​“Pakistan vasitəsilə aparılan İran–ABŞ dialoqu dolayısı ilə Çinin vasitəçiliyidir” – Oqtay Qasımov

"İranın xarici işlər nazirinin Çinə səfəri və orada apardığı müzakirələr, şübhəsiz ki, İran–ABŞ qarşıdurmasının dayandırılması ilə bağlıdır. Mətbuat konfransında Çin tərəfinin mövqeyinə diqqət yetirsək, görərik ki, Çin həm Rusiya-Ukrayna müharibəsi, həm də İsrail–İran gərginliyi fonunda öz mövqelərini gücləndirməyə çalışır. Belə ki, həm Rusiya, həm də İran üzərində Çinin müəyyən təsir imkanları mövcuddur. Xüsusilə də Pekin Hörmüz boğazının açıq qalması və iqtisadi əlaqələrin davam etməsi məsələsində açıq mövqe sərgiləyir. Bu baxımdan, münaqişənin dayandırılması ilə bağlı Çin tərəfindən müəyyən təşəbbüslərin irəli sürülməsi ehtimalı var. ABŞ tərəfi də bunu anlayır və görünən odur ki, Donald Trampın Çinə mümkün səfəri zamanı əsas müzakirə mövzularından biri də İranla münasibətlər olacaq. Mövcud şərait isə böyük ölçüdə Çinin maraqlarına uyğundur. Çünki ABŞ İranın müqaviməti ilə üzləşdikcə proses uzanır və Vaşinqtonun Pekinə ehtiyacı artır. Digər tərəfdən, ABŞ təzyiqləri gücləndikcə İran da daha çox Çinə yaxınlaşmaq məcburiyyətində qalır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlar məqsədilə Çinə səfər edib və burada yüksək səviyyəli diplomatik görüşlər keçirib. Səfər çərçivəsində onun çinli həmkarı Van İ ilə müzakirələr aparacağı, ikitərəfli əlaqələr və regional–qlobal proseslərin gündəmdə olacağı bildirilir. Bu görüş İran–ABŞ nüvə danışıqları böhranının dalana dirəndiyi bir mərhələdə baş tutur. Mövcud geosiyasi şəraitdə Çin həm Vaşinqton, həm də Tehranla münasibətlərdən istifadə edərək öz strateji mövqelərini gücləndirməyə çalışır. Eyni zamanda, Pekinin iqtisadi əlaqələri qorumaqla yanaşı, İranı diplomatik proseslərə yönləndirməyə çalışdığı da qeyd olunur.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan hazırkı geosiyasi proseslər Çinin maraqlarına cavab verir.

"Nəzərə alsaq ki, Çin qlobal güc statusunu möhkəmləndirməyə çalışır, bu imkanlardan maksimum istifadə edəcəyi gözləniləndir. Gələcəkdə İran və ABŞ arasında dialoqun intensivləşməsi ehtimalı da istisna edilmir. Bununla bağlı müxtəlif iddialar səsləndirilir və hətta tərəflərin yaxın dövrdə müəyyən məsələlər üzrə razılığa gələ biləcəyi bildirilir. Bu məlumatlar əsasən Pakistan rəsmilərinə istinadən yayılır və onların nə dərəcədə real olduğunu zaman göstərəcək. Bununla belə, dialoqun tamamilə kəsildiyini demək doğru olmaz. Müəyyən məlumatlara görə, bu proses Pakistan vasitəsilə davam etdirilir. Əslində, Pakistan üzərindən aparılan bu dialoq dolayısı ilə Çinin vasitəçiliyi kimi də qiymətləndirilə bilər. Çünki Pakistanla Çin arasında strateji tərəfdaşlıq mövcuddur və Pekinin İslamabad üzərində müəyyən təsir imkanları var. Eyni zamanda, Trampın Çinə mümkün səfəri ərəfəsində danışıqlarda müəyyən intensivləşmə müşahidə oluna bilər. Lakin ziddiyyətli məlumatların çoxluğu səbəbindən prosesin real istiqamətini dəqiq müəyyənləşdirmək çətindir. Bir tərəfdən, ABŞ-nin regiona hərbi qüvvə topladığı və yaxın 48–72 saat ərzində İrana zərbələr endirə biləcəyi ilə bağlı iddialar səsləndirilir. Bu kontekstdə İsrail faktoru da nəzərə alınmalıdır. Digər tərəfdən isə həm Trampın açıqlamalarına, həm də Pakistan rəsmilərinə istinadən İran–ABŞ dialoqunun davam etdiyi və müəyyən razılaşmalara yaxınlaşdığı bildirilir. Bütün bunların fonunda Çinin rolunun daha da artacağı gözlənilir. Mövcud vəziyyət Pekinə həm ABŞ-dan müəyyən güzəştlər əldə etmək, həm də özünə yaxınlaşan İranı dəstəkləmək baxımından əlavə imkanlar yaradır. Nəticə etibarilə, Trampın gözlənilən səfəri çərçivəsində ABŞ–Çin münasibətlərində müzakirə ediləcək əsas mövzulardan biri də İran məsələsi və Hörmüz boğazı ətrafındakı vəziyyət olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az