“Mənə siyasətlə məşğul olmağı qadağan etdilər” - MÜSAHİBƏ

Yaqub Məmmədov: “Mənə kompensasiya verdilər, amma mandat vermədilər”



"Mən müəllim və həkimin aldığı 10-100 manatı rüşvət saymıram"


1992-ci ildə hakimiyyətin ikinci qoluna sədrlik etmiş Yaqub Məmmədov uzun illərdir siyasətdən kənardadır. AzNews.az-a müsahibəsində o, bəzi məqamlara aydınlıq gətirib.

- Yaqub müəllim nə işlə məşğulsunuz?

-Tibb Universitetində elmi-pedoqoji fəaliyyətlə məşğulam.

-Necə hesab edirsiniz, Yaqub müəllimin Ali Sovetə sədrliyə gətirilməsi təsadüf, yoxsa zərurət idi?

-Şəxsən mən hesab edirəm ki, bu, təsadüf deyildi. Çünki təsadüflə bu böyüklükdə yol keçib vəzifəyə gəlmək olmaz. Deməli, burda bir qanunauyğunluq, insanın fəaliyyəti var və bunların müqabilində gəlib o vəzifəyə çatmaq olar. Konyuktura baxımdan bəlkə də təsadüf saymaq olar.

-Deməli siyasi iddia olub. Bəs bu iyirimi ildə siyasi fəaliyyət niyə yoxdur?

-Heç vaxt siyasi iddiam olmayıb, öz fəaliyyətimdə də siyasi iddia güdməmişəm. Ali Sovetin sədri olmaq da şəxsi planımda olmayıb. Ən yüksək vəzifə kimi nazir vəzifəsində özümü görürdüm. Təhsil, səhiyyə sahəsində nazir kimi özümü daha hazırlıqlı bilirdim.

-Kimisə vəzifəyə məcbur gətirmək olarmı?

-Zorla kimisə vəzifəyə gətirmək olmaz. Amma elə bir şərait yaranır ki, sənin qarşına məsələ qoyulur ki, belə məsləhətdir, sən bu gün burda lazımsan. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində baş verən proseslər məni də siyasətin qaynar mərkəzinə atdı. Deputat seçildim. Mərkəzi Komitənin üzvü oldum. Deputat fəaliyyətim də göz önündə idi. Mən aktiv deputat olmaqla yanaşı, müxalifətdən də konstruktiv, mərkəzçi kimi çıxış edirdim.

-Bəs bu qədər müddətdə siyasi proseslərdən kənarda qalmağın səbəbi nə olub?

-Aktiv siyasətdən kənarda qalmaq öz təşəbbüsüm olmayıb. Siyasət gündəlik həyatımıza elə sirayət edib ki, ondan geri çəkilmək mümkün deyil. Hakimiyyətə məndən sonra gələnlər də, onları əvəzləyənlər də siyasi proseslərdən məni çəkindirdilər. Birmənalı olaraq siyasi fəaliyyətimə qadağa qoydular.

-Axı bu, necə ola bilər?

-Çox sadə, burda nə var ki? Kimi istəyirlər, onu da asanlıqla kənarlaşdırırlar. Adamın qarşısına elə sədlər çəkirlər, elə qadağalar qoyurlar, elə münasibət göstərirlər ki, sən geri çəkilməyə məcbur olursan. Ali Sovetin sədrliyindən gedəndən sonra Ədalət və Tərəqqi Partiyası yaratsam da onu qeydiyyatdan keçirmədilər. Bütün bu maneələrə baxmayaraq, mən heç vaxt ölkədə baş verən proseslərə biganə qalmamışam. Həm daxili, həm də xarici siyasətlə bağlı mətbuat həmişə mənim mövqeyimi işıqlandırıb.

-Hazırda həm daxili, həm də xarici situasiyanı necə dəyərləndirərdiniz, nə baş verir?

-Ölkədə heç nə baş vermir, 1993-cü ildən başlanmış siyasət davam edir. İndi seçkiqabağı müəyyən siyasi proseslər aktivləşib, proseslər müəyyən qədər qabarır, iqtidar-müxalifət münasibətləri bir qədər gərginləşir, çətinləşir, müəyyən müzakirələr gedir. Amma proseslər öz axarı ilə gedir, mən fərqli bir şey görmürəm.

-Azərbaycana xarici basqılar artır, Qərb, həmçinin də İran mətbuatında hakimiyyətə qarşı kampaniya, Rusiyada milyarderlərin bir araya gəlməsi və digər məqamlar birmənalı qarşılana bilər?

-Bütövlükdə bir çox təsirlər var. Amma Azərbaycan hakimiyyəti də hər zaman balanslaşdırılmış siyasət yürütdüyünü və onu davam etdirdiyini bəyan edir. Doğrudur, mətbuat bunu yazır, amma mən heç bir təzyiq filan görmürəm. Bu gün Azərbaycan Avropanın, Amerikanın istənilən bir yerində istənilən bir tədbiri reallaşdıra bilir. Elə bir ay yoxdur ki, Azərbaycanda hansısa beynəlxalq tədbirlər də keçirilməsin, elə bir həftə yoxdur ki, ölkəyə xarici nümayəndələr gəlməsin, onların dövlət başçısı ilə görüşlər baş tutmasın. Rəhbərliyin də dünyanın hər yerinə səfərləri və yüksək səviyyəli müzakirələri də hər birimizə bəllidir. Bütün bunlar təzyiqlərin olması iddiasını əsassız edir. Belə olan halda hansı təzyiqlərdən söhbət gedə bilər?

