Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib
  • Toplum
  • 10 Oktyabr 2020 17:12
  •  3 627

Oktyabrın 12-dən qripə qarşı peyvəndə start veriləcək

Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib

Səhiyyə Nazirliyi qrip peyvəndi ilə bağlı məlumat yayıb.

AzNews.az-a daxil olan məlumatda bildirilir ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.

COVID-19 pandemiyasının davam etdiyi müddətdə digər respirator xəstəliklərlə yanaşı həm də mövsümi qrip xəstəliyinə yoluxmamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir.

Diqqət yetirilməli ilk məqam immunitetin möhkəmləndirilməsinə nail olmaqdır ki, bunun üçün düzgün qidalanmaya riayət etmək lazımdır. Vitaminlərlə zəngin meyvə-tərəvəzlərin qida rasionuna daxil edilməli, qapalı məkanların tez-tez havalandırılmalı, tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmalı və fiziki məsafənin qorunmasına diqqət yetirməlidir.

Bununla yanaşı qrip xəstəliyinin qarşısının alınması üsullarından biri də vaksinasiyadır. Məhz bu vaksinasiyanın ölkəmizdə də aparılması məqsədilə Səhiyyə Naziri müvafiq əmr imzalayıb. Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib.

Oktyabrın 12-dən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək. Bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər.

Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.

Kampaniya 1 ay müddətində davam edəcək.

Qeyd edək ki, peyvənd pulsuz olacaq. Artıq yerlərdə hazırlıq işləri tamamlanıb.

Lakin bununla yanaşı digər profilaktik tədbirlərin də aparılması çox önəmlidir. Bu ilin payız-qış mövsümündə belə kompleks yanaşma ilə respirator infeksiyalarla xəstələnmə göstəricilərində epidemioloji stabilliyin əldə olunmasına nail oluna bilər.