- Toplum
- 3 İyul 16:47
- 986
DİM şikayətləri başından sovmaq istəyir - ŞƏRH

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.”
— Dövlət İmtahan Mərkəzinin rəsmi xəbərdarlığından
Son illərdə Dövlət İmtahan Mərkəzinə edilən apellyasiya müraciətlərinin sayında kəskin artım müşahidə olunur. Bu artım təkcə texniki ya da psixoloji səbəblərlə izah oluna bilməz. Çünki bu müraciətlər artıq vahid bir tendensiyaya çevrilib- cəmiyyətin imtahan sisteminə, onun qiymətləndirmə mexanizminə və şəffaflıq dərəcəsinə olan artan narazılığı, hətta etimadsızlığına işarə edir. Əgər apellyasiya prosesində iştirak əvvəllər bir seçim idisə, indi bir çox abituriyent və valideyn üçün ədaləti bərpa etməyin, bəzən isə ümumiyyətlə səs hüququ əldə etməyin son şansı kimi qəbul edilir. Belə bir mühitdə DİM-in mövqeyi daha çox müdafiə xarakteri daşıyır. Qurum öz açıqlamalarında müraciətlərin əhəmiyyətli bir qisminin əsassız olduğunu, bir çox ərizəçinin isə tapşırığa ümumiyyətlə cavab vermədiyini, yaxud meyarlarla tanış olmadan apellyasiya istədiyini bildirir. Məsələ ondadır ki, bu iddia texniki baxımdan əsaslı görünə bilər, lakin sosial reallıqda fərqli nəticələr doğurur.
Əvvəla, burada sadəcə “tapşırığa cavab verməyən” 15%-in deyil, digər 85%-in durumuna baxmaq lazımdır. Onların müraciətləri nə dərəcədə haqlıdır? Onların şikayətləri hansı səbəbdən yaranır? DİM bu 85%-in içində olan əsaslandırılmış narazılıqlara hansı səviyyədə və hansı kriteriyalarla baxır? Əgər texniki qüsur üzündən haqlı şikayətlər də eyni “filtrdən” keçərək rədd edilirsə, bu zaman sistem formaya sadiq qalıb məzmunu itirmiş olur.
Digər tərəfdən, DİM-in tətbiq etdiyi yeni texniki şərtlər — müraciət formalarının daha detallı, çoxpilləli və formatlı şəkildə doldurulması tələbləri — praktiki olaraq apellyasiya hüququnu çətinləşdirir.
Beləliklə, haqlı iddia texniki savadsızlıq, ya da sistemin mürəkkəbliyi səbəbilə süzgəcdən keçə bilmir. Ədalətli qiymətləndirmə isə yalnız nəticənin yox, prosesin də ədalətli olması ilə mümkündür.
DİM bu artan apellyasiya dalğasını sistemə qarşı olan qeyri-obyektiv basqı kimi yox, imtahan sisteminin özündə olan problemlərin göstəricisi kimi dəyərləndirməlidir. Qurumun bu artımı sadəcə rəqəmlərlə izah etməsi və statistik yükdən qurtulmaq üçün texniki baryerlər formalaşdırması, problemin sosial-siyasi mahiyyətini nəzərə almamaq deməkdir. Halbuki abituriyentin və ya şagirdin müraciəti sadəcə şəxsi nəticə ilə bağlı deyil, onun təhsil sisteminə olan münasibətinin göstəricisidir. Bu müraciətlərdə əks olunan narazılıq bütövlükdə qiymətləndirmə sisteminin, onun obyektivlik prinsiplərinin, ekspertlərin cavabları necə oxuyub anladığının, texnoloji dəqiqliyin və insan faktorunun birgə qarşılıqlı münasibətinin aydın təzahürüdür.
Əgər DİM cəmiyyətin inamını qorumaq istəyirsə, ilk növbədə bu müraciətləri azaltmağı yox, onların doğma səbəblərini anlamağı qarşısına məqsəd qoymalıdır. Apellyasiya sistemi texniki “filter” deyil, ədalətin bərpası üçün yaradılmış hüquqi bir mexanizmdir. Onun süni şəkildə çətinləşdirilməsi, texniki detallarla hüququn qarşısının alınması, daha çox inamsızlıq yaradır və nəticədə təhsil sisteminə olan etibarı zədələyir. Beləliklə, müraciətlərin sayını azaltmaq deyil, onların sayını doğuran səbəbləri aradan qaldırmaq əsas hədəf olmalıdır. Yoxsa “müraciətə baxılmayacaq” xəbərdarlıqları yalnız səssiz narazılıqların sayını artıracaq.
Zeynal ABDİN,
AzNews.az