Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi
  • Toplum
  • 21 İyul 2020 14:00
  •  12 022

"Ölü" və "populyar" ixtisaslar - Ekspertə görə bu haqda düşünən yoxdur

Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi

"İlk növbədə qeyd edim ki, qəbul imtahanlarının nəticələrini təhlil edəndən sonra məlum oldu ki, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasına daha çox üstünlük veriblər".

Bu sözləri AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, digər ixtisaslara seçim bunlarla müqayisədə az olub: "Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır: “Orta statistik qız abituriyentin özündə humanitar ixtisasları birləşdirən III ixtisas qrupuna istəyi çox yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər həmişə olduğu kimi “İqtisad və idarəetmə ixtisaslarına” (II qrup) az maraq göstərirlər".

Kamran Əsədov qeyd edib ki, rus bölməsinin qız abituriyentlərinin isə həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir: "IV ixtisas qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Burada qızlar tibb ixtisaslarına üstünlük verirlər. V ixtisas qrupunda oğlanlar daha çox idman ixtisasların meyl edirlər. Bu qrupda qabiliyyət tələb edən ixtisaslardan ən çox qızlar "Təsviri sənət müəllimliyi" ixtisasını seçirlər. Sözsüz ki, elə ixtisaslar var ki, orada doğrudan da əmək bazarında o istiqamət üzrə məzunlara ehtiyac yoxdur. Burada mütləq ali təhsilli mütəxəssis lazımdır. Məsələn, riyaziyyat, xarici dillər, ibtidai sinif və ümumiyyətlə, bütün ixtisaslar üzrə müəllim ixtisasları var. Düşünürəm ki, müəllim ali təhsilli olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Məsələn, Finlandiya orta məktəblərində magistraturanı bitirənlər ancaq orta məktəblərdə müəllim etmək hüququ qazanırlar. Demək, zaman dəyişib, tələblər başqadır. Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir".

Ekspertin sözlərinə görə, dünyada tendensiya gedir, gələcəyin yeni ixtisasları formalaşır: "Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur. 20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. Bu haqda düşünən yoxdur. Mən özüm Azərbaycanın əmək bazarına hansı ixtisaslar lazım olacaq, onu bilirəm. İstər elmdə, istərsə də kənd təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya çapında gedən dəyişiklikləri izləyir və bilirik. Azərbaycanın əmək bazarına bu hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur. Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu təlabat getdikcə daha da artcaq. Hesab edirəm ki, universitetdə daha lazımlı ixtisasların yaradılmalıdır. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar".

Səidə Vahid

AzNews.az