Yaponiya Cənubi Koreyaya qəti etirazını bildirdi

Səkkiz deputat adalar qrupuna noyabrın 26-da səfər edib.

Yaponiyanın Xarici İşlər Nazirliyi (XİN) cənubi koreyalı bir qrup deputatın Yapon dənizində yerləşən Takeşima adalarına səfərinə görə Koreya Respublikasına qəti etirazını bildirib.

Koreya Respublikası parlamentinin səkkiz deputatdan ibarət partiyalararası qrupunun üzvləri həmin adalar qrupuna noyabrın 26-da səfər ediblər. Səfərin məqsədi təhlükəsizlik xidməti üçün yeni bərpa olunan obyektə baş çəkmək və şəxsi heyəti həvəsləndirməkdən ibarət olub.

Həmin adalar qrupu Koreya Respublikasının nəzarəti altında olsa da, Yaponiya da bu adalara iddialıdır. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar ölkənin ayrılmaz tərkib hissəsidir.

Yaponiya XİN-in Asiya və Okeaniya işləri departamentinin rəhbəri Kenci Kanaşuqi Koreya Respublikasının Tokiodakı səfirliyinin yüksəksəviyyəli əməkdaşına etiraz məktubunu təqdim edib. Bildirib ki, qanunvericilərin səfəri Yaponiyanın bu adalar üzərində suverenliyi barədə mövqeyi baxımından qətiyyən yolverilməzdir. Yaponiyanın Seuldakı səfirliyi də eyni etirazı Koreya Respublikasının Xarici İşlər Nazirliyinə çatdırıb.

Son vaxtlar Yaponiya ilə Koreya Respublikası arasında münasibətlər tarixi keçmişə aid məsələlərə görə xeyli gərginləşib.

Ötən həftə Seul müharibə vaxtı “əyləncə üçün qadınlar”a yardım məqsədilə Yaponiya ilə birgə təsis olunmuş fondun ləğvi barədə qərar qəbul edib. Yaponiya həmin fondun yaradılmasına 9 milyon dollara yaxın vəsait ayırmışdı.(AZƏRTAC)

© AzNews.az