Dünya vəkillərinə müraciət olundu

Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatı davam edir

Vəkillər Kollegiyası dünya vəkillərinə müraciət ünvanlayıb.

AzNews.az-a daxil olan müraciətdə bildirilir ki, sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatı davam edir.

"Bu müddət ərzində Ermənistan silahlı birləşmələri tərəfindən beynəlxalq humanitar hüquq kobudcasına pozularaq Ermənistan ərazisindən Azərbaycan əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələri, mülki obyektlər və strateji enerji infrastrukturları məqsədyönlü şəkildə raket atəşinə məruz qalmış və ciddi ziyan görmüş, qadağan olunmuş silah və sursatlardan istifadə edilmiş, münaqişəyə müxtəlif yerlərdən terrorçu qruplaşmalar cəlb edilmiş, iki dəfə razılaşdırılmış və elan olunmuş humanitar atəşkəs pozulub.

Kollegiya hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 150-dən çox beynəlxalq təşkilata ünvanlayaraq, Ermənistan tərəfindən həyata keçirilən müharibə cinayətlərinə qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb.

Bundan əlavə, beynəlxalq media nümayəndələrinin və Ermənistan rəsmilərinin səsləndirdiyi iddialara Azərbaycan Vəkillər Kollegiyasının cavabı da həmin müraciətə əlavə olunub".