• Toplum
  • 21 Yanvar 19:15
  •  2 191

Şəhid ailələrindən olan xanımların təhsilinin davam etdirilməsi dəstəklənəcək

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib

Aznews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, gündəliyə 2021-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabat, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı və cari məsələlər daxil edilib.

Komitənin 2022-ci ilin yaz sessiyasında işlər planının təqdimatında Hicran Hüseynova bildirib ki, qarşıdakı sessiyada komitəyə daxil olan sənədlərin, müraciətlərin, qanun layihələrinin müzakirəsi və ekspertizası, ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi, müvafiq müzakirələrin və dinləmələrin təşkil edilməsi nəzərdə tutulub.

Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlardan Tamam Cəfərova, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Könül Nurullayeva, Sevil Mikayılova, Nigar Arpadarai komitənin ötən sessiyadakı işi və yaz sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.

Deputatlar komitənin 2021-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatını məqbul sayıblar və 2022-ci ilin yaz sessiyası üçün işlər planını təsdiq ediblər.

Sonra iclasda cari məsələlərin müzakirəsi başlanıb. Komitə sədri Hicran Hüseynova, komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Ramin Məmmədov, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

Müzakirələrdə ailə məsələləri, qadın və uşaq hüquqlarının təmin edilməsinin aktual məsələləri nəzərdən keçirilib. Deputatlar qadınların məşğulluğu, şəhid ailələrindən olan xanımların təhsilinin davam etdirilməsinin dəstəklənməsi, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı fikirlərini səsləndiriblər.

Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası başa çatıb.