nə baş vermir.

Əsas sual İran rejiminin bu günə qədər niyə sıradan çıxmamasına bağlıdırsa, bunu fərqli prizmadan nəzərdən keçirməyə ehtiyac var.

Laricaninin ölümü bizə onu göstərdi ki, ABŞ rejimdəki hədəflərini özünə ən sərf etdiyi anda sıradan çıxarır. O zaman gəlin düşünək: əgər əməliyyatın ilk günlərində rejimin bütün təsirli isimlərinin tam aradan götürülməsi və İranda siyasi uçqunun baş verməsi SEPAH-da daxil olmaqla çoxsaylı silahlı qüvvələr daxilində nələrə səbəb olardı?

Bu yüzlərlə yerə bölünmüş silahlı qrupların meydana çıxması və İranda tam bir xaosun yaşanması demək olardı, deyilmi?

ABŞ-nin bu savaşdakı ən böyük məqsədi Yaxın Şərqdə nüfuzunu bərpa edib, yəni bölgəni kontrol altına götürüb Çinlə rəqabətdə üstünlüyünü sürdürməkdir. Odur ki, bölgənin yuxarıda deyilən şəkildə xoasa sürüklənməsi Tramp administrasiyasının qətiyyən arzulamadığı ssenaridir. Bu məqam bizi şablonlardan kənara çıxıb vəziyyəti doğru qiymətləndirməyə sövq edir. Tehrandakı klerikal rejim o günəcən davam edəcək ki, ABŞ İranın transformasiyası üçün daxildəki müttəfiqləri üçün əlverişli zəmin hazırlayacaq. Bu zəminin hazırlanması üçün isə teokratiya elə bir fakt qarşısında qalmalıdır ki, İranın təhlükəsizliyinə və davamiyyətinə təminat verə bilmədiyi bütün çılpaqlığı ilə üzə çıxsın. Bu faktı Hörmüz boğazına ABŞ-nin hakim olması yarada bilər.

Taleh ŞAHSUVARLI