- Toplum
- 13:52
- 1 383
Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Bundan başqa, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 3-cü bəndə əsasən, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
İnzibatı Xətalar Məcəlləsinın 410-cu maddəsində də bununla əlaqədar dəyişikliklər nəzərdə tutulur. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində” müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.