• Toplum
  • 25 Aprel 2023 09:00
  •  6 616

Köhnə binalarda monitorinqlərin aparılması yaxşı olar - Ekspert

“Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli ötən gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev fikir bildirib.

O deyib ki, Bakıda binaların bir çoxunun istismar müddəti bitib:

“Sözügedən binalar təxmini 60 il əvvəl tikilib. Nəinki fövqəladə hal, zəlzələ, hətta bu binaların divarlarında evdə və yaxud qonşuda tikinti işləri görüldükdə belə çatlar əmələ gəlir, onların uçması kimi hallar baş verir. Bütün bunlar təhlükəli hesab olunur. Ona görə də köhnə tikili binalarda monitorinqlərin aparılması yaxşı olar”.

E.Nurəliyev qeyd edib ki, işə təhlükə riski yüksək olan binalardan başlanması təqdirəlayiq layihədir:

“Köhnə tikili binalarda həyətyanı meydançaların, yanğın təhlükəsizliyinə dair olan qurğular, ehtiyatsızlıq çıxışlarının olmaması problem yaradan məsələlərdən biridir. Yeni layihələrdə isə bu kimi qaydalara riayət olunduğu üçün insanların həyat və təhlükəsizliyini təmin edir. Yaxın gələcəkdə bu layihə baş tutarsa, istimar müddəti başa çatmış binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısı alına bilər”.

Ayan Rzayeva,

AzNews.az