- Müşahidə məntəqəsi
- 20:59
- 1 985
“Dövlət damcı suvarma sistemlərinin fermerlər üçün əlçatanlığını təmin etməlidir” – Sadiq Həsənov
"İqlimdə baş verən bu dəyişikliklər təkcə kənd təsərrüfatına deyil, demək olar ki, həyatımızın bütün sahələrinə təsir edir. Sənayeyə, texnologiyaya, şəhərlərdə insanların yaşayışına, həmçinin havanın çirklənməsi və iqlim dəyişiklikləri nəticəsində yağıntıların artması və ya quraqlıq günlərinin çoxalması kimi proseslər kənd təsərrüfatına da ciddi təsir göstərir. Bu, kifayət qədər ciddi bir prosesdir və son dövrlərdə onun fəsadları daha aydın şəkildə hiss olunmağa başlayıb. Konkret olaraq kənd təsərrüfatında bir neçə istiqamətdə təsirlər müşahidə olunur. Birinci, su ehtiyatları azalır. Xüsusilə yay aylarında, əkinlərin inkişaf və vegetasiya dövrünün ən həssas mərhələsində su çatışmazlığı yaranır, nəticədə bitkilər quruyub məhv olur. Bu isə məhsul çatışmazlığına səbəb olur. İnsanlar böyük əmək və investisiya qoyduqları halda, suvarma imkanı olmadığından ciddi zərərlə üzləşirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, iqlim dəyişmələri son illərdə kənd təsərrüfatı sektoruna ən ciddi təsir göstərən qlobal amillərdən birinə çevrilib. Temperaturun yüksəlməsi, yağıntı rejimlərinin dəyişməsi, quraqlıqların artması və ekstremal hava hadisələrinin tezləşməsi kənd təsərrüfatı istehsalının həm həcminə, həm də keyfiyyətinə birbaşa təsir edir. Azərbaycanda da bu proseslər xüsusilə suvarma suyu çatışmazlığı, torpaq şoranlaşması və məhsuldarlığın azalması kimi problemlərlə özünü göstərir. Nəticədə fermerlər daha qeyri-sabit məhsul dövrləri və artan risklərlə üzləşirlər. Bu vəziyyət kənd təsərrüfatında adaptasiya tədbirlərinin və yeni texnologiyaların tətbiqini daha da aktuallaşdırır.
Ekoloq qeyd edib ki, bu vəziyyət kəndlərdən şəhərlərə miqrasiyanın artmasına səbəb olur.
"Halbuki dolanışığımızın mühüm hissəsi kənd təsərrüfatı ilə bağlıdır. Bu, çox ciddi problemdir. Hazırda dünyada urbanizasiya prosesi sürətlənib və əhalinin təxminən yarısı şəhərlərdə yaşayır. Azərbaycanda rəsmi statistikaya görə kənd əhalisi üstünlük təşkil etsə də, faktiki olaraq şəhərlərə miqrasiyanın artdığı müşahidə olunur. Ölkəmizdə su ehtiyatları da məhduddur. Kənd təsərrüfatı əsasən Kür və Araz çayları üzərində formalaşıb, xüsusilə Kür hövzəsi bu baxımdan mühüm rol oynayır. Su ehtiyatlarının azalması nəticəsində Salyan, Neftçala və digər aşağı düzənlik rayonları daha çox zərər görür. Eyni vəziyyət İmişli, Zərdab kimi rayonlarda da müşahidə olunur. Ümumilikdə Araz hövzəsinə yaxın bütün bölgələr kənd təsərrüfatı baxımından risk altındadır. Bu proses həm məhsuldarlığın azalmasına, həm torpaqların deqradasiyasına, həm də əhalinin miqrasiyasının artmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün ilk növbədə sudan daha səmərəli istifadə edilməlidir. Suvarma sistemləri təkmilləşdirilməlidir. Məsələn, damcı suvarma sistemi genişləndirilməlidir. Doğrudur, bu sistem hələ bir çox fermer üçün tam əlçatan deyil, lakin dövlət tərəfindən subsidiyalar və dəstək mexanizmləri tətbiq olunmalıdır ki, fermerlər daha az su ilə daha səmərəli məhsul istehsal edə bilsinlər. Eyni zamanda su ehtiyatlarının idarə olunması təkmilləşdirilməli, yağış sularının toplanması və təkrar istifadəsi sistemləri yaradılmalıdır. Dünyanın bir çox ölkələrində – o cümlədən İran, Türkiyə, Pakistan, Hindistan, Sinqapur və Avstraliyada – bu təcrübələr geniş şəkildə tətbiq olunur. Bundan əlavə, kənd təsərrüfatı torpaqlarının şoranlaşmasının və deqradasiyasının qarşısını almaq üçün aqrar islahatlar həyata keçirilməlidir. Azərbaycan bu istiqamətdə də addımlar atır və müxtəlif layihələr icra olunur. Su anbarlarının tikintisi, onların səmərəli idarə olunması və yağış sularından istifadənin genişləndirilməsi bu proseslərin təsirini azaltmağa və kənd təsərrüfatını daha dayanıqlı hala gətirməyə kömək edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az