• Toplum
  • 11 İyun 15:16
  •  1 922

Dəniz havası uşaqlara necə təsir edir?

Dəniz havası təbii antioksidantdır

“Yay aylarında uşaqlarınızla 3-4 həftə hər gün dəniz sahilində dincəlmək məsləhətdir. İlk 1-2 həftə iqlim şəraitinə uyğunlaşmaya sərf olunacaq və bundan sonra bərpa başlayacaq”.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu pediatr Ülkər Məhərrəmova “Dəniz havası uşaqlara necə təsir edir?” sualını cavablandırarkən deyib.

Pediatr qeyd edib ki, dəniz havası təbii antioksidantdır:

“Dəniz üzərində ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir. İnsan orqanizminin oksigenlə doyması gərginliyi azaldır, iş qabiliyyətini artırır, yuxunu yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, pozitiv emosiyalar bəxş edir və insanı cavanlaşdırır.

Dəniz atmosferində olan yod qalxanabənzər vəzini stimullaşdırır və uşağın zehni qabiliyyətini yaxşılaşdırır, karbohidrat mübadiləsini normallaşdırır. Dəniz sahilindəki hava sudan buxarlanmış müxtəlif faydalı maddələr və elementlərlə zəngindir. Hər bir valideyn dəniz havasının uşaqlar üçün faydalarını bilməlidir. Dəniz kənarında gəzintilər və istirahət payız-qış aylarında uşaqların virus xəstəliklərinə qarşı müqavimətini artırmağa kömək edir”.

Həkimin sözlərinə görə, günəş şüaları ilə bağlı bəzi vacib məqamları unutmaq olmaz:

“Orqanizmdə D vitamini günəş şüalarının təsiri ilə sintez olunur. Uşaqlarda D vitamini çatışmazlığının raxit xəstəliyinin başlıca səbəbi olduğunu valideynlər bilir.

Ona görə də, günəş şüaları almaq üçün uşaqların dəniz sahilində səhər saat 11-ə qədər gəzib-əylənməsi məsləhətdir. Belə ki, günün ən qızmar vaxtında və ya uzun müddət günəş altında qaldıqda dərinin yanması, günvurma və s. kimi fəsadlar yarana bilər. Saat 11-dən sonra uşaqların kölgəlik olan yerlərdə dincəlməsi, gün batana yaxın və daha sonra yenə açıq sahildə əylənməsi tövsiyə edilir”.
Dəniz sahilində müntəzəm gəzintilər zamanı orqanizmdə maddələr mübadiləsi sürətlənir. Dəniz havası həmişə təmiz olur, bu havada toz və allergenlər olmur. Bir sözlə, şəfa mənbəyi olan dənizin suyundan və havasından faydalanın və uşaqlarınızın immunitetini möhkəmləndirin, onların sağlam böyüməsinə şərait yaradın.