Ukraynada səslərin 70 faizi sayılıb

Ukraynada keçirilən parlament seçkilərində proporsional sistem üzrə səslərin 70 faizindən çoxu sayılıb. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, proporsional sistem üzrə bülletenlərin 70,14%-i hesablandıqdan sonra prezident Viktor Yanukoviçin Regionlar Partiyasının 33,41%, Yuliya Timoşenkonun "Batkivşina" (Vətən) Ümumukrayna Birliyi ətrafında birləşmiş müxalifətin 23,04%, iqtidaryönlü Kommunist Partiyasının 14,48%, məşhur boksçu Vitali Kliçkonun müxalif "UDAR" Partiyasının 13,16%, radikal müxalifətçi və ultramillətçi "Svoboda" Ümumukrayna Birliyinin isə 8,97% səs aldığı açıqlanıb. Digər partiyalar 5%-lik minimum baryeri keçə bilməyiblər.

Qeyd edək ki, Ukrayna parlamenti 450 deputatdan ibarətdir. Onların yarısı proporsional, yarısı isə majoritar sistem üzrə seçilir. Majoritar dairələrdə Regionlar Partiyasının namizədləri böyük üstünlüyə malikdir. Yeni hökuməti kommunistlərin dəstəyi ilə Regionlar Partiyasının formalaşdıracağı gözlənilir.

AzNews.az