-Münasibətlər bu dərəcədə yüksəkdirsə, onda niyə Qarabağ məsələsi 20 ildir həllini tapmır?

-Bu tamamilə başqa problemdir. Görünür indi Dağlıq Qarabağ məsələsinin həllini gündəmə gətirib, qabartmaq məqsədəuyğun deyil.

-Burda böyük dövlətlərin regional maraq faktorunun təsiri öndədir, yoxsa digər amillərin rolu mühümdür?

-Xeyir, burda region faktoru həlledici deyil. Burda qlobal, böyük güc mərkəzlərinin maraqları toqquşur. Ona görə də proseslər qeyri-müəyyənlikdədir.

-Yəni hələ də "Böyük siyasi oyunların kiçik peşkaları" olaraq qalırıq?

-Vaxtı ilə mən bunu deyəndə irad tutanlar da çox idi. Amma həyat göstərdi ki, mən düz demişəm.

- Milli Məclisə keçirilən seçkilərlə bağlı son aylarda ortaya çıxarılan video qalmaqalına münasibətiniz necədir?

-Mənim üçün burda qeyri-adi heç nə yoxdur. Bu belə idi də, bunu kim bilmirdi ki, vəziyyət belədir? Bütün xalq bilir ki, Azərbaycanda seçkilər necə keçirilir. Hələ 1995-ci ildə Nemət Pənahlı Prezident Aparatında işlədiyi vaxt siyahı vermişdi. Seçkinin nəticələri ilə onun "Meydan" qəzetində dərc etdirdiyi siyahıdakıları 99 faiz təsdiqləndi. İndi Gülər Əhmədova, Elşad Abdullayev qalmaqalını ortaya atıb, böyük bir şou düzəldiblər. Mən onu da iddia etmirəm ki, bütün seçilənlər rüşvət, korrupsiya ilə seçiliblər. ancaq siyahıya əsasən təyin olunublar. Üç dəfə parlament seçkilərində iştiraka cəhd göstərmişəm, hər dəfə də böyük maneələrlə mənə imkan verməyiblər.

-Siyahı bəlli, amma mandat almaq üçün tələb olunan rüşvət, onun fantastik həddi bəs?

-İndiyə kimi keçirilən seçkilərdə iştirak edən və mandat alanların çoxunu tanıyıram. demək olmaz ki, onların hamısı rüşvət və korrupsiya yolu ilə gedib parlamentə. Pulla gedənlər də var, başqa münasibətlər əsasında seçilənlər də.

-Korrupsiyaya yol açan faktorları harada axtarmaq lazım gəlir?

-Korrupsiya böyük bəladır, bu təkcə parlamentlə bağlı məsələ də deyil. Cəmiyyətdə hara baxırsan, orda korrupsiya var. Rüşvətlə korrupsiyanı da eyniləşdirmək olmaz. Müəllimləri, həkimləri 5-10 manata görə həbs edirlər, bunlar korrupsiya deyil, rüşvətdir. Korrupsiya dövlətin yüksək vəzifələrində oturan və öz vəzifələrindən sui-istifadə edərək, böyük masştabda əməliyyatlar həyata keçirmədir. Korrupsiyaya qarşı mübarizə aparıldığından danışılsa da, hələ bu müddət ərzində bir nəfər də olsun yüksək vəzifəli şəxsin həbs olunduğunun şahidi deyilik. Müəllimin və həkimin aldığı rüşvət deyil, bu göstərilən xidmət müqabilində verilən müəyyən məbləğdir.

-Axı onlar dövlətdən maaş alırlar…

-Hərçənd ki, mən müəllim və həkimin aldığı 10-100 manatı rüşvət saymıram, amma onun da kökündə dövlətin onlara belə münasibətdə olması durur. Ümumiyyətlə, həkim korrupsiya, rüşvət obyekti ola bilməz, o xidmətdir və xidmətinin müqabilində nəsə alır. Əgər dövlət onlara öz əməyinin müqabilində məvacib ayırsa, inanın ki, o neqativ halların böyük faizi olmaz. Mən nə müəllimin, nə də həkimin belə fəaliyyətinə bəraət qazandırmıram, hər halda hər bir kəs özünün şəxsiyyətinə hörmət etməli, elə şeylərə getməməlidir. Amma onlara verilən maaşla ailəni dolandırmaq mümkün olmadığını da unutmamalıyıq axı.

-Qarşıdan gələn prezident seçkilərində alternativ olmaq niyyətiniz varmı?

-İstəmirəm. Seçki olsa, iştirak edərəm. Məni deputat seçilməyə qoymadılar. Nəsimi dairəsindən deputat seçildiyimi təsdiqləyən sənədlər var və bunu Avropa Məhkəməsi də təsdiqlədi. Mənə kompensasiya verdilər, deputat mandatı vermədilər.

-Yaxın perspektivdə nələr baş verə bilər?

-Dünyada baş verən proseslərdən nəticə çıxarmaq lazımdır, belə davam edə bilməz. Təcili islahatlar aparılmalı, gənclərə yol açılmalıdır ki, hər yerə yeni nəfəs gəlsin.

Gültəkin Qəhrəmanlı
AzNews.az