- Siyasi müzakirə
- 18:56
- 2 262
“Roma Bakı ilə Brüssel arasında körpü rolunu oynamaq potensialına malikdir” – Elçin Mirzəbəyli
"İtaliyanın Baş naziri Ciorcia Meloninin ölkəmizə səfəri Avropa İttifaqının aparıcı dövlətlərindən birinin regionda formalaşan yeni güc balansına münasibətinin və Azərbaycanla strateji əməkdaşlığa verdiyi əhəmiyyətin açıq nümayişidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Meloninin Ermənistan proqramını başa vurduqdan sonra Bakıya gəlməsi sıradan diplomatik marşrut deyil, konkret siyasi məna və mesajlar daşıyan addımdır. Bu səfərin mahiyyətini anlamaq üçün ilk növbədə Azərbaycan–İtaliya münasibətlərinin son illərdə keçdiyi inkişaf trayektoriyasına diqqət yetirmək lazımdır. İtaliya artıq uzun müddətdir ki, Azərbaycanın Avropadakı əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində əməkdaşlıq Bakı ilə Roma arasında münasibətləri strateji səviyyəyə yüksəldib. TAP layihəsi və Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli İtaliyanı təkcə iqtisadi tərəfdaş deyil, həm də Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əsas müttəfiqlərindən birinə çevirib. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropanın enerji siyasətində baş verən dəyişikliklər Azərbaycanın rolunu daha da artırıb. Avropa üçün alternativ enerji mənbələri və marşrutları məsələsi artıq iqtisadi deyil, strateji təhlükəsizlik məsələsinə çevrilib".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Giorgia Meloninin Azərbaycana səfəri Bakı ilə Roma arasında strateji tərəfdaşlığın gücləndiyini göstərən əhəmiyyətli siyasi addım kimi qiymətləndirilir. Səfər enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişlənməsi baxımından xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bildirib ki, bu səfər iki ölkə arasında dostluq münasibətlərinin və qarşılıqlı etimadın daha da möhkəmləndiyini nümayiş etdirir. O, Meloninin Ermənistandan sonra Azərbaycana gəlməsinin xüsusi siyasi və rəmzi məna daşıdığını vurğulayıb.
Deputat qeyd edib ki, bu kontekstdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi ön plana çıxır və İtaliya bu reallığı ən yaxşı anlayan Avropa ölkələrindən biridir.
"Meloninin Bakı səfəri də məhz bu strateji reallığın siyasi təsdiqi kimi qiymətləndirilə bilər. Baş nazirin əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfər etməsi isə bir neçə mühüm diplomatik mesaj ehtiva edir. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış siyasi vəziyyət artıq beynəlxalq aktorların siyasətinə də təsir edir. Azərbaycan yalnız hərbi-siyasi baxımdan deyil, həm də nəqliyyat, enerji və geoiqtisadi layihələrin mərkəzi ölkəsi kimi çıxış edir. Ermənistan isə hələ də regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiya baxımından gözləmə mövqeyindədir. Meloninin Bakı səfərinə verilən xüsusi siyasi məna da məhz bu fərqdən qaynaqlanır. Bu addım Avropa daxilində Azərbaycana münasibətdə mövcud olan fərqli yanaşmalar fonunda ayrıca diqqətə layiqdir. Son dövrlərdə bəzi Avropa strukturlarında Azərbaycana qarşı qərəzli mövqelərin müşahidə olunmasına baxmayaraq, İtaliya daha praqmatik və realist siyasət yürüdən ölkə kimi seçilir. Roma anlayır ki, Azərbaycanla münasibətlərin zəifləməsi Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz layihəsi və regionda sabitlik baxımından ciddi problemlər yarada bilər. Buna görə də İtaliya ideoloji yanaşmadan daha çox strateji maraqlar üzərində siyasət qurmağa üstünlük verir. Meloninin səfərinin digər mühüm aspekti isə iqtisadi və investisiya əməkdaşlığının yeni mərhələyə keçməsi ehtimalıdır. İndiyədək enerji sektoru münasibətlərin əsas sütunu olsa da, hazırda tərəflər qeyri-neft sektoru, yaşıl enerji, sənaye, yüksək texnologiyalar, kənd təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlığı genişləndirməyə çalışırlar. Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələri də İtaliya şirkətləri üçün böyük imkanlar yaradır. Bu isə münasibətlərin təkcə enerji tərəfdaşlığı çərçivəsində qalmayacağını göstərir. Bütün bunların fonunda əsas suallardan biri budur: bu görüş uzunmüddətli strateji tərəfdaşlığın institusional çərçivəsinin genişlənməsinə gətirib çıxaracaqmı? Mövcud dinamika göstərir ki, bu proses artıq başlayıb. Azərbaycan–İtaliya münasibətləri tədricən klassik iqtisadi əməkdaşlıq modelindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq formatına keçir. Burada enerji diplomatiyası ilə yanaşı, siyasi dialoq, təhlükəsizlik məsələləri, regional nəqliyyat marşrutları və Avrasiya məkanında yeni geoiqtisadi əlaqələr xüsusi yer tutur. Eyni zamanda, İtaliyanın Avropa İttifaqının aparıcı ölkələrindən biri olması Azərbaycanın Avropa ilə münasibətlərində əlavə siyasi imkanlar yarada bilər. Roma Bakı ilə Brüssel arasında körpü rolunu oynamaq potensialına malikdir. Xüsusilə enerji təhlükəsizliyi və Orta Dəhliz layihəsi ilə bağlı məsələlərdə İtaliyanın Azərbaycanın mövqeyinə daha yaxın yanaşması ehtimalı yüksəkdir. Digər tərəfdən, Meloninin siyasi kursu da bu münasibətlərin dərinləşməsinə əlverişli zəmin yaradır. O, Avropa siyasətində daha çox milli maraqlar və praqmatik əməkdaşlıq xəttini müdafiə edən lider kimi tanınır. Bu isə ideoloji təzyiq mexanizmlərindən daha çox qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına şərait yaradır. Nəticə etibarilə, Ciorcia Meloninin Bakı səfəri sadəcə diplomatik hadisə deyil, Azərbaycan–İtaliya münasibətlərinin yeni geosiyasi mərhələyə daxil olmasının göstəricisidir. Bu səfər bir tərəfdən Azərbaycanın regionda artan siyasi çəkisinin beynəlxalq səviyyədə qəbul olunduğunu nümayiş etdirirsə, digər tərəfdən Avropanın aparıcı dövlətlərinin Cənubi Qafqaz siyasətində daha realist və praqmatik yanaşmaya üstünlük verməyə başladığını göstərir. Ən mühüm məqamlardan biri isə budur ki, Bakı ilə Roma arasında münasibətlər artıq situativ maraqlardan deyil, uzunmüddətli strateji hədəflərdən qaynaqlanır. Bu isə gələcəkdə əməkdaşlığın institusional əsaslarının daha da möhkəmlənəcəyini və Azərbaycan–İtaliya tərəfdaşlığının Avrasiya geosiyasətinin mühüm istiqamətlərindən birinə çevriləcəyini deməyə əsas verir".
Rəfiqə Namazəliyeva,
AzNews.az