Bu, birinci dəfə deyil Bu, birinci dəfə deyil

“AKP ermənilər üçün bütün imkanları yaradıb”- İTTİHAM - EKSKLÜZİV

Bu, birinci dəfə deyil



"Xocalı soyqırımını törədən ermənilərin Türkiyədə konsert və mərasim tədbirləri təşkil etmələri yolverilməzdir". Bunu AzNews.az-a eksklüziv müsahibəsində Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Sinan Oğan bildirib.

Türkiyəli deputat bəyan edib ki, sentyabrın 9-da Türkiyənin Van bölgəsinin Ağdamar adasında yerləşən eyniadlı kilsədə erməni patriarxı Aram Ateşyan və ABŞ-da fəaliyyət göstərən erməni Qriqoryan kilsəsinin baş yepiskopu Hajak Barsamiyanın rəhbərliyi altında növbəti dini mərasim keçirməsi MHP tərəfindən qətiyyətlə pislənilir. Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bu cür hərəkətlərə yol verməsi dost və qardaş ölkə olan Azərbaycana xəyanət kimi başa düşülür: "Çox təəssüf ki, indiki AKP hökuməti iqtidara gələndən bəri, xüsusilə də Van ərazisində erməni kilsəsinin açılmasına, hətta həmin ərazidə olan ermənilərin ildə bir dəfə kilsəni ziyarət etməsinə də icazə verib və ermənilər üçün bütün imkanları yaradıb. Bu, birinci dəfə deyil. Artıq mütəmadi olaraq ermənilər Türkiyəyə gələrək Van və digər şəhərlərdə bu kimi tədbirlər təşkil edirlər. Sonra isə həmin ərazilərin onlara məxsus olması iddiasını irəli sürürlər. Türkiyənin Sülh və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Nazmi Gürün də ermənilərlə bir arada iştirak etməsini səhv addım hesab edirəm. Bu, ən azından Türkiyəyə qarşı ərazi iddiası irəli sürən və Türkiyəni dünyada soyqırım törətməkdə günahlandıran ermənilərə yaradılmış imkandır".

S.Oğan deyib ki, ermənilər öncə işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilməli, Türkiyəyə qarşı qaldırdıqları ərazi və soyqırım iddialarından əl çəkməlidirlər: "Bütün bunlar olan təqdirdə indi ermənilərlə dostluq və qardaşlıq münasibətlərindən danışmağa hər hansı əsas yoxdur".

Vasif Həsənli
AzNews.az