- Toplum
- 20 Noyabr 2018 15:17
- 9 056
SOS! Süfrə duzumuza kanalizasiya axıdılır: əməkdaşımızı hədələdilər! - Başıbəlalı göldən Foto-Reportaj
Bakının 21 kilometrliyindədir, gözəl də mənzərəsi var. Amma...
Söhbət, Abşeron rayonunun Masazır kəndi yaxınlığındakı, ümumi sahəsi nə az, nə çox - 10 km² olan Duz gölündən gedir. Onun şəninə də, qarasına da çox sözlər deyilib. Kimi haqlı, kimi haqsız, kimi faktlı, kimi faktsız… odur ki, bu göl barədə biz də bir-iki kəlmə demək istəyirik: həm haqlı, həm faktlı.
Aydın məsələdir ki, bu göl ölkəmizə bəxş edilən təbii sərvətdir. Buradan təbii olaraq duz çıxır və həmin duz müxtəlif mərhələlərdən keçməklə süfrələrimizə qədər gəlir. Bu missiyanı Masazır Duz Rafinasiya Zavodu həyata keçirir. Söhbətimizin əsas qayəsi bu zavod və ya onun fəaliyyəti ilə bağlı deyil. Ona görə, bu barədə bir az sonra…
Səhər işə gedərkən yolumuzu dəyişib sözügedən Masazır gölündən saldıq.
Masazır-Novxanı yolu boyunca gölün ərazisi çəpərə alınsa da, “Qurtuluş-93” və “Zəngilan” şəhərciklərindən üzü Duz zavodu tərəfə göldə heç bir məhdudlaşdırma yoxdur. Yəni istənilən şəxs çox rahatlıqla gölün sahilinə yaxınlaşa, onunla təmasda ola bilər. Necə ki, yay aylarında müalicə məqsədilə bu təması quranlar tapılır.
Əslində, insanların gölə yaxınlaşması, dizə qədər suya girib 10-15 dəqiqə gəzişməsinin elə də antisanitar tərəfi yoxdur. Amma yaxınlıqdakı zavodun qoyduğu tələblərə görə, gölə girmək, orada çimmək qadağandır. Necə ki, bu cür hərəkətlər gördükdə dərhal qarşısını alırlar. Amma nədənsə, bir neçə istiqamətdən gölə axıdılan kanalizasiya suları görməzdən gəlinir.
Belə ki, gölün yaxınlığında yerləşən “Zəngilan” və “Üçmərtəbə” kimi tanınan “Qurtuluş” yaşayış sahələri tərəfdən gölə davamlı şəkildə çirkab sular axıdılır. Bu durum isə həm ekoloji, həm də buradan çıxarılan duzun təhlükəsizliyi baxımından adamı düşünməyə vadar edir.
Düzdür, sözügedən zavodun laboratoriyasında hər saatbaşı duzdan analizlər götürülür. Həmin duz standarta uyğun olmadığı zaman yenidən xam duz kimi gölə tökülür.
Ötən illərdə zavodun fəaliyyəti ilə yaxından tanış olduğumuz üçün bilirik ki, Masazır gölünün duzu yodsuzdur və duz zavodda istehsal zamanı yodlaşdırılır. Duzun yodlaşdırılması üçün, yod əvvəllər Türkiyədən gətirilirdi. İndi isə “AzərYod”un təklif etdiyi yoddan istifadə edilir. Duz paketlərinin üzərində, onun tərkibindəki yodun miqdarı qeyd olunur.
Onu da qeyd edək ki, gölün duz ehtiyatı təxminən 1 milyon 735 min tondur. Sözügedən zavod ildə 50 min ton duz istehsal edir. Burada yodlaşdırılmış duzdan əlavə, yodlaşdırılmamış duzlardan da istifadə olunur. Bu duz qazanxanalarda, heyvandarlıqda, dəriçilikdə və yollarda istifadə üçün nəzərdə tutulur.
Yadınızdadırsa, əvvəllər kim gəldi göldən duz yığırdı və onu kustar üsulla isehsal edirdi. Amma hazırda bunun qarşısı tamamilə alınıb. Çünki gölün ərazisi zavodun əməkdaşları tərəfindən xüsusi nəzarətdə saxlanılır.
Yaxşı, duzun aparılmasına ciddi nzarət varsa, gölün təmizliyinə, çirkab sulardan müdafiəsinə niyə nəzarət yoxdur?
Bu və ya digər suallara aydınlıq gətirmək üçün zavodun balansında olduğu “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər Departamentinin rəhbəri Afiq Səfərovla əlaqə saxladıq. O bildirdi ki, gölün ərazisi Masazır Duz zavodu tərəfindən icarəyə götürülüb.
A.Səfərov ətraflı məlumat üçün sualları yazıb göndərməyimizi istədi. (Biz də göndərdik). Əlavə etdi ki, suallar Duz zavodunun rəhbərliyinə yönləndiriləcək və özləri cavablayacaqlar. Olsun, gözləyərik, cavab gəlsə, sonradan mətnə əlavə ediləcək. Eləcə də, məsələyə aidiyyəti olan digər qurumlardan da cavab ala bilsək, mətnə əlavə edəcəyik.
Bu arada, Binəqədi rayonunun ərazisində yerləşən və sözügedən Duz zavodunun nəzarətində olan digər göldə çəkiliş apararkən bir nəfə naməlum şəxs yaxınlaşıb mane olmağa çalışdı. “Çəkdiyiniz şəkilləri silin, bura dövlət qoruğudur, giriş qadağandır” kimi sözlərlə təsir etməyə çalışdı. Kinayəli şəkildə, başqa arzu-istək varmı - deyə, soruşduq. Bizi əraziyə polis çağıracağı ilə hədələdi. Çağır dedik. Amma çağırmadı, israrla harada işlədiyimizi soruşdu. Biləndə ki, jurnalistik bir az səngidi. “Əraziyə girişi qadağan edən hər hansı bir nişan yoxdur axı, deyirsiniz ki, bura dövlət qoruğudur, dövlət qoruqları adətən xəbərdaredici nişanlarla təmin edilir” deyə, irad tutduq. Əlqərəz, adama, konkret desək, zavodun əməkdaşına başa salmaq istədik ki, qanundan kənar heç bir işlə məşğul deyilik…
Duz gölü ərazisindən fotoları təqdim edirik:
Elgün MƏNSİMOV
AzNews.az