Tarixçi alim: “Ermənistanın bu hərəkətləri başadüşüləndir”

Ermənistan Siyasi Elmlər Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Qayk Kotacyan Qubada üzə çıxarılan soyqırım məzarlığı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə müraciət edib.

Bu barədə Ermənistanın Panarmenian.net saytı xəbər verib. Müraciətdə Qubada tapılan soyqırım məzarlığında xatirə kompleksinin tikilməsi ilə bağlı mətbuatda dərc olunan xəbərlərə münasibət də əksini tapıb. Q.Kotaçyan xatirə kompleksinin yaradılmasını "siyasi manipulyasiya" adlandıraraq Azərbaycan Prezidentinin məzarlığı ziyarət etməsindən, xarici qonaqların səfərlərinin protokol qaydalarına aid ediləcəyindən narahatlığını ifadə edib.

Onu da bildirək ki, Yepiskopyan bu ilin yanvarında AMEA-nın prezidenti Mahmud Kərimova erməni mütəxəssislərinin, antropoloq və genetiklərin Quba məzarlığına buraxılmasını və birgə elmi tədqiqatın aparılması barədə müraciət olub.

Bununla bağlı AzNews.az-a fikirlərini açıqlayan BDU-nun tarix kafedrasının müdiri, tarix elmlər doktoru Anar İsgəndərli bildirib ki, dünyanı "erməniləri türklər soyqırıma məruz qoyub" hay-küyü ilə gülünc edənlərin ortaya çıxan həqiqətləri ictimailəşdirmədən narahatlığı başadüşüləndir. O qeyd edib ki, ermənilərin digər millətlərdən fərqli xüsusiyyətləri kifayət qədərdir: "Ermənilər bir tərəfdən bir tərəfdən həmişə dünyanı inandırmaq istəyib ki, əzab çəkən, "soyqırım"a məruz qalan onlar olub. Bununla da özlərinin törətdikləri soyqırımları ört-basdır etməyə çalışırlar. Digər bir tərəfdən də dünyanı inandırmaq istəyir ki, tarix boyu onlar heç kimə qarşı soyqırım həyata keçirməyiblər.

Ən nəhayət, guya, onlar XXI əsrdə dünya xalqlarını, o cümlədən də Cənubi Qafqaz xalqlarını birliyə çağırır. Cənubi Qafqazın təkcə böyük xalqları deyil, hətta ən kiçik xalqlarını, etnik qruplarını birliyə çağırır, onlar üçün Ermənistanda hər cür şərait yaradır".

Gültəkin Qəhrəmanlı
AzNews.az