Dinləyicilərə həyata keçirilən islahatlar haqqında geniş məlumat verilib Dinləyicilərə həyata keçirilən islahatlar haqqında geniş məlumat verilib
  • Toplum
  • 18 Aprel 2019 16:23
  •  1 699

Ombudsman hüquqi maarifləndirmə tədbirlərini davam etdirir

Dinləyicilərə həyata keçirilən islahatlar haqqında geniş məlumat verilib

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) kimi fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq əlaqələri üzrə hüquqi biliklərin artırılması məqsədini daşıyan tədbirlər davam etdirilir.

Ombudsman Aparatından verilən məlumata görə, bu tədbirlər və Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində icbari təlim kurslarının proqramına insan hüquqları, habelə Ombudsmanın MPM fəaliyyəti ilə bağlı mövzular da daxil edilib.

Növbəti tədris “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr: milli və beynəlxalq təcrübə kontekstində” mövzusunda olmuş və mühazirə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin orta rəis heyətinə qulluğa qəbul olunacaq şəxslərə ünvanlanıb.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Ombudsmanının MPM funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar milli, xarici ölkə və beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılıb.

Avropa Penitensiar Qaydalarının, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartların, eləcə də əlaqəli şəkildə milli qanunvericilik aktlarının konkret müddəaları üzrə məlumatlar tədris olunub.

Dinləyicilərə Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla insan hüquqlarının effektiv müdafiəsi baxımından görülmüş işlər, beynəlxalq standartlar əsasında rəftar məsələləri və saxlanma şəraitinin araşdırılmasında göstərilən yanaşmalar haqqında geniş məlumat verilib.

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanıb, onların çoxsaylı sualları ətraflı cavablandırılıb.(trend.az)

AzNews.az