• Toplum
  • 3 Yanvar 2019 12:12
  •  3 532

11 yaşlı uşaq həkim səhvinin qurbanı oldu - Təfərrüat

Qızcığaz həkim səhvi nəticəsində həyatını itirib...

2018-ci il dekabr ayının 23-də Quba rayon sakini olan, 2007-ci il təvəllüdlü Ağacanova Samirə Samir qızı Bakıda yerləşən 6 saylı uşaq klinik xəstəxanasında şəkərli diabet diaqnozundan dünyasını dəyişib. 11 yaşlı qızcığaz həkim səhvinin qurbanı olub.

AzNews.az-ın məlumatına görə, 20 dekabr tarixində Samirə Ağacanova bağırsaq, göbək ətrafı sancısı ilə Quba Müalicə Diaqnostika Mərkəzinə daxil olub. Xəstəxananın baş həkim əvəzi Elnarə Abdullayevanın verdiyi məlumata görə, mərkəzdə pediatr ştatı olmadığına görə, xəstə daxil olarkən ona ilkin tibbi yardım göstərilib və səhərisi gün acqarına müayinələrə gəlməyi məsləhət görülüb. Ancaq uşağın valideynləri Samirəni səhərisi gün müalicə üçün Sumqayıt şəhərinə aparıblar. Orada bir neçə gün müalicə aldıqdan sonra isə S.Ağacanovanı koma vəziyyətində Bakıya K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətiriblər. İlkin müayinələr zamanı uşağa şəkərli diabet diaqnozu qoyulub və edilən müalicələrin tamamilə səhv aparıldığı məlum olub. Bundan sonra S.Ağacanova koma vəziyyətində 6 saylı uşaq klinik xəstəxanasına göndərilib.

11 yaşlı qızcığazın müalicə həkimi Surə Quliyevanın AzNews.az-a verdiyi məlumata görə, dekabr ayının 22-də saat 17:40 radələrində S.Ağacanova çox ağır vəziyyətdə - şəkərli diabet 1-ci tip, keto afidotik komada xəstəxananın reanimasiya şöbəsinə daxil olub: "Daxil olarkən şəkəri 1200 olub, beyin ölümü baş verib. Ümumiyyətlə, uşaqda son 1 ayda çoxlu su içmə, sidiyə getmə müşahidə olunub, 1 həftə ərzində isə tamam arıqlayıb. Bizim müşahidələrimizə görə, S.Ağacanovada şəkər xəstəliyi sentyabr ayında yaranıb, ancaq valideyinləri bunu aşkar edə bilməyiblər. Sumqayıtda xəstəxanada isə uşağa düzgün müalicə aparılmayıb və şəkəri yüksək həddə qalxıb".

6 saylı uşaq klinik xəstəxanasının baş həkimi Naibə xanımın verdiyi məlumata görə, S.Ağacanovanın sentyabr ayında sinif yoldaşı rəhmətə gedib və uşaq da həmin yas məclisində iştirak edib. Çox ehtimal ki, Ağacanovada şəkər qorxudan yaranıb. Bunu isə valideynləri müşahidə etməyiblər. Xəstəxanada ölüm hallarına gəldikdə isə, uşaq klinik xəstəxanasında 2018-ci ildə 11 uşaq dünyasını dəyişib.

S. Ağacanovanın ölümü ilə bağlı adlarını sadaladığımız xəstəxanaların heç biri məsuliyyəti boynuna götürməsə də, reallıq odur ki, şəkərli diabet xəstəliyi ilə insanlar uzun illər yaşayırlar. Ancaq 11 yaşlı qızcığaz məhz həkimlərin səhv müalicəsi nəticəsində dünyasını dəyişdi...

Qeyd edək ki, 2019-cu ildə dövlət tərəfindən səhiyyəyə ayrılan vəsaitin həcmi 43 faiz artırılaraq 1 milyard manatdan yuxarı olub. Azərbaycan səhiyyəsinin real vəziyyəti isə göz qabağındadır. 11 yaşlı şəkərli diabet xəstəsi komaya düşüb dünyasını dəyişirsə, buna nə ad vermək olar? Təəccüb doğuran hal budur ki, bizdə müasir standartlara cavab verən diaqnostika mərkəzində hələ də pediatr ştatı yoxdur...

UNISEF-in 2018-ci il hesabatında qeyd olunur ki, Norveçdə hər 10 min nəfərə 218 tibb personalı, Somalidə isə cəmi 1 həkim düşür. Görəsən Azərbaycanda hər 10 min nəfərə neçə həkim düşür?!

Azər
AzNews.az