Ev muzeyində yazıçıya məxsus 22 min şəxsi əşya və sənəd saxlanılır. Ev muzeyində yazıçıya məxsus 22 min şəxsi əşya və sənəd saxlanılır.

Kubada Ernest Heminquey Mərkəzi açıldı

Ev muzeyində yazıçıya məxsus 22 min şəxsi əşya və sənəd saxlanılır.

Kuba Mədəni İrs Şurasının və ABŞ-ın "Finca Vigia" Fondunun birgə təşkilatçılığı ilə Havana ətrafında yazıçı Ernest Heminqueyin (1899-1961) adada qalmış əsər və sənədlərinin bərpası və qorunub saxlanılması Mərkəzi açılıb.

TASS agentliyi xəbər verir ki, Nobel mükafatı laureatının ev-muzeyi yanında yerləşən sənədlərin bərpası üzrə emalatxana rütubət səviyyəsi müxtəlif olan bir neçə laboratoriya və saxlama yeri, habelə xüsusi temperatur rejimli sistemlərlə təchiz edilib.

Açılış mərasimində iştirak edən ABŞ konqresmeni Ceyms Makqovern deyib: "Siyasi ixtilaflara baxmayaraq, Heminquey şəxsiyyəti Kuba ilə ABŞ münasibətlərində müsbət məqamın təcəssümüdür. Biz bir yerə toplaşanda, bir yerdə işləyəndə son dərəcə gözəl və yaxşı işlər görə bilirik. Kubaya ticarət embarqosu tətbiq edilməsəydi, layihəni həyata keçirmək xeyli asan olardı".

1954-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Ernest Heminquey çoxsaylı roman və hekayələrin müəllifidir. Onun yaradıcılığı XX əsrin ədəbiyyatına böyük töhfə verib. Yazıçı 21 il Kubada yaşayıb və burada "Əcəl zəngi", "Qoca və dəniz" əsərlərini yazıb.

1961-ci ildə Heminqueyin vəfatından sonra onun dul xanımı Meri Uelş yazıçının yaşadığı "Finca Vigia" malikanəsini və onun əmlakını Kuba hökumətinə sərəncamına verib. Bundan dərhal sonra – 1962-ci il iyulun 21-də burada muzey açılıb. Ev muzeyində yazıçıya məxsus 22 min şəxsi əşya və sənəd, o cümlədən kitablar, ov qənimətləri, disklər, silah, dəftərxana ləvazimatı, fotoşəkillər, yazı makinası, onun «Pilar» adlı yaxtası saxlanılır.(AZƏRTAC)

AzNews.az