• Toplum
  • 8 Oktyabr 2020 20:23
  •  608

Ombudsman “Amnesty International” təşkilatına açıq məktub ünvanlayıb

Ermənistan müharibə cinayətləri, soyqırım kimi insanlıq əleyhinə cinayətləri davam etdirib

Məlum olduğu kimi oktyabrın 5-də “Amnesty International” təşkilatı öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və bu cür həssas bir dönəmdə Azərbaycan dövlətinə qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanat yayıb.

Bu barədə AzNews.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı bir bəyanat yaymazdan əvvəl beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun məhz Ermənistan tərəfindən işğal faktını tanıyan və qınayan, habelə işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən, eyni zamanda beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə hörmət prinsiplərini bilavasitə ehtiva edən BMT-nin münaqişəyə dair 822, 853, 874 və 884 saylı Qətnamələrinə istinad etməyə çağırıb.

Müraciətdə eyni zamanda beynəlxalq humanitar hüququn hərbi münaqişələr zamanı mülki şəxslərin və obyektlərin müdafiəsinə əsaslanan qaydaları bir daha xatırladılaraq, Ermənistanın həmin müddəaları etnik Azərbaycanlı mülki şəxslərin öz torpaqlarından didərgin salınması, mülki şəxslərə və obyektlərə hücumlar etməklə pozduğu bildirilib.

Müvəkkil 30 ilə yaxındır Ermənistanın işğal etdiyi topraqları öz nəzarətində saxladığını, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olduğunu vurğulayıb. Bu zaman çərçivəsində Ermənistan müharibə cinayətləri, soyqırım kimi insanlıq əleyhinə cinayətləri davam etdirib.

Müraciətin sonunda Müvəkkil Səbinə Əliyeva 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan silahlı qüvvələrinin mütəmadi surətdə ölkənin müxtəlif şəhərlərini, Gəncə, Beyləqan, Tərtər, Yevlax, Füzuli rayonunun Horadiz şəhərlərini, oradakı mülki şəxsləri və obyektləri ağır artilleriyadan atəşə tutduğunu, 07 oktyabr tarixində isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket atəşi ilə hədəfə almaqla, nəinki bütövlükdə regionun, hətta Avropa ölkələrinin də enerji təhlükəsizliyinə böyük təhlükə yaratdığını qeyd edib.

Müraciətdə habelə Müvəkkil tərəfindən beynəlxalq təşkilatlara baş vermiş hücumlar nəticəsində mülki əhalinin pozulmuş hüquqlarına dair müxtəlif bəyanatlar ünvanlandığı, o cümlədən məlum hadisələrlə bağlı yerində fakt-araşdırıcı missiyalar həyata keçirildiyi və onlar əsasında toplanmış dəlillərdən istifadə edilməklə, hesabatlar hazırlanıb göndərildiyi bildirilib.

Sonda ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünün bərpası uğrunda əks-hücum əməliyyatları apardığını nəzərə alaraq, BMT Qətnamələrini kobudcasına pozan Ermənistandan bu işğala son qoymağı tələb etməyə, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin geri qaytarılmasının təmin edilməsi məqsədilə beynəlxalq QHT-ləri münaqişə ilə bağlı hesabatlar hazırlayan zaman ədalətli olmağa və ikili standartlara yol verməməyə çağırıb.