Yeni Zellandiyada daha bir kütləvi balina ölümü qeydə alınıb Yeni Zellandiyada daha bir kütləvi balina ölümü qeydə alınıb

145 balina intihar etdi...

Yeni Zellandiyada daha bir kütləvi balina ölümü qeydə alınıb

Yeni Zellandiyanın Stüart adasının sahilinə çıxan və dənizə qayıda bilməyən 145 pilot balina tələf olub.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 145 balina naməlum səbəblə ölkənin cənubundakı Rakiura/Stüart adasının sahilinə çıxıb.

Rakiura Əməliyyat müdiri Ren Leppens, Mason körfəzinin cənubunda sahilə çıxan balinaları tapanda çoxunun ölü olduğunu, sağ qalan, lakin xilas edilməsi mümkün olmayan balinalara da evtanaziya tətbiq etdiklərini açıqlayıb.

Evtanaziyaya görə məyus olduqlarını, ancaq bu cür vəziyyətlərdə lazımlı olduğunu bildirən Leppens, “Təəssüf ki, sağ qalan balinaları təzədən üzdürmək demək olar ki, mümkün deyildi”, - deyib.

Balinaların sahilə çıxmasının səbəbi tam bilinməsə də bəzi faktorlar aşkarlanıb. Bu faktorlar arasında, dənizin coğrafi xüsusiyyətləri, suların səviyyəsinin sürətlə qalxıb enməsi, ovçular tərəfindən qovalanmaq, qruplarındakı xəstə balinanı qorumağa çalışmaq və ya şiddətli hava şəraiti var.

Qeyd edək ki, dünyada balinaların sahilə çıxmasının ən çox olduğu ölkələrdən biri olan Yeni Zellandiyadır. Belə ki, Qızıl Körfəz sahilində 2017-ci ilin fevral ayında sahilə çıxan 450 pilot balinanın 70%-i, 2009-cu ildə isə Çatham adaları yaxınlığında sahilə çıxan 100-dən çox pilot balina tələf olub.

Balinaların belə kütləvi şəkildə sahilə çıxmasını "balina intiharı" da adlandırırlar.

Pərvanə AĞAZADƏ
AzNews.az