- Toplum
- 18:19
- 1 584
Avtoxuliqanlıq edən moped sürücülərinə cərimə və inzibati həbs tətbiq ediləcək
Avtoxuliqanlıq edən moped sürücüləri cərimələnəcək.
Aznews.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin dekabrın 5-də keçirilən birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, avtoxuliqanlıq, yəni mopedin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə cərimə tətbiq ediləcək.
Belə ki:
aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə,
nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə,
nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə (yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu maddəsinin qüvvəsi şamil edilməyəcək)
nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.